Xəbərlər
“Şanlı Zəfərdən Yeni Zirvələrə: Qalib Xalq-Güclü Dövlət”
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Şanlı Zəfərdən Yeni Zirvələrə: Qalib Xalq-Güclü Dövlət” mövzusunda bayram tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildiriblər ki, Heydər Əliyev yolunun müzəffər davamçısı kimi Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, mili həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında həlledici rol oynayıb.
Bu gün Azərbaycan dünyada inkişaf diyarı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır. Vurğulanıb ki, Prezidentin qətiyyəti, siyasi uzaqgörənliyi və diplomatik uğurları dünya azərbaycanlılarına güvən və birlik hissi bəxş edib.
Sonra bir qrup partiya fəalına diplom və yubiley hədiyyələri təqdim edilib. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Tədbir bədii hissə ilə davam edib.
