Xəbərlər
Azərbaycan sülhə və tarixi ədalətin bərpasına sadiqliyini hər zaman nümayiş etdirir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Bu gün dünya mətbuatının əsas müzakirə mövzularından biri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun sayca 56-cı toplantısıdır. Hər il ənənəvi keçirilən bu tədbir iştirakçı dövlətlərin malik olduqları iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayır. “Dialoq ruhu - qlobal mürəkkəblik və bölünmə şəraitində fikir mübadiləsi və anlaşma daha vacibdir” devizi altında keçirilən builki Forumda 130-dan artıq ölkədən 3000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla 400 siyasi lider, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılıb. Keçirilən hər beynəlxalq əhəmiyyətli tədbir həm məkan, həm də müzakirəyə çıxarılan mövzunun aktuallığı, eyni zamanda, iştirakçıların say tərkibi baxımından xüsusi diqqət çəkir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə dövlətlər arasında əməkdaşlıq əlaqələrinin çoğrafiyasının daha da genişləndirilməsi əsas çağırışlar sırasındadır. Dövlət başçısı İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsində jurnalistin “Biz hazırda mövcud beynəlxalq sistemin fundamental olaraq yenidən dəyərləndirilməsinin şahidiyik. Bir sözlə, Siz bu dəyişiklik barədə əvvəlcə də xəbərdarlıq etmişdiniz. Ölkəniz dünya quruluşunun bu cür dəyişməsinə necə uyğunlaşır və Sizin dünya liderlərimizə sözünüz nədən ibarətdir” sualını cavablandırarkən bildirdi ki, biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.
Dünya İqtisadi Forumunun tarixinə, onun dünya və ölkəmiz üçün əhəmiyyətinə nəzər saldıqda hər il tədbirin günümüzün ən aktual məsələlərinə həsr olunduğunu görürük. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumunun nu toplantısı çərçivəsində də dövlət başçısı İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, müsahibəsi, çıxışı Prezidentimizin artan nüfuzunun təqdimatıdır. “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışında “Mən Cənubi Qafqazdakı dostlarıma görə çox sevinirəm” deyən Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç “Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük” fikirləri ilə Azərbaycana beynəlxalq baxışın nə qədər yüksək səviyyədə olduğunu, dövlətimizin başçısına etimadın böyüklüyünü bir daha nümayiş etdirdi.
Səsləndirilən hər bir fikir bu reallığı təsdiqləyir ki, hər bir ölkənin inkişafında Lider və düşünülmüş siyasət amilləri əsasdır. Azərbaycan bu xoşbəxtliyə nail olub. Cənab İlham Əliyev qeyd edilən panel iclasdakı çıxışında səsləndirdiyi çağırışları ilə də Azərbaycan xalqının nə qədər yenilməz, məğrur xalq, Azərbaycanın qüdrətli, qətiyyətli, prinsipial mövqeyi olan ölkə olduğunu təqdim etdi. Belə ki, “Biz bir ölkə, bir xalq kimi çox ağır vaxtlar yaşamışıq: ərazilərin itirilməsini, milyonlarla insanın evsiz qalmasını və məcburi köçkünə çevrilməsini görmüşük” deyən cənab İlham Əliyev bəyan etdi ki, lakin ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu, bizdən 30 il aldı. Həmin vaxt, 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi. Biz bunları dəyişdik. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu. Ali beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq.
