YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığa daha bir töhfə

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ölkəmizdə rəsmi səfərdə oldu. Səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Dövlət başçısı İlham Əliyev ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşdə bildirdi ki, biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda Prezident Donald Trampla iki görüşüm olub. Bu görüşlər və Vitse-prezident Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir. Cənab İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, səfər güclü əməkdaşlığımıza daha bir töhfə olacaq.   Hər bir səfərin əhəmiyyətini təsdiqləyən mühüm amillərdən biri, təbii ki, imzalanan sənədlərdir. Bu baxımdan səfər zamanı Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərimizin dünəninə və bu gününə baxış əsasında gələcək inkişafın yol xəritəsinin təqdimatı oldu.

Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət göstərmişdi. O dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. Cənab İlham Əliyev Donald Trampın yenidən Prezident seçilməsi münasibətilə təbrik məktubunda bu inamı ifadə etmişdir ki, biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.

Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkənin bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu və bunun üçün real addımlar atdıqlarını nümayiş etdirir. Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti ilə birgə nətbuata bəyanatında bildirdi ki, biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.

Ötən ilin avqust ayında  Vaşinqtonda başlanmış dialoq prosesinin konkret sənədlə nəticələnməsi onu göstərir ki, tərəflər arasında siyasi etimad yüksək səviyyədədir. Regionda formalaşmış yeni sülh mühiti Strateji Tərəfdaşlıq Xartiyasının əsasını təşkil  edir. Mətbuata bəyanayında “Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur” söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, imzalanan Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Bağlantılara gəldikdə, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir.

DİGƏR Xəbərlər Arxiv