YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan gəncliyi milli maraqların ideoloji təminatı, strateji gücüdür!”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncliyi milli maraqların ideoloji təminatı, strateji gücüdür!” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Milli Məclisin deputatları Göydəniz Qəhrəmanov və Ülvi Quliyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən əvvəl YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 2 Fevral - Azərbaycan Gəncləri Gününün əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi olduğunu bildirib. Qeyd edilib ki, bu sahədə həyata keçirilən tədbirlər gənclərin mənəvi, fiziki və psixoloji hazırlığının gücləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. O vurğulayıb ki, bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərlərdə Azərbaycan gənclərinin fəal mövqeyində öz əksini tapıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin fiziki, intellektual və mənəvi inkişafında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə geniş imkanlar yaradır. O, 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlığın xalqımızın tarixində əbədi yer aldığını xüsusi vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Arzu İsgəndərzadə və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Heydər Əliyev məktəbinin direktoru Sənan Hüseynov çıxış edərək bildiriblər ki, Azərbaycan Gəncləri Günü gənclərin ictimai-siyasi və mədəni həyatda rolunu ön plana çıxaran əlamətdar gündür. Qeyd olunub ki, dövlətin gənclərə göstərdiyi qayğı onların potensialının reallaşdırılmasına və ölkənin gələcəyinin möhkəm təməllər üzərində qurulmasına xidmət edir.

Çıxışlardan sonra bir qrup fəal gəncə fəxri fərman təqdim edilib, partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri verilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.