YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli Lider faktoru: sabitlik və tərəqqi yolu

Fatma Yıldırım

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin milli maraqlara söykənən, dərin strateji düşüncəyə əsaslanan, uzaqgörən və qətiyyətli siyasəti bu gün müasir Azərbaycanın uğurlarının əsas ideya sütununu təşkil edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan regionda güc mərkəzinə, qlobal miqyasda isə söz sahibi olan etibarlı tərəfdaşa çevrilmişdir.

Prezident İlham Əliyevin siyasi xəttinin əsasını güclü dövlət, güclü iqtisadiyyat və rifahlı cəmiyyət konsepsiyası təşkil edir. Məhz bu yanaşma sayəsində ölkəmizdə sabitlik qorunub saxlanılmış, iqtisadi inkişaf davamlı xarakter almış, sosial rifah yüksəlmiş, dövlət-vətəndaş münasibətləri yeni, müasir mərhələyə qədəm qoymuşdur. Cənab Prezidentimizin həyata keçirdiyi islahatlar həm idarəetmədə şəffaflığın, həm də sosial ədalətin təmin olunmasına xidmət edir.

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsinin, qətiyyətli liderliyinin və Ali Baş Komandan kimi yüksək peşəkarlığının parlaq nümunəsidir. Bu tarixi Qələbə hərbi uğur olmaqla yanaşı, eyni zamanda milli birlik, xalq-iqtidar həmrəyliyi və dövlətçilik ideologiyasının təntənəsidir. Cənab Prezidentimizin “Qarabağ Azərbaycandır!” çağırışı xalqımızın qürur rəmzinə çevrilmişdir.

Postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış proqramının uğurla icrası dövlətimizin iqtisadi imkanlarını və cənab Prezident İlham Əliyevin strateji baxışını bir daha nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda salınan müasir şəhərlər və kəndlər, inşa edilən yollar, hava limanları, enerji və sosial infrastruktur obyektləri bu ərazilərin yaxın gələcəkdə ölkənin ən inkişaf etmiş bölgələrinə çevriləcəyindən xəbər verir.

Prezident İlham Əliyevin qlobal çağırışlara çevik və məsuliyyətli yanaşmasının bariz nümunələrindən biri də Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi oldu. Bu mühüm hadisə ölkəmizin beynəlxalq nüfuzunun artmasının, ekoloji məsələlərdə məsuliyyətli və təşəbbüskar mövqe tutmasının göstəricisidir. Azərbaycanın bu platformada fəal iştirakı ölkəmizin qlobal problemlərin həllinə töhfə verən dövlət kimi qəbul olunduğunu təsdiqləyir.

Dövlət başçısının daxili siyasətində insan amilinin ön planda dayanması, sosial ədalət və vətəndaş məmnunluğunun əsas meyar kimi götürülməsi cənab Prezident İlham Əliyevin siyasətinin humanist mahiyyətini açıq şəkildə ortaya qoyur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqlarının və pensiyaların mütəmadi artırılması, regionların kompleks inkişafı, şəhid ailələrinin, qarabağ əlillərinin, gənclərin sosial təminatının yaxşılaşdırılması bu siyasətin real nəticələridir.

Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan xalqının dərin etimadına və beynəlxalq ictimaiyyətin hörmətinə əsaslanır. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, təhlükəsizliyi və gələcəyi dayanır.

Biz, ölkənin qanunverici orqanının üzvləri olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi strateji kursa daim sadiq qalaraq fəaliyyətimizi müasir, güclü, müstəqil və qalib Azərbaycanın daha da inkişaf etdirilməsinə yönəldirik. Əminik ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə də böyük uğurlara imza atacaq və dövlətçilik tariximiz yeni zəfərlərlə zənginləşəcək.