Xəbərlər
Sülh, sabitlik və iqtisadi inteqrasiya prioritetləri
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Azərbaycan bu gün nadir ölkələrdəndir ki, dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə bu günlərdə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu üstünlüyümüz əsaslı şəkildə diqqətə çatdırıldı. Cənab İlham Əliyev fevralın 10-da ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”na diqqəti yönəltdi. Vurğuladı ki, bu Xartiya tarixi bir sənəddir: “Bu, artıq mətbuatda da dərc edilib, hər kəs görə bilər nədən ibarətdir, o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür”.
Azərbaycanın, eyni zamanda, Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Dövlətimizin başçısı onu da qeyd etdi ki, təbii ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabət apara bilməzlər, onlardan bəlkə ən azı bir nəsil geridədirlər. Ancaq orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir. Diqqəti, həmçinin keçən il Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədinin imzalanmasına da yönəldən Prezident İlham Əliyev bir daha vurğuladı ki, bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Bu, bizim üstünlüyümüzdür. Ona görə bundan istifadə etməmək tamamilə qəbuledilməzdir: “Bütün bunları nəzərə alaraq, artıq bir müddət bu istiqamətdə işlərin vahid koordinasiyası ilə bağlı məsələlər müzakirə edilir, mənim göstərişimlə bu məsələlər ətrafında fikir mübadiləsi aparılır, bu gün isə mənim sədrliyimlə. Nəzərə alsaq ki, bu məsələ qeyd etdiyim kimi, prioritet təşkil edir, mənim sədrliyimlə bugünkü müşavirədə biz görüləcək işlərlə bağlı konkret fəaliyyət planının hazırlanmasına başlamalıyıq. Tezliklə onu başa çatdırmalıyıq və beləliklə, bu sahəyə daha güclü təkan verməliyik”.
Hazırkı dövrün əsas çağırışı olan rəqəmsal inkişafın səmərəli təşkili üçün dövlət qurumları arasında sıx koordinasiya əsas şərt kimi müəyyən edilib. Müşavirədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qısa müddətdə konkret tədbirlər planının hazırlanması tapşırıldı: “Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır və mənə təqdim edilməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”.
Hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxsin müəyyənləşdirilməsi idarəetmədə operativliyi, səmərəliliyi artıracaq. Dövlət xidmətlərinin vahid mərkəzdən – “mygov” platforması üzərindən həyata keçirilməsi vətəndaşlara rahatlıq və şəffaflıq təmin edəcək. Rəqəmsal transformasiya uzunmüddətli prosesdir. Bu prosesin əsas hədəflərindən biri də kadr hazırlığıdır. Ali təhsil müəssisələrində və xaricdə təhsil proqramlarında süni intellekt, proqramlaşdırma və kibertəhlükəsizlik ixtisaslarının genişləndirilməsi zəruridir. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi: “Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir”.
