Xəbərlər
“Qalib, suveren ölkənin gəncləri”
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında YAP-ın yaradılmasının 33-cü ildönümü münasibətilə “Qalib, suveren ölkənin gəncləri” mövzusunda gənclərlə görüş təşkil olunub.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirib ki, müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin layiqli davamçılarıdır. Bu siyasətin əsas məqsədi gənclərin Vətənə, dövlətə və milli dəyərlərə sədaqət ruhunda yetişdirilməsidir.
Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev sağlam düşüncəli, dövlətinə bağlı yeni nəslin yetişdirilməsinin həm dövlət, həm də cəmiyyət üçün mühüm vəzifə olduğunu bəyan etdi. Həmin dövrdə ölkə dərin siyasi və iqtisadi böhran yaşayırdı, müstəqilliyimizə daxildən və xaricdən ciddi təhdidlər mövcud idi. Bütün çətinliklərə baxmayaraq, Ulu Öndərin uzaqgörən qərarları Azərbaycan gəncliyi üçün yeni imkanlar yaratdı.
S.Əliyev qeyd edib ki, bu gün Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinə diqqət və qayğını daha da artırmışdır. Dövlətin gənclərə dəstəyi nəticəsində onların öz gücünə, bacarığına və intellektinə inam hissi daha da yüksəlib. Gənclərin potensialının reallaşmasına yönələn layihələr, onların savadlı və vətənpərvər kadr kimi yetişdirilməsi, gənc ailələrin sosial təminatı istiqamətində atılan addımlar dövlətin uzaqgörən siyasətinin bariz nümunəsidir.
Qeyd olunub ki, Azərbaycan gəncləri bu gün dövlət quruculuğunda, elm, təhsil, idman və hərbi sahələrdə fəal iştirak edirlər. 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin yazdığı qəhrəmanlıq salnaməsi nəsillərin yaddaşında əbədi olaraq qalacaq. Gənclər bu gün də Zəfərin qorunması və daha da möhkəmləndirilməsi kimi böyük bir missiyanı daşıyırlar. Dövlətin qayğısı, gənclərin enerjisi və Vətən sevgisi bu missiyanın əsas dayaqlarıdır. Azərbaycan gəncliyi ölkəmizin gələcəyinin etibarlı təminatıdır.
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Flora İbadova, gənc fəallar Rövşən Bəyoğlanzadə, Elxan Rəcəbov, Lətifə Həsənova, Gülyanaq Ağayeva və digərləri bildiriblər ki, müasir Azərbaycan gəncliyi milli dövlətçilik ideyalarının daşıyıcısıdır.
Gənclərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin ideoloji xətti, onlara göstərdiyi diqqət və yaratdığı geniş imkanlar mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə isə gənclər siyasəti daha sistemli, müasir və dayanıqlı məzmun alıb.
