Xəbərlər
Ekoloji tarazlığın qorunması əsas hədəflərdəndir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət nəticəsində Azərbaycan dayanıqlı inkişafı ilə dünyanın diqqətindədir. Möhkəm təməl, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması yeni-yeni hədəflərə yol açır. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə və gələcəyimizə xidmət edən mühüm addımlar sırasındadır. Son 22 ildən artıq dövrdə Prezident İlham Əliyev neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafının prioritetliyini önə çəkərək bölgələrin malik olduğu potensialdan səmərəli istifadəyə hədəflənən Regional inkişaf proqramlarını təsdiqlədi. Onların uğurlu icrası bugünkü sosial-iqtisadi göstəricilərdə özünün aydın ifadəsini tapır.
Prezident İlham Əliyev bu günlərdə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə bütün bu məqamlara bir daha diqqəti yönəltdi. Qeyd etdi ki, ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu gün enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək.
İnfrastruktur layihələri sırasında içməli su və suvarma layihələrini xüsusi qeyd etməliyik. 20 ildə dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. İçməli su və suvarma layihələri həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. İnşa edilən dörd su anbarı arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi qeyd edilir. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığılsın və orada ehtiyat yaransın. “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.
Qarşıdakı dövrün hədəfləri təsdiqlənən yeni Dövlət Proqramında öz əksini tapıb. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, Bakıya və Abşeron yarımadasına gələn suların həcmi artsın. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Xəzər dənizinin suyu o qədər də duzlu deyil. Yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır. Vaxtilə Samur-Abşeron kanalı yenidən inşa edildi. Bu, tam beton kanaldır və orada itkilər kifayət qədər azdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur ki, “Ceyranbatan” su anbarı dayanıqlı su ilə təmin edilsin. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, bu axın tam təmin edilməlidir. Son 20 il ərzində həyata keçirilən layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı.
Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi su təchizatının dayanıqlığının artırılması, alternativ su mənbələrinin yaradılması və infrastrukturun yenilənməsi, su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi, yağış suları risklərinin aradan qaldırılması, tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması, su sektorunda rəqəmsal idarəetmə, SCADA (nəzarətçi idarəetmə və məlumatların toplanması) və IoT (əşyaların interneti) sistemlərinin tətbiqi və su itkisinin idarə edilməsinin effektiv monitorinqinin təminidir. Prezident İlham Əliyev ölkəmizin su təhlükəsizliyinin təmin olunmasını milli təhlükəsizliyin strateji tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlayır. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə həyata keçirilən sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirir. Xüsusilə dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşası, Xəzər dənizindən alternativ mənbə kimi istifadə edilməsi istiqamətində atılan addımlar ölkə Prezidentinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir. Dövlətin bu prioritet yanaşması təkcə mövcud problemlərin həllini deyil, həm də gələcək nəsillərin dayanıqlı su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir.
