MÜSAHİBƏLƏR
Beynəlxalq birlik Ermənistanın təxribatlarına son qoyulması üçün konkret addımlar atmalıdır
- Müşfiq müəllim, son zamanlar işğalçı Ermənistan təxribatçı hərəkətlərini artırmaqdadır. Sizcə, bu təxribatları törətməklə erməni tərəfi hansı məqsəd güdür?
- Ümumiyyətlə, Ermənistanın daxili siyasətində vəziyyət çox gərgindir. Son zamanlar Ermənistanda gərgin sosial-iqtisadi, demoqrafik vəziyyət hökm sürür. Ölkənin siyasi sistemi bərbad vəziyyətdədir. Bu durumda Ermənistan rəhbərliyi yarıtmaz siyasətini ört-basdır etmək və xalqın, ictimaiyyətin diqqətini xarici düşmən obrazına yönəltmək üçün müxtəlif provokasiyalara əl atdı.
Ermənilər dəfələrlə Azərbaycana hərbi təcavüz ediblər, türklərə qarşı soyqırımlar törədiblər. Bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə həyata keçiriblər. Bunun arxasında türk düşmənçiliyi ilə yanaşı, “Böyük Ermənistan” ideyası da dayanır. Ermənistanın məkrli planlarının əsası budur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlayan düşmən dövlət yeni münaqişə zonaları yaratmaq arzusundadır. Məhz bu məqsədlə də təxribata əl atır. Əsas qayə isə Gəncə şəhərini hədəf kimi göstərərək daxildə öz xalqını yeni ərazi iddialarına həvəsləndirməkdir. Bu bəyanatı verən Ermənistan özünü dünyaya faşist dövlət kimi təqdim edir.
Mənfur qonşularımız hər zaman beynəlxalq hüququn prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratiya qanunlarına etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərinin azad olunması barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır. Ermənistan beynəlxalq öhdəlikləri açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması prosesini davam etdirirlər. Azərbaycanın işğal altındakı ərazilərində qurulmuş saxta muxtariyyətin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Hətta Ermənistanın ictimai radiosunun yaydığı xəbərə görə, artıq Livandakı bir neçə ailə bölgədə yerləşdirilib. Bu qanunsuz məskunlaşma, həmçinin Azərbaycana məxsus olan torpaqlarda aparılan tikinti işləri dayandırılmalı, beynəlxalq normaları pozan düşmən dövlət məsuliyyətə cəlb olunmalıdır.
- Azərbaycan cəmiyyəti beynəlxalq birliyin, xüsusilə ATƏT-in Minsk qrupunun Ermənistanın təxribatlarına münasibət bildirməsini tələb edir. Bu barədə nə deyə bilərsiniz?
- Biz gözləyirik ki, ATƏT-in Minsk qrupu Ermənistanın bu seperatçı davranışına qarşı əməli tədbir görsün, eləcə də işğalçı ölkə rəhbərliyindən dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərərək BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən 4 qətnaməsini qeyri-şərtsiz icra etməsini tələb etsin.
Düşünürəm ki, Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi, orada döyüş postlarını gəzib bəyanatlar verməsi bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti heç bir sülh danışıqlarına razı deyil. İşğalçı ölkənin hakimiyyəti qanunsuz davranışlarını davam etdirir.
İşğalçı niyyətini açıq aşkar ortaya qoyan Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda, Azərbaycan torpaqlarında “təntənəli” mərasim keçirib və generalımız Polad Həşimovun da şəhid olduğu Tovuzdakı iyul döyüşlərinin iştirakçılarına müxtəlif medal və ordenlər, kapitan Ruben Samayana isə şəxsən "milli qəhrəman" mükafatı verib. Görünən odur ki, Paşinyan öz sələflərinin və faşist babasının faşizmə olan dəstəyini davam etdirib daha da möhkəmlənməsinə çalışır. Artıq mötəbər beynəlxalq birlik və təşkilatlar Ermənistan dövlətinin işğalçı mövqeyini, terrorizmə olan dəstəyini görməli və ifşa etməlidir.
- Bu yaxınlarda Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri keçirilib. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərində hərbi əməkdaşlıq nə kimi əhəmiyyət kəsb edir?
- Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlıq da mühüm yer tutur. Bilirsiniz ki, hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var.
İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir. Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr, üçüncüsü isə Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır.
İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. Belə ki, iki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.