Xəbərlər
Humanizm və sosial ədalətin təntənəsi
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycanda həyata keçirilən dövlət siyasəti humanizm və sosial ədalət prinsiplərinə əsaslanır, həmçinin dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyəri əks etdirir. Bu kontekstdə respublikamızda vaxtaşırı olaraq azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Amnistiya aktının əhatə dairəsinin geniş olması “Konstitusiya və Suverenlik İli” münasibətilə bağlıdırsa, digər tərəfdən, Azərbaycan dövlətinin ali məqsədinin insan hüquq və azadlıqlarının, vətəndaşların daha layiqli həyat səviyyəsinin təmin olunması ilə əlaqədardır. İstənilən amnistiya aktının humanizmə əsaslanması bu prinsipin dövlət siyasətinin təməlində dayanması ilə izah oluna bilər. Nəticə etibarilə bu akt da özündən əvvəlkilər kimi ehtiyacı olan, eyni zamanda, islah olub faydalı şəxs kimi cəmiyyətin inkişafına töhfəsini verə biləcək insanların mənafeyinə xidmət edir. Prezident İlham Əliyev məhkum həyat yaşamış şəxslərə cəmiyyətə inteqrasiya olunmaları üçün növbəti şans verib. Bu mənada sözügedən humanizm aktı təkcə həmin məhkumların özləri və ailələrinə deyil, qohumlarına və yaxınlarına verilmiş ikinci şansdır.
Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, humanizm və mərhəmət prinsipləri ölkə başçısının fəaliyyətinin əsas istiqamətlərindəndir. Amnistiya aktı 20 mindən artıq məhkumu əhadə edəcək. Bu da o deməkdir ki, on minlərlə insan bu aktın sevincini yaşayacaq. Möhtərəm Prezidentin bu təşəbbüsü cəmiyyətimiz tərəfindən sevinclə qarşılanacaq. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə bu ən gözəl bayram hədiyyəsi olacaq.Bu Amnistiya aktı ilə Prezident İlham Əliyev sübut etdi ki, dövlət gücünü cəzada yox, mərhəmətdə görür. Eyni zamanda cəmiyyətə də bir mesaj verilir ki, dövlət cinayət etmiş şəxslərə yenidən normal həyata qayıda bilmələri üçün ikinci şans verir. Dövlət və xalqın xeyri naminə çalışsınlar.
Azərbaycanın sürətli inkişafı, Ermənistanın 30 illik işğalçı siyasətinə 44 gün ərzində rəşadətli ordumuzun gücü ilə son qoyulması və Qarabağda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. Faktlar da təsdiqləyir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının, eləcə də vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi prioritet vəzifə kimi qarşı¬ya qoyulub. Hazırda Azərbaycanda vətəndaşlar cəmiyyət həyatında qanunla qadağan edilməmiş hər şeydə azaddırlar. Bu da ölkə başçısının humanist siyasətinə xüsusi önəm verməsinin göstəricisidir.
