YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionun diplomatiya paytaxtı olan Bakı İslam dünyasının dialoq məkanıdır

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Sentyabrın 15-də Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarələrinin rəhbərləri Şurasının VII iclasının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvinin yaradıcılığına həsr olunmuş beynəlxalq konfransın iştirakçılarını qəbul etməsi bu tədbirlərin daşıdığı tarixi, mənəvi və beynəlxalq əhəmiyyəti daha da artırıb. Görüşdə Türk dünyasının ortaq mənəvi dəyərləri, İslam həmrəyliyinin möhkəmləndirilməsi, zəngin tarixi-mədəni irsin qorunması, dini liderlərin sülh və qarşılıqlı anlaşmanın təşviqində rolu ilə bağlı mühüm fikirlər səsləndirilib.

Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi bu platformalarda fərqli coğrafiyaları bir araya gətirən ölkə qismində çıxış edir. Bu xüsusiyyət Bakının dini, mədəni və humanitar dialoq üçün əlverişli məkan kimi rolunu da ön plana çıxarır. Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər də bu prosesin mühüm tərkib hissəsidir. Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif tədbirlərin təşkili ölkənin İslam dünyası ilə əlaqələrinin inkişafına verdiyi önəmi nümayiş etdirir. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının növbəti sammitinin Bakıda keçirilməsinin nəzərdə tutulması da bu istiqamətdə əməkdaşlığın davamlı xarakter daşıdığını göstərən amillərdəndir.

Dini liderlərin bir araya gəlməsi yalnız dini məsələlərin müzakirəsi ilə məhdudlaşmır. Onların cəmiyyətlərdə sülh, qarşılıqlı hörmət, humanizm, tolerantlıq və həmrəyliyin təşviqində mühüm rolu var. Müasir dövrdə dini nüfuzdan istifadə etməklə xalqlar arasında anlaşmanın möhkəmləndirilməsi, qarşıdurmaların qarşısının alınması, müxtəlif dini və mədəni icmalar arasında dialoqun inkişaf etdirilməsi xüsusi aktuallıq daşıyır. Bu baxımdan belə görüşlərin mütəmadi keçirilməsi təşəbbüsü də diqqətəlayiqdir.

Tədbirlər çərçivəsində Azərbaycanın keçdiyi tarixi yol, Qarabağ və Şərqi Zəngəzurda baş verən proseslər də xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir. Şəhidlərin xatirəsinin daim yaşadılması, onların fədakarlığının gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur.

İşğal dövründə şəhər və kəndlərlə yanaşı, Azərbaycanın tarixi-mədəni və dini irsinə də ciddi ziyan vurulması dövlətimizin başçısının çıxışında diqqətə çatdırılıb. Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlara əsasən, işğal olunmuş ərazilərdə 65 məscid tamamilə dağıdılıb, digər dini abidələrə də zərər vurulub. Bu faktlar Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işlərinin yalnız infrastruktur layihələri ilə məhdudlaşmadığını, tarixi və dini irsin də yenidən dirçəldilməsinin qarşıda duran əsas istiqamətlərdən biri olduğunu nümayiş etdirir.

Hazırda Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi ön plana çıxıb. Azərbaycan sülh prosesinə ardıcıl və konstruktiv yanaşma nümayiş etdirir. Lakin tarixi yaddaş gələcəkdə oxşar faciələrin təkrarlanmaması, milli maraqların qorunması və bölgədə davamlı sabitliyin möhkəmləndirilməsi baxımından mühüm amildir. Bu yanaşma Azərbaycanın həm sülhə, həm də tarixi ədalət və milli yaddaş məsələlərinə məsuliyyətli münasibətini ifadə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün sülh var və müharibə dayanıb: “Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək”.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış Proqramı isə müharibədən sonrakı mərhələnin əsas istiqamətlərindən biridir. Artıq 48 şəhər və kənddə məskunlaşma həyata keçirilib, həmin ərazilərdə 90 mindən çox insan yaşayır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, yaşayış məntəqələrinin yenidən qurulması, sosial və iqtisadi infrastrukturun yaradılması bölgənin həyatında yeni mərhələnin formalaşmasına xidmət edir. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri də bu baxımdan xüsusi məna daşıyır. Onların həm işğal nəticəsində törədilmiş dağıntılarla, həm də hazırda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yerində tanış olması Azərbaycanın yaşadığı tarixi proseslərin daha yaxından müşahidəsinə imkan yaradır.

Beləliklə, Bakıda keçirilən tədbirlər Azərbaycanı Türk dünyası, İslam aləmi və Qafqaz region arasında mənəvi-mədəni dialoqun mühüm məkanlarından biri kimi təqdim etməklə yanaşı, sülh, qarşılıqlı anlaşma və əməkdaşlıq ideyalarının təşviqinə xidmət edir.