Xəbərlər
Ucarda şəhidin anım mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Elçin İsmayılovun atası Mübariz İsmayılov, rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Səfərov, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Niyaz Xəlilov, “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin rayon təşkilatının sədri Rahib Rəsulovun iştirakı ilə Ucar rayonundakı Şəhidlər xiyabanında şəhid Mübariz Mövsüm oğlu Vəliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə şəhid məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub.
Tədbir iştirakçıları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlər haqqında xatirələrini danışıblar. Qeyd olunub ki, Mübariz Vəliyev 31 yanvar 1961-ci ildə Ucar rayonunun Küçəkənd kəndində anadan olub. O, Küçəkənd kənd orta məktəbini bitirib. 1979-1981-ci illərdə Sovet ordusunda xidmət edib. 1992-ci ilin yanvar ayında könüllü olaraq Qarabağın azadlığı uğrunda mübarizəyə qoşulub. Mübariz 11 may 1992-ci il tarixində Tərtər rayonunun Mərquşavan kəndində şəhidlik zirvəsinə ucalan ilk ucarlı olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Küçəkənd kənd orta məktəbinə Mübariz Vəliyevin adı verilib.
Şəhid Mübariz Vəliyevin bacısı Məhəbbət Vəliyeva bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.
