YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar – milli azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi

Heydər Əsədov

Milli Məclisin deputatı

20 Yanvar faciəsi xalqımızın tarixinə həm kədər və hüzn, həm də milli ləyaqət, iradə və qəhrəmanlıq nümunəsi kimi əbədi həkk olunmuş taleyüklü hadisədir. Həmin gecə törədilən qırğınlar bir daha sübut etdi ki, zor gücü ilə xalqın azadlıq istəyini boğmaq mümkün deyil. Bu faciə günahsız insanların qətlə yetirilməsi ilə yanaşı, bütöv bir xalqın milli kimliyinə və gələcəyinə qarşı yönəlmiş amansız hücum idi. Qanlı Yanvar hadisələri Sovet imperiyasının siyasi və mənəvi iflasının açıq təzahürü, totalitar rejimin son aqoniyası kimi tarixə düşüb.

20 yanvar hadisələri illərlə aparılan düşünülmüş və məqsədli siyasətin məntiqi nəticəsi idi. 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından sistemli şəkildə deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri regionda milli və siyasi gərginliyi kəskin şəkildə artırmışdı. Mərkəzi Sovet hakimiyyəti bu prosesləri dayandırmaq və ədalətli mövqe nümayiş etdirmək əvəzinə, xalqın legitim etirazını zor gücü ilə susdurmaq yolunu seçdi. Bununla da dinc əhaliyə qarşı hərbi müdaxilə insanlıq əleyhinə ağır cinayət səviyyəsinə yüksəldi.

1990-cı ilin yanvarında Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin 66 mindən artıq hərbçisi yeridildi. Şəhərə yeridilən qoşun hissələri fövqəladə vəziyyət elan edilməmişdən əvvəl mülki əhaliyə qarşı ağır texnika və müxtəlif silah növlərindən istifadə etdilər. Qadın, uşaq, qoca demədən günahsız insanların qətlə yetirilməsi Sovet ordusunun mahiyyət etibarilə işğalçı qüvvəyə çevrildiyini açıq şəkildə göstərdi. Bu hadisələr hüquq normalarının və elementar insani dəyərlərin tam şəkildə tapdanması idi.

“Bakı əməliyyatı”na SSRİ-nin ali hərbi-siyasi rəhbərliyinin bilavasitə nəzarət etməsi hadisənin təsadüfi olmadığını sübut edir. Əhalinin fövqəladə vəziyyət barədə yalnız kütləvi qırğın törədildikdən sonra məlumatlandırılması isə bu əməliyyatın əvvəlcədən planlaşdırılmış cinayət xarakteri daşıdığını bir daha təsdiqləyir. Hüquqi prosedurların kobud şəkildə pozulması, mülki əhalinin hədəfə alınması bu hadisəni beynəlxalq hüquq baxımından da ağır cinayət kimi səciyyələndirir.

20 Yanvar faciəsi nəticəsində respublika üzrə 147 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Yüzlərlə yaşayış evi, nəqliyyat vasitəsi, dövlət və şəxsi əmlak məhv edilmiş, milyonlarla rubl dəyərində maddi ziyan vurulmuşdur. Bu statistika təkcə rəqəmlərdən ibarət deyil, hər biri yarımçıq qalan talelərin, sarsılmış ailələrin, pozulmuş həyatların göstəricisidir. Həmin faktlar Sovet rejiminin öz vətəndaşlarına qarşı hansı miqyasda vəhşilik törətdiyini nümayiş etdirir.

Faciədən dərhal sonra xalqın yanında olduğunu açıq şəkildə bəyan edən siyasi lider Ümummilli Lider Heydər Əliyev oldu. Yanvarın 21-də Moskvada verdiyi tarixi bəyanatla Ulu Öndər 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya və humanizmə zidd cinayət kimi dəyərləndirdi. Heydər Əliyev bu qanlı faciənin həm mərkəzi Sovet rəhbərliyinin, həm də o dövrkü respublika rəhbərliyinin xəyanətkar mövqeyi nəticəsində baş verdiyini qətiyyətlə bildirdi. Bu cəsarətli və prinsipial mövqe xalqın sarsılmış ruhuna güc verdi, azadlıq mübarizəsinin mənəvi dayağını möhkəmləndirdi.

1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Qəbul olunan qərarlarda bu hadisə totalitar kommunist rejimi tərəfindən xalqımıza qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi təsbit edildi. Günahkarların konkret şəkildə göstərilməsi və faciənin mahiyyətinin hüquqi sənədlərdə əksini tapması tarixi ədalətin bərpası baxımından mühüm addım oldu.

20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində daim uca tutulur. Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin, Yasamal rayonundakı “20 Yanvar” dairəsində isə memorial abidə kompleksi ucaldılması bu ehtiramın bariz ifadəsidir. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, şəhid ailələrinə və hadisələr zamanı əlillik almış şəxslərə göstərilən sosial qayğı dövlətin həmin faciəyə sadəcə tarix kimi deyil, milli yaddaş məsələsi kimi yanaşdığını göstərir.

20 Yanvar faciəsinin, həmçinin milli oyanışın və azadlıq iradəsinin təzahürüdür. Həmin gün xalq müstəqillik uğrunda ilk böyük qurbanlarını verdi və geri dönüşü olmayan tarixi bir yola qədəm qoydu. Qanla yazılmış bu səhifə sübut etdi ki, milli birlik və ləyaqət hər cür zorakılıqdan, silahdan və təzyiqdən güclüdür.

Bu gün 20 Yanvar hadisələrinə zaman məsafəsindən baxdıqca, milli kimliyin formalaşmasında, dünya azərbaycanlılarının təşkilatlanmasında və müstəqillik ideyasının möhkəmlənməsində oynadığı rol daha aydın görünür. Həmin faciə bir daha göstərdi ki, azadlıq heç vaxt asan qazanılmır, lakin bu müqəddəs amal uğrunda verilən qurbanlar tarixi əbədiləşdirir və gələcək nəsillərə yol göstərir.

20 Yanvar şəhidlərinin xatirəsi xalqın yaddaşında daim yaşayacaqdır. Onların canı bahasına qorunan milli ləyaqət, azadlıq və müstəqillik ideyası gələcək nəsillər üçün ən böyük mənəvi miras, ən müqəddəs dəyər olaraq qalır.