YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnnovativ inkişaf modeli

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Fevralın 11-də Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə geniş və proqram xarakterli çıxış edib. Dövlət başçısı çıxışında rəqəmsallaşmanın müasir dövrdə ölkələrin davamlı inkişafı, iqtisadi rəqabət qabiliyyəti və idarəetmə effektivliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

İlk olaraq Prezident ölkənin ümumi inkişaf dinamikasına nəzər salıb, son illərdə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə ətraflı danışıb. Bildirilib ki, Azərbaycan uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra olunur, ölkənin beynəlxalq nüfuzu isə durmadan artır.

Müşavirədə insan kapitalının inkişafı məsələsinə xüsusi diqqət yetirilib. İnformasiya texnologiyaları sahəsində ixtisaslı kadr hazırlığının genişləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində müasir proqramların tətbiqi, innovasiya və startap ekosisteminin dəstəklənməsi rəqəmsal transformasiyanın əsas komponentləri kimi dəyərləndirilib. Qeyd olunub ki, bu gün Azərbaycan dünyanın aparıcı güc mərkəzləri ilə imzalanmış strateji tərəfdaşlıq formatında əməkdaşlıq edən nadir ölkələrdəndir. Bu yanaşma ölkənin həm siyasi, həm də iqtisadi müstəvidə müstəqil və çoxşaxəli əməkdaşlıq modelini uğurla həyata keçirdiyini göstərir. Strateji tərəfdaşlıq sazişləri qarşılıqlı hörmət və milli maraqlara əsaslanmaqla enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal transformasiya, təhlükəsizlik və investisiya sahələrində əməkdaşlığın dərinləşməsinə şərait yaradır.

Çıxış zamanı Prezident vurğulayıb ki, qlobal miqyasda sürətlə inkişaf edən texnologiyalar yeni çağırışlar və imkanlar yaradır. Bu baxımdan Azərbaycanın rəqəmsal transformasiya prosesini sistemli və koordinasiyalı şəkildə həyata keçirməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planının əsas məqsədi dövlət idarəçiliyində şəffaflığın artırılması, qərarların qəbulunda operativliyin təmin olunması, dövlət xidmətlərinin əlçatanlığının genişləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsidir. Plan eyni zamanda dövlət qurumları arasında məlumat inteqrasiyasının gücləndirilməsini, rəqəmsal platformaların vahid sistem üzərində qurulmasını və müasir texnoloji həllərin tətbiqini nəzərdə tutur. Yeni rəqəmsal arxitektura dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin etməklə yanaşı, ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının mühüm dayaqlarından biri kimi çıxış edir.

Dövlət başçısı vacib strateji istiqamətləri açıqlayaraq növbəti illərdə inkişaf kursunun əsas konturlarını müəyyənləşdirib, prioritetləri və uzunmüddətli hədəfləri aydın şəkildə ortaya qoyub. Qarşıdakı dövrdə əsas məqsəd dayanıqlı iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun daha da gücləndirilməsi və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir.

Bu kontekstdə innovativ idarəetmə mexanizmlərinin tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və dövlət xidmətlərinin daha çevik və şəffaf model üzərində qurulması əsas prioritetlər kimi müəyyən edilib. Vurğulanıb ki, müasir çağırışlara adekvat cavab vermək üçün idarəetmədə çeviklik, texnoloji yeniliklərin tətbiqi və insan kapitalının inkişafı xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda sosial siyasətin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, regionların balanslı inkişafı və innovasiya ekosisteminin genişləndirilməsi qarşıdakı mərhələnin mühüm istiqamətləri kimi göstərilib. Qeyd olunub ki, həyata keçiriləcək islahatlar və strateji layihələr vətəndaş məmnunluğunu artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini də daha da möhkəmləndirəcək.