MÜSAHİBƏLƏR
Azərbaycan-Çin tərəfdaşlığı müasir qlobal çağırışlara cavab verir

- Hikmət müəllim, müasir dövrdə beynəlxalq münasibətlər sistemində olduqca gərgin proseslər və ciddi geostrateji dəyişikliklər baş verməkdədir. Qlobal kataklizmlərin meydana gətirdiyi təhdid və çağırışlar fonunda yeni dünya nizamına transformasiya məsələsi beynəlxalq müstəvidə ciddi müzakirə predmetinə çevrilib. Belə bir şəraitdə beynəlxalq müstəvidə siyasi dialoq və qarşılıqlı etimada əsaslanan təmasların əhəmiyyəti nədən ibarətdir?
- Biz beynəlxalq münasibətlər tarixinin elə bir mərhələsindən keçməkdəyik ki, heç vaxt bu sistem indiki qədər çoxşaxəli, çoxqütblü və nizamsız olmayıb. Ən azı müasir beynəlxalq münasibətlər sistemi kimi xarakterizə etdiyimiz və Birinci və İkinci Dünya müharibəsindən sonra formalaşan son yüzillik nizamı nəzərdə tuturuq. Hazırda isə bəşəriyyət yeni bir dünya müharibəsinin ərəfəsindədir. Belə olan halda biz Kollektiv Qərb, Qlobal Cənub və s. kimi yeni güc balansı tənasüblüyündən danışmalı oluruq. Məsələ ondadır ki, bəzi hallarda Qlobal Cənuba Meksikadan cənuba doğru bütün Latın Amerikası da daxil edilir. Əgər buraya Hindistan, Pakistan, İndenoziya və s. kimi ölkələri də daxil etsək nə qədər böyük coğrafiyadan və böyük siyasi-iqtisadi gücdən bəhs etdiyimizi daha yaxşı anlaya bilərik. Bu, “qoca qitə”yə və avroatlantikaya real alternativ olan tamamilə yeni bir təşkilatlanma kimi nəzərdən keçirilə bilər.
Yeni Azərbaycan Partiyasından nümayəndə heyəti olaraq, Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə 10-17 sentyabr tarixlərində Çin Xalq Respublikasında səfərdə olduq. Səfərdə məqsəd partiyalararası əlaqələrin daha da inkişaf etdirilməsi “Çini tanıyın, dünyanı dinləyin” adlı forumda iştirak etmək idi. Forumda 43 ölkədən nümayəndə heyəti iştirak edirdi. Gündəm isə bu gün dünyada baş verən hadisələrə və aktual problemlərə Çindən, yaxud Qlobal Cənubdan baxış idi. Forumun özünəməxsusluğu və səciyyəvi tərəfi də elə bu idi.
Qlobal Forumda da yuxarıda bəhs etdiyimiz coğrafiyanın az qala hər bir ölkəsindən, üstəlik bir sıra Qərb və Orta Asiya ölkələrindən də nümayəndə heyətləri iştirak edirdi. Forumun yekunu isə yeni dünya nizamına Qlobal Cənubun baxışlarının məcmusu oldu. Azərbaycan nümayəndə heyətinin də plenar iclasda çıxışı nəzərdə tutulmuşdu. Qeyd etmək lazımdır ki, 43 ölkədən yalnız beşini təmsil edən məruzəçilərə plenar iclasda söz verildi. Onlardan bir də Azərbaycan idi. Bu, Çin Xalq Respublikası tərəfindən Azərbaycana verilən böyük qiymət idi.
-Bu səfər hansı nəticələrlə yadda qaldı? Azərbaycan-Çin münasibətlərində ÇKP ilə YAP arasındakı əlaqələr hansı strateji önəmə malikdir?
- YAP nümayəndə heyətinin rəhbəri olaraq “Yüksək keyfiyyətli əməkdaşlıq və qlobal sülh, sabitlik və inkişaf” mövzusunda çıxış etdim. Hər şeydən öncə qeyd etmək lazımdır ki, bu gün Çin Xalq Respublikasının sədri cənab Si Cinpin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdikləri siyasət Çin- Azərbaycan münasibətlərini tamamilə yeni bir tarixi mərhələyə qaldırıb. Bu gün iki ölkə strateji tərəfdaşlardır. ÇXR sədri cənab Si Cinpin Azərbaycan Prezidenti cənab İlham Əliyevi Çin xalqının böyük dostu adlandırır. Bu münasibətlərə uyğun olaraq da ÇKP və YAP arasında əlaqələr daha da dərinləşir və yeni istiqamətləri əhatə etməklə genişlənir. Təsadüfi deyil ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun Çinə səfəri zamanı partiyalararası əməkdaşlıqla bağlı memorandum imzalanmışdı. Hazırda isə gənclər təşkilatları arasında əməkdaşlıq, eyni zamanda ideoloji işin daha da keyfiyyətli təşkili üçün təcrübə mübadiləsi məsələləri aktualdır. Çünki dövlətlərarası münasibətlər sadə rəsmi münasibətlərdən ibarət olmur. Bu münasibətlərin inkişafı həm də mədəni, humanitar, elmi, texnoloji və s. sahələri əhatə etməlidir. Nəzərə almaq lazımdır ki, bu gün iki ölkənin vətəndaşları qarşılıqlı şəkildə vizasız gedib-gəlmək hüququna sahibdirlər və bu ticari əlaqələrimiz üçün tamamilə yeni imkanlar yaradır.
- Partiyalararası əməkdaşlığın dərinləşməsi hansı perspektiv imkanlar açır?
Qeyd etdiyimiz kimi, partiyalararası əlaqələr Çin-Azərbaycan münasibətlərinə əlavə stimul verir. Hazırda dövlətlərarası münasibətlərdə bir çox qeyri-ənənəvi diplomatiya vasitələri tətbiq olunur ki, bu da yeni dövrün yeni zərurətindən irəli gəlir. Siyasi dünyagörüşünün ortaq maraqlar üzərindən formalaşması və identikləşməsi baxımından ideoloji əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Bunları isə ən doğru və səmərəli formada partiyalararası əməkdaşlıq vasitələri ilə yaratmaq olar.
- Zəngin proqramı özündə ehtiva edən səfər çərçivəsində bir çox seminarda iştirak etmək, qarşılıqlı fikir mübadiləsi aparmaq, texnoloji yeniliklərlə tanış olmaq imkanı əldə etdiniz. Çinin yüksək texnologiyalar və digər sahələrdəki təcrübəsinin öyrənilməsi ölkəmiz üçün hansı imkanlar aça bilər?
- Heç kəsə sirr deyil ki, Çin bu gün innovativ texnologiyaların sənayeyə tətbiqində ən öndə gedən ölkələrdən biridir. Avtomobil sənayesindən tutmuş hərbi sahəyə qədər, məişət avadanlıqlarından tutmuş kosmik sənayeyə qədər Çin çox böyük uğurlar əldə edib və etməkdədir. Bütün bunlarla bərabər Çin beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün yeni təşəbbüslərlə çıxış edir. ŞƏT+ konfransında cənab Si Cinpin Qlobal idarəetmə, Qlobal təhlükəsizlik, Qlobal sivilizasiya və s. kimi yeni paradiqmal təşəbbüslərlə çıxış etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə öz çıxışında bu yeni təşəbbüslərin hamısını dəstəklədiyini bildirdi. Deməli, bu özlüyündə Çin-Azərbaycan münasibətləri üçün tamamilə fərqli perspektivlər açır. Məhz belə strateji potensiala malik ideyalar real siyasi-iqtisadi münasibətlər kontekstində də iki ölkə arasında münasibətlərin daha dinamik inkişafını və artmasını zəruri edir. Biz ÇKP Mərkəzi Komitəsinin (MK) Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini xanım Sun Haiyan ilə görüşdə bütün bunların nə qədər strateji əhəmiyyət daşıdığından bəhs etdik. Daha sonra ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin Avrasiya departamenti rəhbərinin müavini Xu Qinxian ilə görüşdə qlobal nəqliyyat-kommunikasiya məsələlərinin iki ölkə üçün nə qədər əhəmiyyətli olduğu haqqında fikir mübadiləsi apardıq. Bütün bunlar isə yeni imkanlar və yeni perspektivlər deməkdir. Bütövlükdə, Çin-Azərbaycan dostluğu və tərəfdaşlığı hər iki ölkənin milli maraqlarına uyğundur və mühüm perspektivlər vəd edir.