YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm təməl üzərində qurulan dövlət siyasəti

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə əlverişli şərait yaratmışdır. Bu günə qədər ölkəmizdə insan hüquqlarının daha da inkişaf etdirilməsi məqsədilə çoxsaylı qanunvericilik aktları qəbul olunub.  Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar. Təbiidir ki, buna ölkəmizdə insan hüquqlarının müdafiəsini təmin edən mükəmməl qanunvericilik bazasının yaradılması imkan verir. Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

İqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə fərqlənən ölkəmizdə elə bir sahə yoxdur ki, orada hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün islahatlar aparılmasın. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqətdədir. Bu addımları şərtləndirən amillər insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsidir.

Məlum olduğu kimi, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə bu günədək üç dəfə ümumxalq səsverməsi keçirilib. 2016-cı ilin sentyabrında keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin müəyyən hissəsi insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin bütün dövrlər üçün aktuallığını saxlaması beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycanın inkişaf modeli hər zaman nümunəvi model kimi diqqətdədir. Bu ondan irəli gəlir ki, Azərbaycan iqtisadi strategiyasını müəyyənləşdirərkən qabaqcıl ölkələrin təcrübəsini nəzərdən keçirir, geniş təhlillər aparılır, atılacaq addımın perspektivləri açıqlanır.

Qeyd etdiyimiz kimi, möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir.  Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.

Bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Bu məqamı da xüsusi qeyd edək ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu ilin mühüm hadisələrindən biri məhz cənab İlham Əliyevin irəli sürdüyü mühüm təşəbbüs oldu. Belə ki, cənab İlham Əliyev suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək  15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü. Amnistiya aktının layihəsinə əsasən,  Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq.