YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh və təhlükəsizlik naminə: həmrəyliyə xidmət edən çoxşaxəli əməkdaşlıq

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarələrinin rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən vurğuladığı fikirlər Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun, milli birlik və həmrəyliyin, eləcə də sülh gündəliyinin müxtəlif aspektlərini əhatə edib.

Dövlətimizin başçısı çıxışında nümayəndə heyətinin Qarabağa səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcək dini liderlərin həm 30 illik işğalın nəticələrini, həm də hazırda bölgədə aparılan bərpa-quruculuq işlərini yerində görəcəkləri qeyd olunub. Bu baxımdan səfər yalnız tanışlıq xarakteri daşımır. Eyni zamanda, Azərbaycanın Qarabağla bağlı mövqeyinin, bölgənin keçmişi və bu günü barədə məlumatların beynəlxalq dini və ictimai çevrələrə çatdırılması baxımından da əhəmiyyətlidir.

Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə baş vermiş dağıntılardan, əhalinin məcburi köçkün vəziyyətinə düşməsindən, tarixi-mədəni və dini irsə vurulmuş zərərdən danışıb. 65 məscid tamamilə dağıdılıb, digər dini ibadət yerlərinə də ciddi ziyan vurulub. Dövlətimizin başçısı bu faktları Azərbaycanın yalnız maddi deyil, həm də mənəvi və mədəni irsinə qarşı vurulmuş zərər kontekstində qiymətləndirib. Bu məqam xüsusilə dini liderlərin iştirakı ilə keçirilən görüşdə diqqət çəkir. Qarabağda məscidlər, qəbiristanlıqlar, tarixi abidələr və digər mədəni irs nümunələri də məsələnin mühüm hissəsini təşkil edir.

İkinci Qarabağ müharibəsindən sonra bərpa işlərinə 2021-ci ildən başlanılıb və bərpa edilən ilk obyekt Ağdam məscidi olub. İndiyədək 12 məscid bərpa edilib və bu proses davam etdirilir. Şuşada yeni məscidin inşası da həmin prosesin tərkib hissəsidir. Ağdam məscidinin dini liderlərin görüşünün davam etdiriləcəyi məkan kimi seçilməsi də təsadüfi deyil. Məscid həm Qarabağın tarixi yaddaşının, həm işğalın nəticələrinin, həm də Azərbaycanın bərpa siyasətinin nümunələrindən biri kimi çıxış edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını xalqın birliyi, hərbi fədakarlıq və dövlət siyasətinin nəticəsi kimi təqdim edib. Qarabağın azad edilməsi Azərbaycan xalqı üçün yalnız hərbi nəticə deyil, həm də milli ədalət və tarixi yaddaş məsələsidir. Bu yanaşmada milli birlik xüsusi yer tutur. Dövlət başçısı “bir yumruq kimi birləşmək” ifadəsi ilə vurğuladığı əsas məqam ondan ibarətdir ki, Azərbaycanın keçdiyi tarixi mərhələdə cəmiyyətin müxtəlif təbəqələrinin vahid milli məqsəd ətrafında həmrəyliyi dövlətin qarşısında duran strateji hədəflərin həyata keçirilməsində mühüm amil kimi qiymətləndirilir.

Azərbaycan Prezidenti keçmiş münaqişənin həlli ilə bağlı uzun illər davam edən beynəlxalq diplomatik prosesə də toxunub. Bu proses ərzində problemin həlli üçün müxtəlif formatlarda danışıqlar aparılsa da, davamlı nəticə əldə olunmayıb. Azərbaycanın mövqeyi isə bütün mərhələlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslanıb. Uzunmüddətli diplomatik səylər, aparılan danışıqlar və beynəlxalq platformalarda dövlətimizin ardıcıl mövqeyi məsələnin həlli ilə bağlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm zəmin yaradıb.

Görüşdə qeyd edilən fikirlər Azərbaycanın postmüharibə mərhələsində qarşısında duran əsas prioritetləri bütövlükdə əks etdirir. Bu prioritetlər sırasında ərazi bütövlüyü və suverenliyin bərpası ilə yaranmış yeni reallıqların qorunması, işğal dövrünün nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması, dağıdılmış şəhər və kəndlərin, tarixi, dini və mədəni irsin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, sülh gündəliyinin davam etdirilməsi, eləcə də Türk dünyası və İslam aləmi ilə əlaqələrin daha da möhkəmləndirilməsi xüsusi yer tutur. Bu istiqamətlər Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin kompleks xarakter daşıdığını və regional proseslərə daha geniş müstəvidə yanaşdığını nümayiş etdirir.

Nəticə etibarilə, Türk dünyasının, İslam aləminin və Qafqazın dini liderlərinin Bakıda bir araya gəlməsi tarixi yaddaşın qorunması, milli-mənəvi irsin yaşadılması, dini həmrəyliyin gücləndirilməsi və sülhün təşviqi kontekstində xüsusi əhəmiyyətə malikdir.