Xəbərlər
Rəqəmsallaşma siyasəti: effektivlik və şəffaflıq prinsipləri
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Ölkəmizin əsas hədəflərindən biri rəqəmsal inkişafa nail olmaq üçün yeni prioritetlərin müəyyənləşdirilməsi, kompleks tədbirlərin həyata keçirilməsidir. Cənab İlham Əliyev bildirdi ki, dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir. O da qeyd edildi ki, bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var. Bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir.
Azərbaycanın təkmil idarəçilik sistemi daim beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrası, azad edilmiş ərazilərimizdə müasir idarəçilik sisteminin tətbiqi və gələcəkdə bu strategiyanın digər regionlarımızda da həyata keçirilməsinin nəzərdə tutulması ölkəmizin mühüm üstünlükəri sırasındadır. Çünki vətəndaş məmnunluğunun təmin edilməsinin dövlətimizin siyasətində prioritet məsələ olması beynəlxalq səviyyədə yükdək dəyərləndirilir. Cənab İlham Əliyev müşavirədə “Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar” söyləyərək onu da əlavə etdi ki, bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir: “İndi buna nə qədər vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin”.
Cənab İlham Əliyev müşavirədə Azərbaycanın üstünlükərindən geniş bəhs etdi. Ölkəmiz onlardan səmərəli istifadə etməklə, böyük enerji və infrastruktur bazasına, beynəlxalq tərəfdaşlığa və investisiya imkanlarına söykənərək rəqəmsal transformasiya sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir. Yeni fəaliyyət planı bu hədəflərə yüksək səviyyədə nail olmağa stimul verəcək. Cənab İlham Əliyev müşavirədə yeni hədəflərdən, rəqəmsal inkişafdan geniş bəhs edərək bir daha bu çağırışı etdi ki, bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır: “Hesab edirəm ki, bugünkü müşavirə və bu məsələnin Prezidentin nəzarəti altında olması bizim bir çox tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizdə olan imkanlar nədən ibarətdir? Mənim sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər indi siz tərəfdən də çatdırılmalıdır ki, biz bu sahəyə güclü təkan verək. Qeyd etdiyim kimi, fəaliyyət planı hazırlanmalıdır və mənə təqdim edilməlidir”.
