YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şəhərsalma və Memarlıq İli”: dayanıqlı gələcək və qlobal liderlik yolunda yeni mərhələ

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Mədəniyyət, eləcə də mədəni irsimizin qorunması, mühafizəsi, inkişafı Ümummilli Lider Heydər Əliyevin ən önəm verdiyi, yüksək peşəkarlıq və siyasi iradə ilə yürütdüyü daxili siyasətinin bir parçası olmuş və bu ənənə Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir.

Xalqımızın yaratdığı irs nümunələrini, zəngin tariximizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək çox məsuliyyətli iş olmaqla yanaşı multidissiplinar yanaşmanı tələb edir. Bu işə hər kəs həssas yanaşmalı, istər dövlət, özəl qurumlar, istərsə də ümumi əhali səfərbər olmalı, irsimizi qorumaq və yaşatmaq bizim ən ümdə vəzifəmizə çevrilməlidir. Ulu Öndər hər zaman bir məqamı vurğulayıb ki, xalqın mədəni irsi, eləcə də mənəvi dəyərlərimiz milli-siyasi varlığımızın əsasını təşkil edir. O deyirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib”.

Bu gün Azərbaycan xalqının yaratdığı, zaman-zaman daha da inkişaf etdirdiyi 4 mədəni irs nümunəsi (Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı və Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi, Xınalıq və Köç yolu landşaftı) və 1 təbiət irsimiz (Hirkan meşələri) UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Daha 10 tarix (7) və təbiət abidəmiz (3) UNESCO-nun İlkin İrs Siyahısına daxil edilib. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir”.

Dövlətimiz tərəfindən həyata keçirilən bütün önəmli addımlara baxmayaraq mədəni irsimizin bir hissəsini dağıdılmaqdan xilas edə bilməmişik. 1990-cı illərin əvvəlindən başlayaraq Ermənistan Respublikasının ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etməsi, etnik təmizləmə və mədəni irsimizə qarşı vandalizm aktları törətməsi olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı Qətnamələrinə məhəl qoymayaraq Ermənistan işğalçılıq siyasətini davam etdirmişdir. Ermənistan hökuməti Azərbaycanın bütün yaşayış məntəqələrinin və toponimlərinin adları dəyişdirmiş, Azərbaycanın tarixi-mədəni irsini, məscidləri və qəbiristanlıqları qəsdən hədəfə almış, onları vandalizmə məruz qoymuş və bütün Azərbaycan irsinin Ermənistanda ardıcıl olaraq məhv edilməsi yönündə siyasət yürütmüşdür.

İşğal dövründə abidələrimiz məqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalmış, onlarla abidə yer üzündən silinmişdi. Ermənistan UNESCO-nun tərəf olduğu bir sıra konvensiyalarının, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi” haqqında 1954-cü il Haaqa Konvensiyasının, UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulması Ermənistan Respublikasının təcavüzkar siyasətinin göstəricisidir.

Ali Baş Komandanın yüksək siyasi iradəsi və liderliyi sayəsində rəşadətli və yenilməz Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın davam edən işğala 44 günlük müharibə ilə son qoyulmuşdur! “Bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. Azərbaycan öz suverenliyini tam bərpa edib, hazırda isə regionun əsl və tarixi simasını geri qaytarmaq və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Füsunkar və Əzəmətli Şuşa saysız-hesabsız mədəni tədbirlərə səhnə olmuşdur. Mədəniyyətin beşiyi olan Qarabağ tarixi sahiblərinə qovuşmuşdur. XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin dediyi kimi, “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.

Prezident İlham Əliyevin birbaşa nəzarəti altında “Böyük Qayıdış” proqramı çərçivəsində burada həm infrastruktur, həm də sosial və ekoloji layihələr həyata keçirilir. Azərbaycan bu torpaqlarda ekoloji ədaləti bərpa etməyə və regionu yaşıl inkişaf mərkəzinə çevirməyə nail olub. Yəni Azərbaycan təkcə itirilmiş torpaqlarını deyil, həm də itirilmiş ekoloji dəyərlərini bərpa edir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan olunub. Bu sərəncam ölkəmizin daxili və xarici siyasətdə növbəti il üçün prioritet mövzusunu da özündə əks etdirir. Bu həm də dövlətin “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üzrə Milli Prioritetlər” strategiyasına uyğun olaraq urbanizasiya, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində beynəlxalq əlaqələrini gücləndirmək və qlobal proseslərə təsir etmək üçün yeni imkanlar açır.

Azərbaycan, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələri ilə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Şuşanın tarixi simasının bərpası milli iradənin, müasir yanaşmanın və tarixi məsuliyyətin vəhdətidir.

Ölkəmiz növbəti il BMT-in daha bir mötəbər tədbiri olan “Dünya Şəhərsalma Forumunun” 13-cü sessiyasına evsahibliyi edəcək. Beynəlxalq mötəbər tədbirlərə evsahibliyi Azərbaycanın xarici siyasətdə artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin də yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir. Bu həm də dövlətin “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üzrə Milli Prioritetlər” strategiyasına uyğun olaraq urbanizasiya, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində beynəlxalq əlaqələrini gücləndirmək və qlobal proseslərə təsir etmək üçün yeni imkanlar açır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsidir. Bu addım ölkəmizin dayanıqlı şəhərsalma, ekoloji tarazlıq, innovativ planlaşdırma və mədəni irsin qorunması sahələrində əldə etdiyi təcrübəni beynəlxalq müstəviyə çıxarmaq üçün mühüm platforma yaradır. Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə Azərbaycanın artıq qlobal urbanizasiya gündəliyinin formalaşmasında fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Tarixi irsə söykənən, müasir çağırışlara cavab verən və gələcək nəsilləri hədəfləyən bu yanaşma göstərir ki, Azərbaycan üçün şəhərsalma və memarlıq sadəcə məkan quruculuğu deyil, milli kimliyin qorunması, sosial rifahın yüksəldilməsi və dayanıqlı gələcəyin təmin olunmasıdır.

DİGƏR Xəbərlər Arxiv