Xəbərlər
20 Yanvar - milli azadlıq yolundan qəhrəmanlıq zirvəsinə
Nurlan Həsənov
Milli Məclisin deputatı
20 Yanvar hadisələri xalqımızın tarixində təkcə dərin faciə deyil, eyni zamanda azadlıq, ləyaqət və milli iradənin sarsılmazlığını nümayiş etdirən taleyüklü dönüş nöqtəsidir. Həmin gecə törədilən qanlı cinayət Sovet totalitarizminin əsl mahiyyətini üzə çıxardı, zorakılıq və repressiya üzərində qurulmuş bir sistemin iflasını nümayiş etdirdi. Məhz bu hadisə xalqın müstəqillik yolunda geri dönüşü olmayan mərhələyə qədəm qoymasının siyasi və mənəvi əsasını formalaşdırdı.
20 Yanvar faciəsi spontan və ya təsadüfi xarakter daşımırdı. 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından sistemli şəkildə deportasiyası, Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində atılan addımlar, mərkəzi hakimiyyətin bu proseslərə laqeyd münasibəti regionda gərginliyi sürətlə artırdı. Xalqın artan etiraz səsi, milli hüquqların müdafiəsi tələbi dialoq və siyasi vasitələrlə deyil, hərbi güclə susdurulmağa çalışıldı. Sovet rəhbərliyi beləliklə, dinc əhaliyə qarşı ağır və bağışlanmaz cinayət yolunu seçdi.
1990-cı ilin yanvarında Bakı şəhərinə və bir neçə rayona SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin 66 mindən artıq hərbi heyəti yeridildi. Bu qüvvələrin tərkibində Stavropol, Rostov və Krasnodar bölgələrindən səfərbər edilmiş erməni zabit və əsgərləri, eləcə də hərbi məktəblərdə təhsil alan erməni kursantları da var idi. Qoşun hissələri əvvəlcədən paytaxtın və ətraf ərazilərin strateji nöqtələrində yerləşdirilmiş, genişmiqyaslı hərbi əməliyyat üçün hazırlıq görülmüşdü. Bu faktorlar əməliyyatın planlı şəkildə həyata keçirildiyini təsdiqləyir.
Yanvarın 19-dan 20-nə keçən gecə dinc əhali ağır texnika və müxtəlif silahlarla atəşə tutuldu. Qadın, uşaq, qoca demədən insanlar amansızcasına qətlə yetirildi. Bu hadisə mahiyyət etibarilə insanlıq əleyhinə yönəlmiş cinayət idi. “Bakı əməliyyatı”na SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Filip Babkov rəhbərlik edirdi. Fövqəladə vəziyyətin tətbiqi barədə əhali əvvəlcədən məlumatlandırılmamış, rəsmi elan yalnız kütləvi qırğın baş verdikdən sonra - yanvarın 20-də səhər saat 5:30-da yayımlanmışdı. Hərbi əməliyyatlar tankların, zirehli döyüş maşınlarının iştirakı ilə aparılmış, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən desant çıxarılmışdı. Nəticədə 147 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, yüzlərlə ev və nəqliyyat vasitəsi məhv edilmişdi.
20 Yanvar hadisələri Sovet rejiminin Azərbaycandakı siyasi və mənəvi dayaqlarını ciddi şəkildə sarsıtdı. Xalqın Sov.İKP-yə və mövcud totalitar sistemə qarşı nifrəti pik həddə çatdı, partiya sıralarından kütləvi çıxışlar baş verdi. Bu hadisə imperiyanın ideoloji dayaqlarının çökdüyünü nümayiş etdirməklə yanaşı, Sovet İttifaqının dağılma prosesini sürətləndirən əsas amillərdən birinə çevrildi.
Faciədən bir gün sonra - yanvarın 21-də Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək 20 Yanvar hadisələrinə siyasi qiymət verməsi tarixi cəsarət nümunəsi oldu. Ümummilli Lider bu qanlı əməli hüquqa, demokratiyaya və humanizmə zidd ağır cinayət kimi dəyərləndirdi, mərkəzi hakimiyyəti və ölkə rəhbərliyini məsuliyyət daşımaqda ittiham etdi. İnformasiya blokadasına baxmayaraq bu mövqe dünyaya yayıldı və xalqın qəlbində ədalətə inam və ümid hissini yenidən alovlandırdı.
1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Bu qərarlarda hadisə totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və ağır cinayət kimi tanındı, günahkarların məsuliyyət daşıdığı bəyan edildi.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Şəhidlər Xiyabanında “Əbədi məşəl” memorial kompleksi ucaldıldı, sonradan müasir tələblərə uyğun şəkildə yenidən quruldu. 20 Yanvar ümumxalq hüzn günü kimi rəsmiləşdirildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu. Şəhid ailələri və hadisələr zamanı sağlamlığını itirmiş şəxslər üçün sosial müdafiə mexanizmləri yaradıldı, mənzil, avtomobil, təqaüd və reabilitasiya proqramları həyata keçirildi.
20 Yanvar xalqın iradəsini sındırmadı, əksinə, onu daha da möhkəmləndirdi. Bu hadisə azadlıq hərəkatının zirvəsi olmaqla yanaşı, milli kimliyin formalaşmasını sürətləndirdi. Xalq öz gələcəyini yalnız müstəqil və suveren dövlətdə gördüyünü açıq şəkildə bəyan etdi. Qanlı Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilir. Onların qanı ilə yazılan tarix müstəqilliyin, suverenliyin və milli ləyaqətin təcəssümünə çevrildi. 20 Yanvar faciə olmaqla yanaşı, eyni zamanda xalqın qəhrəmanlıq salnaməsi, azadlıq iradəsinin əbədi təzahürüdür.
