Xəbərlər
“Qan yaddaşımızın 20 yanvar səhifəsi: milli iradənin zəfəri və qürur tarixi”
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Qan yaddaşımızın 20 yanvar səhifəsi: milli iradənin zəfəri və qürur tarixi” adlı tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgiyə baxış keçiriblər.
Akt zalında davam etdirilən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra qanlı 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə 20 Yanvar şəhidinin həyat yoldaşı Ziyafət Rüstəmova, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taleh Əliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin üzvü, Prezident təqaüdçüsü, 20 yanvar hadisələrinin iştirakçısı Tapdıq Əlibəyli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər. Bildirilib ki, 20 Yanvar hadisəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bu faciə Azərbaycanı müstəqilliyə aparan yolun yeni mərhələsinin başlanğıc nöqtəsi olub. Qeyd olunub ki, 20 Yanvar faciəsi unudulmur, Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir.
Çıxışlardan sonra YAP Nizami rayon təşkilatının 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Qan yaddaşımızın 20 yanvar səhifəsi: milli iradənin zəfəri və qürur tarixi” mövzusunda elan etdiyi rəsm və inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Məlumat verilib ki, Nizami rayonunda fəaliyyət göstərən 30 təhsil müəssisəsi üzrə inşa müsabiqəsinə 109, rəsm müsabiqəsinə isə 47 iş daxil olub.
Qaliblərə diplom, hədiyyələr təqdim olunub, müsabiqə iştirakçılarına isə sertifikatlar verilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
