YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçayda YAP-ın yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göyçay rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33-cü ildönümünə həsr olunmuş “33 il – Zəfərə aparan yol” mövzusunda tədbir təşkil edilib.

Tədbir iştirakçıları öncə YAP Göyçay rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş sözü ilə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti ölkəmizin inkişafına xidmət edən mühüm hadisələrlə zəngindir: “Bu illər ərzində YAP dövlətçilik ənənələrinin qorunmasına, siyasi sabitliyin təmin olunmasına və ölkəmizin davamlı inkişaf strategiyasına mühüm töhfələr verib. Vətən müharibəsində qazanılmış tarixi Zəfər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan qalib ölkəyə, xalqımız isə qalib xalqa çevrilib. Bütün bunlar ölkə rəhbərliyinin yürütdüyü siyasətin təntənəsidir”.

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, 33 il ərzində keçdiyi şərəfli yoldan, həmçinin tarixi Zəfərin qazanılmasında mühüm rolundan bəhs edib.

Daha sonra çıxış edənlər - partiya veteranı Eldəniz Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, ərazi partiya təşkilatının sədri Səbinə Qurbanova, partiya fəalları Firəngiz Məmmədyarova və Nərmin Rüstəmova Yeni Azərbaycan Partiyasının ölkəmizdə demokratik ənənələrin inkişafında oynadığı mühüm rolu vurğulayıblar. Onlar partiyanın cəmiyyətin ictimai-siyasi maraqlarının ifadəçisi olduğunu qeyd ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəalları YAP Göyçay rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif edilib. Həmçinin, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim olunub.