Xəbərlər
Qanlı faciədən milli dirçəlişə aparan tarixi dönüş nöqtəsi
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
1990-cı il yanvarın 20-si Azərbaycan xalqının yaddaşına həm ağır faciə, həm də milli iradənin sarsılmazlığını nümayiş etdirən taleyüklü gün kimi həkk olunmuşdur. Bu tarix bir tərəfdən Sovet totalitarizminin iflasa uğramış mahiyyətini ortaya qoymuş, digər tərəfdən isə xalqın azadlıq, müstəqillik və ləyaqət uğrunda apardığı mübarizənin geri dönməz xarakter aldığını sübut etmişdir. Qanlı Yanvar hadisələri göstərdi ki, zor gücü ilə idarə olunan imperiya xalqın iradəsini sındıra bilməz və bu iradə gec-tez tarixi nəticəsini verəcəkdir.
20 Yanvar faciəsi təsadüfi hadisə deyildi. Bu qanlı cinayət uzun müddət ərzində məqsədyönlü şəkildə formalaşdırılmış siyasi proseslərin məntiqi nəticəsi idi. 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi şəkildə deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin açıq və sistemli xarakter alması regionda ciddi gərginlik yaratmışdı. Sovet rəhbərliyi bu proseslərə qərəzli mövqe tutaraq, baş verən ədalətsizliklərə son qoymaq əvəzinə, milli narazılığı zor gücü ilə boğmağa üstünlük verdi. Bununla da mərkəzi hakimiyyət özünü vasitəçi deyil, birbaşa tərəf kimi göstərdi.
1990-cı ilin yanvarında Bakıya yeridilən Sovet qoşunlarının tərkibi və miqyası bu əməliyyatın əvvəlcədən planlaşdırıldığını açıq şəkildə sübut edirdi. Ordu hissələrinin sıralarında Stavropol, Rostov, Krasnodar bölgələrindən səfərbər edilən erməni zabit və əsgərlərinin, eləcə də hərbi məktəblərdə təhsil alan erməni kursantlarının də yer alması qırğının etnik və siyasi motivlərini bir daha üzə çıxarırdı. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin və xüsusi təyinatlı birləşmələrin 66 mindən artıq canlı qüvvəsi əvvəlcədən Bakıya gətirilərək strateji ərazilərdə yerləşdirilmişdi. Bu faktorlar genişmiqyaslı hərbi işğal planı idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həyata keçirilən hərbi əməliyyatlar dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla müşayiət olundu. Qadın, uşaq, qoca demədən silahsız insanlar tanklardan, zirehli döyüş maşınlarından və müxtəlif silah növlərindən atəşə tutuldu. Şəhərin küçələrində hərbi texnika insanları əzərək irəliləyir, yaşayış məntəqələri atəş altında qalırdı. Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılması isə əməliyyatın hərbi işğal xarakterini açıq şəkildə göstərirdi.
Ən ağır hüquq pozuntularından biri də fövqəladə vəziyyətin əhaliyə əvvəlcədən elan edilməməsi idi. Rəsmi məlumat yalnız səhər saatlarında verildi, halbuki insanlar artıq qətlə yetirilmişdi. Nəticədə təkcə Bakı şəhərində deyil, Neftçala və Lənkəran rayonlarında da günahsız vətəndaşlar öldürüldü. Ümumilikdə 147 nəfərin həyatını itirməsi, yüzlərlə insanın yaralanması və qanunsuz həbs edilməsi bu hadisəni beynəlxalq hüquq baxımından ağır cinayət kateqoriyasına daxil edir.
20 Yanvar hadisələri Sovet rejiminin Azərbaycandakı bütün siyasi və mənəvi dayaqlarını darmadağın etdi. Xalqın Sov.İKP-yə və mövcud sistemə olan inamı tamamilə sarsıldı. Minlərlə insan partiya sıralarını tərk etdi, Sovet ideologiyasına olan etimad birdəfəlik yox oldu. Bu faciə sübut etdi ki, imperiya zor gücü hesabına mövcudluğunu davam etdirə bilməz və dağılmaq məhkumiyyətindədir.
Faciədən bir gün sonra Ulu Öndər Heydər Əliyevin Moskvada verdiyi bəyanat Qanlı Yanvara verilən ilk prinsipial siyasi-hüquqi qiymət oldu. O, böyük təhlükələrə baxmayaraq, Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi, baş verənləri hüquqa, demokratiyaya və insanlıq prinsiplərinə zidd cinayət adlandırdı. Bu çıxış xalqın sarsılmış ruhuna ünvanlanan mənəvi dayaq idi. Məhz bu mövqe Azərbaycan xalqının milli mübarizəsinə yeni inam və ümid qazandırdı. Sonrakı illərdə də Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsinin unudulmaması və obyektiv qiymət alması üçün ardıcıl fəaliyyət göstərdi. Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvanda, 1994-cü ildə isə Milli Məclis səviyyəsində faciəyə dövlət qiyməti verildi və bu hadisə totalitar rejimin törətdiyi hərbi təcavüz kimi tanındı.
20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Şəhidlər Xiyabanında ucaldılan “Əbədi məşəl” abidəsi, hər il yanvarın 20-də ümumxalq hüzn gününün qeyd olunması bu ehtiramın təzahürüdür. Bununla yanaşı, şəhid ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. Bu siyasət bu gün də davam etdirilir və sosial təminat mexanizmləri mütəmadi olaraq təkmilləşdirilir.
20 Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasında və müstəqillik ideyasının dönməz xarakter almasında həlledici rol oynadı. Həmin gün xalq azadlıq uğrunda ilk böyük qurbanlarını verdi və bununla da gələcək müstəqil dövlətin mənəvi-siyasi təməlini qoydu. Qanla yazılmış bu tarix sübut etdi ki, xalqın birliyi və ləyaqəti ən güclü silahdan belə üstündür.
20 Yanvar bu gün də milli yaddaşımızda həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi yaşayır. Bu tarix azadlıq yolunda canlarından keçənlərin xatirəsini əbədiləşdirir və gələcək nəsillərə mübarizə, qürur və məsuliyyət dərsi verir.
