MÜSAHİBƏLƏR
15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm yer tutur
- Malik müəllim, hər il 15 iyin tarixi ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Milli Qurtuluş Gününün müasir tariximizdə yeri və rolu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, 15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində çox mühüm yer tutur. Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu Öndər Heydər Əliyevin «Müstəqiliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir.
Bu baxımdan, Azərbaycanın müasir tarixinin iki önəmli hadisələrindən biri Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edilməsi və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıdır. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı o zaman yenicə bərpa edilmiş dövlət müstəqilliyimizin başı üzərini almış çox ciddi təhlükələrin aradan qaldırılması ilə əlaqədar idi. Bu təhlükələri yaşayan Azərbaycan xalqı ölkəni düçar olduğu vəziyyətdən xilas etmək üçün dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etməklə Azərbaycanın qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun önəmi, əhəmiyyəti hər birimizə aydındır. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəyə rəhbərlik edənlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının yaratdığı problemlər, faciələr, anarxiya, özbaşınalıq, dövlət müstəqilliyini itirmək təhlükəsi məhz müstəqilliyimizin ilk illərinin səciyyəvi xüsusiyyətləri idi. Belə çətin məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Xalqı ilə birlikdə olduğunu bəyan edən ulu öndər Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişi, qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər o dövrün hadisələrinin şahidi olanların yaddaşlarındadır.
Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də isə Ulu Öndər Azərbaycanın Prezidenti seçildi. Bu qısa xronologiya bir daha Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə, dahi şəxsiyyətin isə xalqına bağlı olmasının təsdiqidir.
«Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm» tezisini önə çəkərək, bunu atdığı hər addımında sübut edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı çox qısa zamanda böyük inkişaf, tərəqqi yoluna çıxardı. Verilən hər bir vədin konkret əməli işdə təsdiqinin nəticəsi idi ki, xalqın gələcəyə ümidləri daha da artdı. İstər Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında ümummilli lider Heydər Əliyev müstəqil, müasir dövlətimizin simvolu kimi qalmış və qalacaq. Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
- Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illəri necə xarakterizə edərdiniz?
- Birmənalı şəkildə qeyd etməliyik ki, həmin illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaq. 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu. Ölkəmizə inamın artması imzalanan sazişlərin sayında da özünü göstərdi. Bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmində artımı xüsusi qeyd ediriksə, bu, məhz həmin dövrdə Azərbaycana qarşı yaradılan inamın nəticəsidir. Baxmayaraq ki, ölkəmiz hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub, müstəqilliyimizin ilk ilərində ölkədə mövcud olan ictimai-siyasi gərginlik bu diqqətə öz mənfi təsirini göstərmişdir.
Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər tərəddüdlərini gizlətməkdə çətinlik çəkirdilər. Ulu Öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkədə yaradılan sabitlik, «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycana inamı artırdı, çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» bildirən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyası, bu strategiyanın təməlində dayanan «Əsrin müqaviləsi» Azərbaycanın bugünkü və gələcək yoluna işıq saçır. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərini ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə sərf edilməsi dahi şəxsiyyətin uzağa hesablanmış siyasətində əsas yer tuturdu. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması məqsədilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondu dövlət siyasətinin əsas prioritetlərini müəyyənləşdirir.
Bir əsas məqamı da qeyd etmək istərdim ki, 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasından öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Beynəlxalq neft, qaz sərgi və konfransının keçirilməsi Azərbaycanın enerji potensialının dünyaya təqdimatında mühüm rol oynadı. Ənənəvi keçirilən bu sərgi-konfranslar Azərbaycanın hər il enerji sektorunda qazandığı uğurlara bir baxış olmaqla, yeni-yeni əməkdaşlıq əlaqələrinin yaranmasına stimul olur.
İqtisadi tərəqqi digər sahələrin də inkişafını təmin etdi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlar bir daha bu reallığı ortaya qoydu ki, daim xalqına güvənən, xalqına arxalanan Ulu Öndər Heydər Əliyev onların yaxşı yaşayışı üçün çalışır. Heydər Əliyev-xalq birliyi hər sahədə öz təsdiqini tapmışdır. Bu birlik, həmrəylik uğurların davamlı olması üçün açar rolunu oynayır. Dahi şəxsiyyət Heydər Əliyevin bu tezisi dünənimizin, bu günümüzün və gələcəyimizin, eyni zamanda Heydər Əliyev siyasətinə inamın aydın təsəvvürünü yaradır: «Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!»
- Ümummilli Liderimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsi gələcək nəsillər üçün nə dərəcədə zəruridir?
- Dahi şəxsiyyət Heydər Əliyevin ideal lider obrazını, dövləti, xalqı qarşısındakı xidmətlərini bir yazı ilə əhatə etmək qeyri-mümkündür. İllər bir-birini əvəzlədikcə bu xidmətlərin miqyasının genişliyi daha aydın görünür, işıq üzü görən tədqiqat əsərləri göstərilən səylərin böyüklyünə, vətən, xalq anlayışlarının dahi şəxsiyyətin həyatının mənasını təşkil etməsinə işıq salır. Onun ən yüksək tribunalardan Azərbaycanlı olması ilə fəxr etdiyini bəyan etməsi harda yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı bu amal ətrafında birliyə çağırırdı: «Bizim hamımızın bir vətəni var-bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq- bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir!»
Ümummillli Lider Heydər Əliyevin müasir Azərbaycanın memarı, qurucucu kimi təqdim olunması həmin dövrün, 1993-cü ilin iyun hadisələrinin bir cümlə ilə təhlilidir. Dahi şəxsiyyət Azərbaycanın düşdüyü ağır durumdan xilas olacağına böyük inamla yanaşdı: «Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir». Mövcud problemlərin çözüləcəyinə xalqda böyük inam hissi yaradan Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikir bu günun gerçəklikləri fonunda özünü təsdiqləməklə yanaşı onun xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinə də aydınlıq gətirir. Düzgün müəyyənləşdirilən daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə sabitilk diyarı, qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirir. «Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik». 1995-ci ildə qəbul edilmiş Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.
- Bu gün Heydər Əliyev siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirlir...
- Sözsüz ki, prioritetlər müəyyənləşdirilərkən əldə olunan uğurların təhlilinə ehtiyac yaranır. Bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün digər ölkərə nümunə göstərilməsi uğurlarımızın təsdiqidir. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirmiş, beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevirmişdir. Bu gün Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması da deyilənlərin təsdiqidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən bəyan etdi ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 17 ilə yaxın dövrün statistikasına diqqət yetirsək bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını görərik.
Bir faktı da qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 80 faizinə sahibdir. İşsizlik və yoxsulluq 5 faiz civarındadır. Ötən illərdə açılan yeni iş yerlərinin sayı iki milyondan artıqdır. İqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsinə stimul verir. Əmək haqqları, pensiyalar artırılır, aztəminatlı ailələr ünvanli sosial yardım proqramından bəhrələnirlər. Paytaxt və bölgələrdə yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib, istifadəyə verilib. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafını təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, ölkəmiz qarşıdakı illərdə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq.
Hazırda bütün dünya koronavirus pandeiyası ilə mübarizəyə səfərbər olunduğu bir şəraitdə Azərbaycan bu məsələdə də dünya üçün nümunə göstərir. Bütövlükdə, həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib.