Xəbərlər
“Ağdam Şəhəri Günü” qeyd olunub
Ağdam rayon Bayraq meydanında rayonun işğaldan azad olunmasının 5-ci ildönümü və “Ağdam Şəhəri Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, partiya fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini və “Şəhidlər” abidə kompleksini ziyarət edərək önünə tər gül dəstələri düzüblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək 2020-ci il noyabrın 20-də Ermənistan ordusunun Ağdam rayonunun işğal altında olan hissəsini tərk etməsi ilə rayonun bir güllə belə atılmadan, itki verilmədən azad edilməsinin tarixi əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Ağdamın azad olunması uğrunda döyüşmüş hərbi qulluqçuların “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsini, həmçinin 20 noyabr tarixinin “Ağdam Şəhəri Günü” kimi təsis edilməsini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllimlərinin ifasında musiqi proqramı təqdim olunub.
