Xəbərlər
Bakı və Bratislava arasında diplomatik körpü: inkişaf edən əməkdaşlıq
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Dekabr ayının 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri, iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.Ölkələrimiz arasında diplomatik münasibətlər 1993-cü il noyabrın 23-də qurulsa da, sovet dövründə münasibətlər mövcud olub. SSRİ-nin dağılması ilə müstəqilik əldə edən hər iki ölkə arasında münasibətlər son illər davamlı olaraq artmaqdadır. Slovakiya Azərbaycanın Avropa İttifaqına daxil olan və ikitərəfli strateji tərəfdaşlığa dair əməkdaşlığı olan 9 ölkədən biridir.
Prezident İlham Əliyev Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimindən sonra mətbuata Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə birgə verdiyi bəyanatında xüsusi olaraq vurğuladı ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.
Azərbaycanın Slovakiyaya təbii qaz ixrac etməyə başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində rolunu daha da artıracaq. Hazırda Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlanılıb. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ölkəmizə qaza qənaət etmək imkanı yaradacaqdır. Təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.Öz çıxışında cənab Prezident İlham Əliyev Azərbaycan ilə Slovakiya arasında energetika sektorunda əməkdaşlığın geniş müzakirə edildiyini diqqətə çatdırdı. Bu gün Azərbaycan öz təbii qazını 14 ölkəyə ixrac edir və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı kimi lider dövlətdir. Ölkə başçısının qeyd etdiyi kimi: “Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”.
Slovakiya və Azərbaycan bütün sahələr üzrə siyasi, mədəni, iqtisadi, hərbi-texniki və təhlükəsizlik istiqamətlərində əlaqələri inkişaf etdirmək niyyətindədirlər. Azərbaycan və Slovakiya ötən il strateji bəyanat imzalamışdılar. Bu, gələcəkdə strateji müttəfiqlik səviyyəsində münasibətlərin formalaşmasına zəmin yarada bilər. Bu səfər eyni zamanda Avropa İttifaqı çərçivəsində də Azərbaycanla Slovakiya arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək. Slovakiya Cənubi Qafqaz bölgəsində enerji resurslarının öz ölkəsinə nəqlində maraqlıdır və bu baxımdan Azərbaycanın imkanlarından istifadə etməyə çalışır. Beləliklə, diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividentlərinin reallaşmasına şərait yaradır. Azərbaycan-Slovakiya əlaqələri yüksələn qrafiklə inkişaf edir,iki ölkə arasındakı isti münasibətlər fonunda əməkdaşlığın və tərəfdaşlığın yeni,daha güclü səhifələri yazılır.Bütün bunlar isə əlbəttə ki,Azərbaycan dövlətinin beynəlxalq arenada nüfuzunun artmasına xidmət edən ən gözəl nümunələrdəndir.
