Xəbərlər
Azərbaycanın nüfuzunun təqdimatı
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycanın nüfuzunun, iqtisadi gücünün təqdimatında əhəmiyyətli rol oynayan Davos Dünya İqtisadi Forumu sayca 56-cı iclasını keçirir. Hər bir iclasda müzakirəyə çıxarılan mövzu dövrün əsas çağırışlarını özündə əks etdirir. Həmçinin Forum çərçivəsində keçirilən panel iclaslarda da günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılır. 56-cı Dünya İqtisadi Forumu “Dialoq ruhu - qlobal mürəkkəblik və bölünmə şəraitində fikir mübadiləsi və anlaşma daha vacibdir” devizi altında dünya liderlərini, dünyanın aparıcı iş adamlarını bir araya gətirdi. Davos Dünya İqtisadi Forumunun 56-cı iclasında 130-dan artıq ölkədən 3000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla 400 siyasi lider, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılıb. Bu geniş təmsilçilik Forumun qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu bir daha təsdiqləyir. Onu da qeyd edək ki, Azərbaycan Davos Forumunda ilk dəfə 1995-ci ildə iştirak edib və həmin dövrdən bu ənənə davam etdirilir. Xüsusilə 2007-ci ildən etibarən Prezident İlham Əliyevin bu tədbirlərdə mütəmadi iştirakı Azərbaycanın mövqeyini daha da möhkəmləndirir, ölkəmizin sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə əldə etdiyi uğurları dünyaya təqdim edir.
Azərbaycanın xarici investisiyalara birbaşa açıq olması və bu istiqamətdə ölkəmizin cəlbediciliyi dövlət başçısı İlham Əliyevin Davos Forumu çərçivəsində keçirdiyi görüşlərdə aparılan müzakirələr zamanı xüsusi qeyd edildi. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayı günbəgün artır. Dövlət başçısı İlham Əliyev Azərbaycanın neft, qaz, elektrik enerjisi ixracatçısı kimi mövqeyinin möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırdı. Forumda daha çox diqqət göstərilən məsələ Azərbaycanın tarixi Zəfərindən sonra regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə qarşı tərəfə edilən sülh təklifi və ötən ilin avqustunda ABŞ-da əldə edilən tarixi sülh razılaşması oldu. Cənab İlham Əliyev bu məsələyə “Euronews” televiziyasına müsahibəsində də xüsusi diqqət yönəltdi. “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafata layiq görülməsini böyük şərəf kimi dəyərləndirən Prezident İlham Əliyev vurğuladı ki, bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edir. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.
Regionda dayanıqlı sülhün təmin edilməsi yeni əməkdaşlıq əlaqələrinin yaradılmasını şərtləndirəcək. Prezident İlham Əliyev “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışında da qeyd etdi ki, iki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı. Lakin bu gün o, artıq reallıqdır. Heç nə bu prosesə müdaxilə edə bilməz. Əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək: “Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir”.
Göründüyü kimi, hər zaman olduğu kimi, 56-cı Dünya İqtisadi Forumunda da Azərbaycan ötən iclasdan keçən dövr ərzində imza atdığı uğurları ilə diqqətdə oldu. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri, hər zaman ədaləti, beynəlxalq hüququ müdafiə etməsi və bunu real addımları ilə təsdiqləməsi uğurlarının davamlığında öz sözünü deyir.
