YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncliyi ölkənin sabahının ən möhkəm təminatçısıdır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycanın müasir inkişaf strategiyası artıq təkcə iqtisadi göstəricilər, təbii sərvətlər və maliyyə imkanları ilə məhdudlaşmır. Qlobal rəqabət mühitində əsas üstünlük insan kapitalının səviyyəsi, cəmiyyətin intellektual potensialı və yeniliklərə açıq düşüncə mühiti ilə müəyyən olunur. Elmə, texnologiyaya və innovasiyaya əsaslanan çağdaş dünyada dövlətlərin mövqeyini savadlı, təşəbbüskar və milli dəyərlərə bağlı gənclər formalaşdırır. Sosial dinamizmin qorunması, yaradıcı mühitin inkişafı və müasir çağırışlara uyğunlaşma bacarığı məhz gənc nəslin fəallığından qaynaqlanır. Bu səbəbdən gənclərə göstərilən diqqət sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, uzunmüddətli dövlət strategiyasının əsas istiqamətlərindən biri kimi çıxış edir və sağlam, məsuliyyətli, Vətəninə bağlı gəncliyin formalaşdırılması məqsədyönlü və ardıcıl yanaşma tələb edir.

Ümummilli Lider Heydər Əliyevin “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri Azərbaycanda gənclərə münasibətdə formalaşdırılan dövlət xəttinin ideoloji əsasını təşkil etdi. Bu baxış gəncləri cəmiyyətin passiv təbəqəsi deyil, sosial-iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi kimi təqdim etdi və onların idarəetmə proseslərində, ictimai həyatda, mühüm qərarların icrasında iştirakını stimullaşdırdı. Həm sovet dövründə, həm də müstəqillik illərində gənclərin təhsilinə, sosial müdafiəsinə və vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi önəm verilməsi gələcəyə hesablanmış strateji addımlar idi. Gənclərin ölkənin taleyində aparıcı rol alması üçün institusional mexanizmlər yaradıldı və bu sahədə ardıcıl dövlət proqramları həyata keçirildi.

1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərlə bağlı siyasətin sistemli əsasda qurulmasında mühüm mərhələ oldu. Bu qurum gənclər sahəsində həyata keçirilən fəaliyyətin koordinasiyasını təmin etdi, proqramların vahid strategiya çərçivəsində icrasına şərait yaratdı. 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumu isə gənclərin fikir və təşəbbüslərinin birbaşa dövlət səviyyəsində səsləndirilməsi üçün açıq dialoq mühiti formalaşdırdı. Ardınca 1997-ci ildə fevralın 2-nin Gənclər Günü elan edilməsi postsovet məkanında ilk belə qərar kimi gənclərə verilən yüksək dəyərin rəmzinə çevrildi və dövlətin gənclərə strateji tərəfdaş kimi yanaşdığını nümayiş etdirdi. Sonradan BMT tərəfindən Beynəlxalq Gənclər Gününün təsis olunması bu siyasətin beynəlxalq səviyyədə də aktual olduğunu təsdiqlədi.

Gənclər siyasətinin hüquqi bazasının möhkəmləndirilməsi də prioritet istiqamətlərdən biri oldu. “Dövlət gənclər siyasəti haqqında” qanun və fərmanlar bu sahədə fəaliyyətin çərçivəsini müəyyənləşdirdi, sosial müdafiə mexanizmlərini dəqiqləşdirdi. İstedadlı gənclərin aşkara çıxarılması məqsədilə “Qızıl kitab”ın yaradılması, xüsusi təqaüdlər və mükafatların verilməsi gənclərin stimullaşdırılmasına xidmət etdi. Xarici ali məktəblərə tələbə göndərilməsi ənənəsinin bərpası isə peşəkar kadr ehtiyatının formalaşdırılması baxımından mühüm rol oynadı və 2003-cü ilədək minlərlə gənc dünyanın nüfuzlu universitetlərində təhsil almağa başladı. Bu proses gələcək idarəçi, alim və mütəxəssislərin yetişdirilməsi üçün strateji baza yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə gənclər siyasəti daha da genişlənərək yeni mərhələyə yüksəldi. 2007-ci ilin “Gənclər ili” elan olunması, bölgələrdə “Gənclər evi” mərkəzlərinin yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili və sosial layihələrə cəlb edilməsi bu sahəyə verilən diqqətin miqyasını artırdı. 2011-ci ildə təsis edilən Gənclər Fondu yüzlərlə sosial, elmi və innovativ təşəbbüsün həyata keçirilməsinə imkan yaratdı, Gənclərin İnkişaf və Karyera Mərkəzləri isə peşə hazırlığı və məşğulluq sahəsində mühüm rol oynadı. “Yüksəliş” müsabiqəsi idarəçilik potensialı olan gənclərin üzə çıxarılması üçün effektiv mexanizmə çevrildi, könüllülük hərəkatının genişlənməsi və 2020-ci ilin “Könüllülər ili” elan olunması isə gənclərin sosial məsuliyyətini və ictimai fəallığını daha da gücləndirdi.

Təhsil sahəsində aparılan məqsədyönlü siyasət insan kapitalının inkişafında əsas sütunlardan biridir. Xaricdə təhsil proqramları çərçivəsində minlərlə gəncin dünyanın aparıcı universitetlərində oxuması müasir bilik və texnologiyaların ölkəyə gətirilməsinə şərait yaratdı, 2022–2028-ci illəri əhatə edən proqram isə bu prosesin davamlılığını təmin edir. Xaricdə təhsil alan gənclər eyni zamanda Azərbaycanın beynəlxalq mühitdə qeyri-rəsmi təbliğatçılarına çevrilərək milli maraqların müdafiəsində fəallıq göstərirlər. İdman sahəsində yaradılan müasir infrastruktur, onlarla olimpiya kompleksinin inşası və beynəlxalq yarışlarda qazanılan medallar sağlam nəslin formalaşdırılmasına yönəlmiş siyasətin real nəticələrini ortaya qoyur.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması isə dövlət strategiyasının ayrılmaz hissəsidir və Vətən müharibəsi dövründə gənclərin göstərdiyi qəhrəmanlıq bu siyasətin ən parlaq ifadəsinə çevrildi. Ön cəbhədə döyüşən, arxa cəbhədə informasiya mübarizəsi aparan gənclər milli həmrəyliyin və dövlətə bağlılığın simvolu oldular. Prezident İlham Əliyevin çıxışlarında da vurğulandığı kimi, Zəfərin əsas yükünü məhz gənc nəsil daşıdı və onların illərlə aparılan məqsədyönlü tərbiyə nəticəsində formalaşmış vətənpərvərlik ruhu tarixi ədalətin bərpasına gətirib çıxardı. Bütün bu faktlar göstərir ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti ayrı-ayrı tədbirlərlə məhdudlaşmır, təhsil, innovasiya, məşğulluq, sosial fəallıq və milli-mənəvi dəyərləri vahid sistemdə birləşdirən kompleks inkişaf modelidir. Bu gün formalaşan savadlı, təşəbbüskar və müasir düşüncəli Azərbaycan gəncliyi isə ölkənin sabahının ən möhkəm təminatçısı kimi çıxış edir.