Xəbərlər
TDT-də yeni strateji hədəflər: Azərbaycanın təşəbbüsləri reallığa çevrilir
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin 5-ci iclasında Prezident İlham Əliyev Təşkilatının qarşısında dayanan prioritet istiqamətləri və müasir çağırışlar fonunda əməkdaşlığın əhəmiyyətini gündəmə gətirdi. Ölkə başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri TDT-nin yalnız ortaq tarixi, dil və mədəni dəyərlərlə birləşən dövlətlərin platforması deyil, eyni zamanda beynəlxalq gündəliyin mühüm məsələlərinin müzakirə olunduğu və praktiki əməkdaşlığın genişləndirildiyi təşkilat kimi təqdim edilməsidir. TDT çərçivəsində təhlükəsizliklə yanaşı, enerji, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və bağlantılar kimi strateji sahələr üzrə də qarşılıqlı fəaliyyət inkişaf edir.
Bu baxımdan Türk Dövlətləri Təşkilatının geosiyasi və iqtisadi əhəmiyyətini müəyyən edən əsas amillərdən biri onun geniş coğrafi məkanda yerləşməsidir. TDT ölkələrinin ərazisindən mühüm enerji və nəqliyyat dəhlizlərinin keçməsi təşkilata üzv dövlətlər arasında əməkdaşlıq imkanlarını artırmaqla yanaşı, daha geniş regionlar arasında əlaqələrin inkişafı üçün də şərait yaradır. Xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının bir-biri ilə sıx bağlı olduğu müasir dövrdə bu istiqamətlər üzrə koordinasiyanın gücləndirilməsi aktual məsələlərdən biri kimi önə çıxır.
Azərbaycan bu prosesdə mühüm tranzit və bağlantı imkanlarına malik ölkə kimi xüsusi mövqeyə sahibdir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın həm dünya bazarlarının enerji resursları ilə təmin olunmasında, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında roluna diqqət çəkdi. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın Türkiyə və Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlığı nəqliyyat və enerji layihələrinin inkişafı üçün geniş imkanlar yaradır.
TDT çərçivəsində ikitərəfli münasibətlərin də genişlənməsi təşkilat daxilində inteqrasiya proseslərinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərini rəsmiləşdirən müqavilə və bəyannamələr imzalayıb. Bununla yanaşı, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması qarşılıqlı investisiyaların təşviqi və iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından mühüm mexanizm kimi çıxış edir.
Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik məsələləri xüsusi yer tutur. Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı yalnız hərbi təhdidlərlə məhdudlaşmır. Terrorizm, transmilli cinayətkarlıq, informasiya və kiberməkanda yaranan risklər, eləcə də müxtəlif xarakterli qeyri-ənənəvi təhdidlər dövlətlər arasında daha sıx koordinasiyanı zəruri edir. Bu baxımdan TDT-yə üzv ölkələrin təhlükəsizlik strukturları arasında məlumat və təcrübə mübadiləsinin, operativ əlaqələrin və birgə fəaliyyətin gücləndirilməsi mühüm istiqamət kimi qeyd olunur.
Təhlükəsizlik məsələlərinin gündəlikdə ön plana çıxmasının digər səbəbi regionda və dünyada davam edən münaqişələrdir. Prezident İlham Əliyevin çıxışında qeyd etdi ki, ətraf regionlarda baş verən müharibələr və qarşıdurmaların coğrafiyasının genişlənməsi müxtəlif ölkələrin təhlükəsizliyinə birbaşa və dolayı təsir göstərə bilər. Belə şəraitdə qabaqlayıcı tədbirlərin görülməsi, mümkün risklərin vaxtında müəyyənləşdirilməsi və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
TDT-nin gələcək inkişafı baxımından təşkilat daxilində təhlükəsizliklə yanaşı, iqtisadi və sosial sabitliyin qorunması da mühüm amil kimi təqdim olunur. Ölkə başçısı çıxışında təşkilata üzv ölkələrdə iqtisadi artım, sənaye istehsalı və maliyyə sistemlərinin sabitliyi ilə bağlı müsbət dinamikanın müşahidə edildiyi vurğuladı. Eyni zamanda əhalinin demoqrafik göstəriciləri, gənc əhalinin çoxluğu və bunun iqtisadi inkişafla uzlaşdırılması məsələləri də diqqətə çatdırıldı.
