Xəbərlər
Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
ABŞ-in Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafını təsdiqləməklə yanaşı, həm də regionun gələcəyi baxımından tarixi hadisə kimi dəyərləndirilir.
Ötən ilin avqustunda dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfəri zamanı Prezident Donald Trampla tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Cey. Di. Vensin ölkəmizə səfəri zamanı isə münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi rəsmiləşdirilərək Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. Bu sənəd göstərir ki, Azərbaycan-ABŞ münasibətləri artıq daha geniş geosiyasi kontekstdə inkişaf edir. Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında qarşılıqlı etimadın və uzunmüddətli strateji baxışın təcəssümüdür.
Dövlət başçısı İlham Əliyev bildirdi ki, dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Donald Trampa, Vitse-prezident Cey. Di. Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən il avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Donald Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir.
Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Azərbaycanın xarici siyasət uğurları istər ikitərəfli əməkdaşlıqda, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır. Ölkəmizin çoxşaxəli xarici siyasət kursu böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipləri əsasında faydalı münasibətlər qurmasını şərtləndirir. ABŞ ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar, gələcəyə xidmət edən Strateji Tərəfdaşlıq haqqında Xartiya da bunun bariz nümunəsidir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ABŞ-ın Vitse-prezidentinin ölkəmizə səfəri və əldə olunan uğurlu nəticələr yeni mərhələnin başlanğıcıdır.
