Xəbərlər
"Qalib Xalqın Qalib Lideri”
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qalib Xalqın Qalib Lideri” adlı tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıdığını deyib. O bildirib ki, müasir Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev milli maraqlara əsaslanan uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin daimiliyi, dönməzliyi və əbədiliyini təmin etməklə xalqımıza çoxsaylı uğurlar qazandırmışdır.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz fəaliyyəti isə uğurlu inkişafımızın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından önəmlidir. Hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və ötən müddət ərzində sözünün sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev xalqın yüksək rəğbət və məhəbbətini qazanıb.
Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir. “Qalib xalqın qalib Lideri Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı ordumuzun gücü ilə, suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin edilməsi reallığı isə milli yaddaşımıza, dövlətçilik tariximizə qızıl hərflərlə yazılan ən böyük tarixi uğurumuzdur”.
Göygöl Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov və partiya fəalları Gündüz Cəlilov və Ləman Mustafayeva Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər.
Sonda bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
