MÜSAHİBƏLƏR
Meksika Parlamentinin bəyanatı haqlı mübarizəmizə növbəti dəstəkdir
- Jalə xanım, son günlər Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində yenidən gərginlik yaranıb və hələ davam etməkdədir. Bu barədə həm Milli Məclis olaraq, həm də şəxsən mövqeyinizi dərhal açıqlamısınız, sərt mövqeynizi bildirmisiniz. Ancaq istərdik ki, bir daha baş verənlərə, Ermənistanın növbəti fitnəkarlığının arxasında daha nələrin dayandığına münasibətinizi ifadə edəsiniz. Niyə məhz indi, niyə məhz Tovuz?
- Təəssüflər olsun ki, işğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində iyulun 12-də başlayan gərginlik hələ də davam edir. Ara-sıra fasilələr olsa da, yenə atəş səsləri eşidilir, yenə döyüşlər davam edir. Ermənilərə və Ermənistana layiq olduğu və haqq etdiyi cavabı verilib, verilir. Ötən 6 gün ərzində 11 şəhid vermişiksə, bir neçə yaralananımız olubsa, ermənilərə bunun az qala on qat artlğı ödədilib. Müdafiə Nazirliyinin son məlumatına əsasən, iyulun 12-dən bu yana ermənilər tərəfindən yaralı və ölü sayı olaraq, 100-ə yaxın itki verilib. Generalımızın, polkovnikimizimin, digər 9 şəhidimizin-qəhrəmanımızın qanı yerdə qalmayıb, qoyulmayıb, onların qisası daha ağır şəkildə alınıb və Ermənistan hər mənada, hər bir düşərgədə, həm döyüş meydanında, həm siyasət, həm diplomatiya savaşında geri oturdulub. Bu, qondarma, vassal, forpost "ölkə" hər mənada özünü itirib, tükənib, təklənib. Üzvü olduğu və çox güvəndiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), illərlə onlara havadarlıq edən bir neçə beynəlxalq təşkilata və dövlətə müraciətləri, yalvarışları belə nəticəsiz və faydasız qalıb. İstəklərinin heç biri alınmayıb, gözlənilən dəstək, növbəti hiylə və timsah göz yaşları baş tutmayıb. KTMT-nin dünənki iclasında xatirə fotosu çəkiliş zamanı yaşananlar isə Ermənistana, onun özünü idarə edə bilməyən, küçə səviyyəsindən o yana gedə bilməyən Baş nazirinə münasibətin əsl göstəricisi olub. Özünü hörmət edən dövlət və siyasətçi, dövlət rəhbəri o münasibətdən sonra həmin təbdiri yarımçıq tərk etməli idi. Amma bir daha təsdiqləndi ki, ermənilər və Ermənistan üçün heç vaxt dövlət və dövlətçilik qüruru olmayıb və bundan sonra da olası deyil. Təbii ki, Ermənistanın və onun havadarlarının işğalçılıq siyasəti, niyyətləri ortadadır, 32 ildir ki, bu, işğalçılıq və təcavüzkarlıq siyasəti davam etdirilir. Amma budəfəki təxribat, budəfəki fitnəkarlıq Ermənistanın son bir neçə ayda bütün cəbhələrdə, xüsusilə, siyasət arenasında küncə sıxışdırlmasından doğan qəzəb, həm də Tovuz bölgəsinin çox strateji bölgə olması, bir çox dünya miqyaslı boru kəmərlərinin, xətlərin (Bakı-Tbilisi-Ceyhan, Bakılı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi Qars...) məhz oradan keçməsi və sairlə bağlıdır. Budəfəki niyyət və məqsədlər, fitnəkarlıq əməlləri daha qorxulu və təhlükəlidir. Həm də onlar bu məsələdə tək deyillər, bu haqda da geniş danışmaq istəməzdim, çoxlarına bəllidir. Ona görə də həm daxildə yaşanan təlatümlərdən diqqəti yayındırmaq, həm Azərbaycana olan qəzəbi bir az olsa belə, soyutmaq, həm də dəstək, güc aldıqları dairələrin antiAzərbaycan niyyətlərini gerçəkləşdirmək üçün bu məqamı və bu məkanı seçdilər. Amma dərhal da peşman edildilər və bundan sonra da ediləcəklər. Tam əmin olsunlar!
- Qeyd etdiyiniz kimi, Ermənistanla və havadarları ilə təkcə hərb meydanında deyil, həm də siyasət, diplomatiya cəbhəsində döyüşürük. Bu istiqamətdə necə deyərlər, döyüşlər, müharibə, mübarizə istədiyimiz kimi gedirmi, alınırmı?
- Bəli, ermənilərlə və Ermənistanla, ona gizli və açıq dəstək verənlərlə savaşımız təkcə hərb meydanında deyil, həm də siyasət, diplomatiya meydanında gedir, davam edir. Bu, həm də Azərbaycan dövlətinin, ölkə Prezidentinin, Ali Baş Komandanın iradəsi və tələbidir. İstər Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan son iclasında çıxış, istərsə də, yeni Xarici işlər nazirini videoformatda qəbul zamanı ölkə başçısının ən önəmli və vacib tələblərindən, tapşırıqlarından biri də o oldu ki, bizə müdafiə, kiminsə xoşuna gələn diplomatiya deyil, hücum diplomatiyası, ermənilərə hərb meydanında olduğu kimi, siyasət, diplomatiya savaşında da ciddi, sarsıdıcı zərbələr endirilməsi lazımdır. Tamamilə, haqlı, vaxtında, yerində olan tələb və tapşırıqdır. Hərb qədər, siyasi və diplomatik gedişlər də önəmlidir. Təbii ki, bu məsələdə diplomatlarımızla, Xarici İşlər Nazirliyimizlə (XİN) yanaşı, millət vəkillərinin, ali qanunverici orqanımız olan Milli Məclisin (MM) də üzərinə, çiyinlərinə böyük vəzifələr düşür...Onu da xatırlatmaq yerinə düşər ki, istər Azərbaycan Parlamentinin yüz illiyində, istərsə də, 6-cı cağırış MM-in ilk açılış iclasında ölkə Prezidentinin tarixi çıxışlarında bu məqamlar xüsusilə qabardılmış, millət vəkillərinin də çiyinlərinə böyük vəzifələr düşdüyü vurğulanmışdı. Bu məsələyə keçməzdən öncə qeyd etmək istərdim ki, son günlər yaşanan ağır hadisələrin fonunda bir daha hər bir kəsin, hər bir dövlətin, hər bir beynəlxaslq qurumun mövqeyi, siması bəlli oldu...Dost, əsl tərəfdaş kimdir o da özünü göstərdi, ikili mövqe nümayiş etdirən, "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə illərdir prinsipsizlik, mövqesizlik göstərənlər də...Yenə də qardaş və dost Türkiyə birinci oldu. Xarici İşlər Nazirliyi, sonra isə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan səviyyəsində Azərbaycana əsl qardaş dəstəyi ifadə olundu, Ermənistana sərt xəbərdarlıq edildi...Həmçinin, Türkiyə Böyük Millət Məclisi, 4 önəmli siyasi partiya səviyyəsində Azərbaycana dəstək nümayişi ifadə edildi. Eyni zamanda, Azərbaycana, işğal faktına görə, Ermənistanla hələ də diplomatik-siyasi münasibətlər qurmayan və müstəqilliyimizi ilk tanıyan 3 ölkədən biri olan dost və qardaş Pakistandan Azərbaycana dəstək gəldi, Azərbaycanın bir daha haqq mövqeyi dəstəkləndi. Bununla yanaşı, dost və strateji müttəfiqimiz olan Ukraynadan, üzv olduğumuz bir neçə regional (xüsusilə, TÜRKPA-dan) və beynəlxalq qurumlardan Azərbaycanın haqlı mövqeyinə açıq dəstək ifadə edilən mövqelər bildirildi. Bu məsələdə Parlamentimizin spikeri-xanım Sahibə Qafarovanın da böyük xidmətləri var. Çünki cəbhədə baş verən gərginliyin eryəsi gün Sahibə xanım Qafarova tərəfindən üzv olduğumuz və MM tərəfindən əməkdaşlıq edilən bütün beynəlxalq qurumlara, onların rəhbərlərinə müraciətlər olundu, Ermənistanın addımlarının sərt şəkildə qınanılması, pislənilməsi istənildi.
- Yeri gəlmişkən, parlament diplomatiyası da çox önəmlidir və bu istiqamətdə işlər nə yerdədir, qaneedicidirmi? Rəhbəri olduğunuz Azərbaycan-Meksika parlamentlərarası dostluq qrupunun bu sahədə fəaliyyəti haqqında məlumat almaq istərdik.
- Bir az öncə dediyim kimi, Parlamentimizin sədrinin məlum müraciətlərindən ötən qısa müddət ərzində də bir neçə təşkilatdan gələn cavablar, dəstək nümayişləri bunun əyani təsdiqi oldu. Eyni zamanda, ötən gün dost Meksikadan Azərbaycana dəstək nümayişi özünü göstərdi. Çünki bu da təsadüfi deyil. Bu gün Azərbaycanla Meksika arasında gözəl siyasi, diplomatik, iqtisadi münasibətllər var. Meksika həm də o ölkələrdəndir ki, 20-ci əsrin ən böyük qanlı qətliamı olan Xocalı vəhşətini parlament səviyyəsində soyqırımı aktı kimi tanıyan qətnamə qəbul edib. Bununla da, şərin, haqsızın, təcavüzkarın yanında deyil, məhz haqqın, haqlının yanında olduğunu nümayiş etdirib. Heç şübhəsiz ki, bu qətnamənin qəbul olunmasında Azərbaycanla-Meksika parlamentləri, o cümlədən, hər iki ölkənin Dostluq qruplarının sıx, qarşılıqlı əlaqələri də önəmli rol oynayıb. Çox sevindirici və əlamətdar haldır ki, hər iki dövlətin ali qanunverici orqanlarının analoji Dostluq qrupları qarşılıqlı şəkildə gözəl əməkdaşlıq əlaqələri qurmağa nail olublar. Bildiyiniz kimi, artıq bir neçə aydır-yəni, 6-cı çağırış MM dövründən Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna mən rəhbərlik edirəm. Hələ 12 iyul hadisələrindən öncə videokonfrans formatında meksikalı həmkarımızla və digər rəsmilərlə bir araya gəlinmiş, ötən müddətdə görülən işlərə, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi Xocalı soyqırımı ilə bağlı mövqeyinə görə, Meksika dövləti və parlamentinə minnətdarlıq bildirilmiş, növbəti dönəmdə də bütün istiqamətlərdə, o cümlədən, parlament diplomatiyası çərçivəsində əlaqələrin daha da gücləndirilməsi, intensivləşdirilməsi qərara alınmışdı. Və 12 iyul hadisələrindən sonra ilk dəstək nümayişlərindən biri yenə Meksika Deputatlar Palatasından, Meksika-Azərbaycan Dostluq Qrupunun sədri tərəfindən gəldi. Dostluq Qrupunun, qrup rəhbəri cənab Aqustin Qarsiya Rubionun yaydığı bəyanatda Azərbaycanın Tovuz rayonu istiqamətində hücumlar qəti şəkildə pislənmiş, BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 qətnaməsi, həmçinin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində münaqişənin həllinə çağırış edilmişdir. Bununla yanaşı, döyüşlər zamanı vəfat edənlərlə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı ifadə edilmişdir. Hesab edirəm ki, bu, olduqca önəmli və təqdirəlayiq, alqışlanmalı bir mövqedir. Bunu özü də bir siyasi, diplomatik uğurdur. Bu məsələdə də hec şübhəsiz ki, parlamentimizin, ötən dövrdə qurulan və davam etdirilən əlaqələrin xüsusu rolu olmuşdur. Odur ki, həm Dostluq Qrupumuzun, həm də parlamentimizin adından meksikalı həmkarlarımıza minnətdarlığımızı ifadə edir, münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyimizi ifadə edirik. Bu ölkənin Azərbaycandakı Səfiri cənab Xuan Rodriqo Labardini ilə mütəmadi olaraq telefonla və video bağlantı şəklində əlaqə saxlayırıq. Eyni zamanda Azərbaycanın Meksikadakı səfirliyi ilə, səfirimiz cənab Məmməd Tallbovla da aktiv işbirliyi içərisində ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına öz töhvəmizi verməyə çalışırıq. Artıq Dostıuq Qrupumuzun adından meksikalı həmkarlarımıza, adıçəkilən Dostluq Qrupuna bizə 12 iyul hadisələrində verdikləri dəstəyə görə minnətdarlıq ifadə edən məktubumuz hazırdır və həftənin ilk iş günündə Meksika Parlamentinə göndəriləcəkdir.Bəli, ermənilərə, Ermənistana qarşı bütün cəbhələrdə, səngərlərdə mübarizə davam edir, davam etdirilməlidir və davam etdiriləcək-Qələbəyəcən, Zəfərəcən!!!