Xəbərlər
Türk dünyasının təhlükəsizliyi və həmrəyliyi
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri
Müasir dünyanın siyasi mənzərəsi sürətlə dəyişir. Geosiyasi proseslərin dinamikliyi, yeni təhlükəsizlik çağırışlarının meydana çıxması, regional münaqişələrin yaratdığı risklər və informasiya-kiberməkanın dövlətlərin həyatında artan rolu təhlükəsizlik anlayışına yeni məzmun gətirib. Artıq təhlükəsizlik yalnız dövlət sərhədlərinin qorunması ilə məhdudlaşmır. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər, informasiya və kibertəhlükəsizlik, eləcə də kritik infrastrukturun mühafizəsi dövlətlərin qarşısında duran mühüm məsələlər sırasındadır.
Belə bir mürəkkəb beynəlxalq şəraitdə Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik məsələlərinin müzakirəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 sentyabr 2026-cı ildə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı məhz bu baxımdan mühüm siyasi və strateji məzmun daşıyır. Görüşdə TDT Baş katibi, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın təhlükəsizlik üzrə yüksək vəzifəli nümayəndələri, həmçinin Şimali Kipr Türk Respublikasının nümayəndəsi iştirak edib.
Prezident İlham Əliyevin çıxışında Türk dünyasının qarşısında dayanan əsas çağırışlar və təşkilat daxilində təhlükəsizlik əməkdaşlığının inkişaf perspektivləri geniş şəkildə diqqətə çatdırılıb. Dövlət başçısı qeyd edib ki, Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi görüşləri ortaq qlobal və regional təhdidlərin müəyyənləşdirilməsi, onların qarşısının alınması yollarının araşdırılması və təhlükəsizlik sahəsində dialoqun yeni səviyyəyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu yanaşmanın əsasında mühüm bir həqiqət dayanır: müasir dövrdə heç bir dövlət təhlükəsizlik məsələlərini tamamilə təcrid olunmuş şəkildə həll edə bilməz. Çünki bir ölkədə meydana çıxan təhlükə qısa müddət ərzində başqa ölkələrə də təsir göstərə bilər. Terrorçuluq və transmilli cinayətkarlıq sərhəd tanımadığı kimi, kibertəhdidlər və informasiya manipulyasiyaları da coğrafi məhdudiyyətlərlə qarşılaşmır. Buna görə dövlətlər arasında təcrübə və məlumat mübadiləsi, əlaqələndirilmiş fəaliyyət və qabaqlayıcı tədbirlər müasir təhlükəsizlik siyasətinin mühüm elementlərinə çevrilir.
Prezident İlham Əliyevin çıxışının diqqətçəkən məqamlarından biri Türk Dövlətləri Təşkilatının yalnız siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, həm də təhlükəsizlik sahəsində dialoq üçün mühüm məkan kimi təqdim edilməsidir. TDT-ni birləşdirən əsas amillər sırasında ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr xüsusi yer tutur. Bu mənəvi yaxınlıq dövlətlər arasında qarşılıqlı etimadın və əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.
Türk dünyasının bu gün böyük siyasi, iqtisadi və humanitar potensiala malik geniş bir coğrafiyanı əhatə etməsi onun beynəlxalq münasibətlər sistemində əhəmiyyətini artırır. Lakin böyük potensial eyni zamanda böyük məsuliyyət deməkdir. Enerji ehtiyatları, nəqliyyat dəhlizləri, mühüm logistika marşrutları və rəqəmsal bağlantılar inkişaf etdikcə onların təhlükəsizliyinin təmin olunması məsələsi də aktuallaşır.
Azərbaycan bu baxımdan xüsusi mövqeyə malikdir. Ölkəmizin yerləşdiyi coğrafi məkan Şərq ilə Qərb, Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı imkanları yaradır. Xəzər dənizi üzərindən həyata keçirilən nəqliyyat və kommunikasiya layihələri Azərbaycanı Türk dünyasının müxtəlif hissələri arasında mühüm əlaqələndirici məkana çevirir. Görüşdə Qazaxıstan nümayəndəsi Aida Balayeva da Azərbaycan-Qazaxıstan əməkdaşlığının, Trans-Xəzər infrastrukturunun və Orta Dəhlizin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.
Orta Dəhlizin inkişafı yalnız iqtisadi məsələ deyil. Nəqliyyat marşrutlarının dayanıqlı fəaliyyəti həm də siyasi sabitlik və təhlükəsizlik tələb edir. Bu səbəbdən iqtisadi əməkdaşlıqla təhlükəsizlik məsələləri arasında qarşılıqlı əlaqə getdikcə daha aydın görünür.
Prezident İlham Əliyevin çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi əhəmiyyətinə də toxunulub. Dövlət başçısı bütün türk respublikalarını Azərbaycanın vətəni kimi xarakterizə edən yanaşmanı ifadə edib. Bu fikir Türk dünyasında mövcud olan tarixi, mədəni və mənəvi yaxınlığın siyasi münasibətlərə də təsirini göstərir.
Azərbaycanın Türk dünyası ilə münasibətlərinin inkişafında qarşılıqlı etimad, siyasi dialoq və konkret layihələr mühüm yer tutur. Dövlətlər arasında əlaqələrin yalnız yüksək səviyyəli görüşlərlə deyil, real iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik layihələri ilə möhkəmləndirilməsi əməkdaşlığın davamlılığını artırır.
Müasir dövrün təhlükəsizlik çağırışları arasında informasiya və kiberməkan xüsusi yer tutur. İnformasiya texnologiyalarının inkişafı dövlətlərə və cəmiyyətlərə yeni imkanlar yaratmaqla yanaşı, yeni risklər də meydana çıxarıb. Kiberhücumlar, dezinformasiya, müxtəlif informasiya manipulyasiyaları və rəqəmsal infrastruktura yönəlmiş təhdidlər artıq milli təhlükəsizliyin mühüm komponentlərindən biri hesab olunur.
Bu şəraitdə Türk dövlətlərinin təhlükəsizlik strukturları arasında təcrübə mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bir dövlətin qarşılaşdığı təhlükənin digər dövlət üçün də potensial riskə çevrilə bilməsi ortaq təhlükəsizlik mexanizmlərinin inkişafını zəruri edir.
Prezident İlham Əliyev çıxışında beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərin heç bir dövlət tərəfindən təkbaşına həll edilə bilməyəcəyini vurğulayıb. Bu fikirlər təhlükəsizlik əməkdaşlığının mahiyyətini aydın şəkildə ortaya qoyur. Təhlükəsizlik sahəsində əməkdaşlıq yalnız təhlükə baş verdikdən sonra reaksiya göstərmək deyil, mümkün riskləri əvvəlcədən müəyyənləşdirmək və onların qarşısını almaq imkanlarının gücləndirilməsidir. Bu baxımdan Təhlükəsizlik Şuraları katiblərinin toplantıları mühüm platforma rolunu oynayır. Belə görüşlərdə müxtəlif dövlətlərin təcrübəsi öyrənilir, yeni təhlükələr müzakirə olunur və mümkün əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir. Azərbaycanın bu prosesə ev sahibliyi etməsi isə ölkəmizin Türk dünyasında təhlükəsizlik məsələlərinin müzakirəsinə verdiyi əhəmiyyətin göstəricilərindən biridir. Təhlükəsizliyin digər mühüm istiqaməti ictimai sabitliyin qorunmasıdır. Dövlətin iqtisadi və siyasi inkişafı üçün sabitlik mühüm şərtdir. Sabitliyin olduğu cəmiyyətlərdə uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi, investisiyaların cəlb edilməsi və regional layihələrin reallaşdırılması üçün daha əlverişli şərait formalaşır. Türk dünyasının hazırkı inkişaf mərhələsində də sabitlik mühüm amildir. TDT-yə üzv ölkələrin geniş coğrafiyada yerləşməsi, müxtəlif nəqliyyat və enerji marşrutlarının onların ərazisindən keçməsi regional sabitliyin əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin çıxışında Türk dünyasının yüksəliş mərhələsində olduğu fikri də xüsusi diqqət çəkir. Azərbaycan Prezidentinin TDT Təhlükəsizlik Şuraları katiblərinin toplantısına ünvanladığı müraciətdə Türk dünyasının geniş coğrafi məkanda yerləşən, böyük siyasi və iqtisadi potensialı əhatə edən dost və qardaş ölkələrin birliyinin nümunəsi olduğu vurğulanıb. Bu yüksəliş yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz. Türk dövlətləri arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması, nəqliyyat və enerji layihələrinin genişlənməsi, humanitar münasibətlərin dərinləşməsi və təhlükəsizlik sahəsində əlaqələrin güclənməsi bütöv bir əməkdaşlıq sisteminin formalaşmasına xidmət edir. Bu prosesdə gənc nəslin də xüsusi rolu var. Türk dünyasının gələcək inkişafı bugünkü gənclərin bir-birini nə qədər yaxından tanımasından, ortaq layihələrdə iştirakından və xalqlar arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsindən asılı olacaq. Tarixi və mədəni bağların gələcək nəsillərə ötürülməsi Türk dünyasının uzunmüddətli həmrəyliyinin əsas dayaqlarından biridir.
Türk dünyasının təhlükəsizlik məsələlərinə yanaşmasında beynəlxalq hüququn prinsipləri də mühüm yer tutur. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət regional sabitliyin əsas şərtlərindəndir. Azərbaycan öz təcrübəsində beynəlxalq hüququn və dövlətlərin suverenliyinin nə qədər mühüm olduğunu dəfələrlə bəyan edib.Bu baxımdan Türk Dövlətləri Təşkilatının beynəlxalq məsələlərdə daha fəal əməkdaşlıq etməsi, üzv dövlətlərin ümumi maraq doğuran məsələlər üzrə fikir mübadiləsini genişləndirməsi və təhlükəsizlik sahəsində institusional mexanizmləri inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır.
Bakıda keçirilən görüşün əsas məzmunu da məhz təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığın vacibliyini göstərir. Bu əməkdaşlıq ayrı-ayrı dövlətlərin təhlükəsizliyinin deyil, bütövlükdə Türk dünyasının sabit və dayanıqlı inkişafının təmin edilməsinə xidmət edə bilər.
Prezident İlham Əliyevin çıxışında ifadə olunan fikirlər bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün siyasi həmrəyliklə yanaşı, praktiki əməkdaşlıq mexanizmlərinin də gücləndirilməsi vacibdir. Təhlükəsizlik Şuraları arasında əlaqələrin inkişafı bu baxımdan mühüm istiqamətlərdən biridir.
Bu gün Türk dünyası böyük tarixi imkanlar qarşısındadır. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər bu coğrafiyanı birləşdirən mühüm amillərdir. İqtisadi potensial, enerji resursları, nəqliyyat imkanları və insan kapitalı isə bu əməkdaşlığın maddi əsaslarını formalaşdırır.Lakin bütün bu imkanların səmərəli şəkildə reallaşdırılması üçün sabitlik və təhlükəsizlik mühüm şərtdir. Məhz buna görə Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər yalnız bugünün problemlərinə deyil, Türk dünyasının gələcəyinə yönəlmiş strateji baxış kimi diqqəti cəlb edir.
Azərbaycanın paytaxtı Bakı həmin gün Türk dünyasının təhlükəsizlik gündəliyinin müzakirə olunduğu mühüm mərkəzə çevrildi. Burada səsləndirilən fikirlər, aparılan müzakirələr və irəli sürülən yanaşmalar Türk dövlətləri arasında təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi üçün mühüm zəmin yaradır.
Bu görüşün siyasi və mənəvi əhəmiyyəti ondan ibarətdir ki, Türk dövlətləri müasir dünyanın mürəkkəb çağırışları qarşısında qarşılıqlı dialoqu və əməkdaşlığı daha da genişləndirmək imkanlarını müzakirə edirlər. Türk dünyasının gücü onun yalnız zəngin keçmişində deyil, gələcəyə birlikdə baxmaq və müasir çağırışlara adekvat cavab vermək imkanındadır.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının əsas qayəsi də bu istiqamətdə ümumi yanaşmanı ifadə edir: təhlükəsizliyin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və Türk Dövlətləri Təşkilatı məkanında ortaq təhlükəsizlik arxitekturasının inkişaf etdirilməsi.
17 sentyabr 2026-cı ildə Bakıda keçirilən görüş Türk dünyasının həyatında təhlükəsizlik məsələlərinin getdikcə daha böyük əhəmiyyət qazandığını nümayiş etdirdi. Bu gün təhlükəsizlik iqtisadi inkişafdan, enerji və nəqliyyat layihələrindən, informasiya məkanından və ictimai sabitlikdən ayrı təsəvvür edilə bilməz. Türk Dövlətləri Təşkilatı qarşısında geniş imkanlar dayanır. Bu imkanların səmərəli reallaşdırılması isə dövlətlər arasında davamlı siyasi dialoq, qarşılıqlı etimad və praktiki əməkdaşlıq tələb edir.
Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm görüş Türk dünyasının ortaq təhlükəsizlik gündəliyinin formalaşmasına verilən töhfələrdən biri kimi yadda qalacaq. Ortaq tarix Türk dünyasının yaddaşıdırsa, qarşılıqlı həmrəylik onun bu günü, təhlükəsiz və əməkdaşlığa əsaslanan gələcək isə onun qarşısında duran əsas vəzifələrdən biridir.
