Xəbərlər
“YAP-ın 33 illik fəaliyyəti davamlı uğurlarla zəngindir”
Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı tərəfindən partiyanın təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib,
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, partiya fəalları Telli Alıyeva və Arzu Balakişiyeva çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti davamlı uğurlarla zəngindir. Bu uğurların əsasında dövlətə və xalqa xidmət prinsipi dayanır.
Qeyd olunub ki, xalqın partiyaya göstərdiyi etimadın bariz nümunələrindən biri YAP-ın ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasıdır. Bu səbəbdən YAP qələbələr partiyası kimi tanınır və bu nüfuz gələcək illərdə daha da artacaq.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
