Xəbərlər
Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Davos Dünya İqtisadi Forumunun hər il keçirilən toplantısı həm müzakirəyə çıxarılan məsələlərin aktuallığı, eyni zamanda, iştirakçıların say tərkibində artım ilə diqqətdə olur. Bu, onu göstərir ki, iqtisadi xarakter daşımasına baxmayaraq Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.
Dövlət başçısı İlham Əliyevin 2007-ci ildən başlayaraq Forumda mütəmadi iştirakı bu nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərinin, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat, enerji layihələrinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Bu dəfə əsas diqqət göstərilən məsələ təbii ki, 2025-ci ilin tarixi sülh razılaşması oldu. Dövlət başçısı İlham Əliyev Davosda həm “Euronews” televiziyasına müsahibəsində, həm də “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışında bu məsələyə xüsusi diqqət yönəltdi. Vurğuladı ki, ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə, üç onillikdən artıq çəkən müharibə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu. Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. Paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir. Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı.
Cənab İlham Əliyev onu da qeyd etdi ki, iki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı. Lakin bu gün o, artıq reallıqdır: “Düşünürəm ki, heç nə bu prosesə müdaxilə edə bilməz. Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək. Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir”.
Prezident İlham Əliyev sözügedən panel iclasdakı çıxışında dünyanın ikili standartlara əsaslanan siyasətindən, Azərbaycanın özünün ədaləti və beynəlxalq hüququ bərpa etməsindən bəhs etdi. Bildirdi ki, biz bir ölkə, bir xalq kimi çox ağır vaxtlar yaşamışıq. Ərazilərin itirilməsini, milyonlarla insanın evsiz qalmasını və məcburi köçkünə çevrilməsini görmüşük. Lakin ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu, bizdən 30 il aldı. Həmin vaxt, 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi. Biz bunları dəyişdik. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu. Ali beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq. Dövlətimizin başçısı “Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq” çağırışını edərək bu reallığı bir daha diqqətə çatdırdı ki, milli maraqlara və rəhbərlik etdiyin xalqa bağlılıq varsa, o zaman uğura nail olmaq mümkündür.
