MÜSAHİBƏLƏR
Milli intibahdan şanlı Zəfərə
- Mübariz müəllim, iyulun 14-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsinin 57-ci ildönümü tamam olur. Bu mühüm hadisənin Azərbaycanın dövlətçilik tarixində əhəmiyyəti nədən ibarətdir?
- Heydər Əliyevin ilk dəfə Azərbaycanda ali siyasi rəhbərliyə başladığı 1969-cu il respublikamızın tarixində həm inkişaf, həm də milli intibah baxımından olduqca mühüm bir mərhələnin başlanğıcı oldu. Bunun üçün müqayisələrə baxmaq lazımdır. Zəngin təbii resurslarına və güclü potensialına baxmayaraq, SSRİ-nin əyalətlərindən biri kimi qiymətləndirildiyindən ötən əsrin 60-cı illərində Azərbaycan əsas iqtisadi göstəricilərinə görə ittifaq miqyasında xeyli geri qalmışdı. Məsələn, Azərbaycanın milli gəlirinin həcminə görə ümumittifaq səviyyəsindən iki dəfə geri qalması respublikadakı iqtisadi vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərirdi.
Ulu Öndər bu vəziyyəti ilk gündən düzgün müəyyənləşdirərək onun həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Məlum olduğu kimi, Heydər Əliyev Azərbaycana rəhbərliyə başladıqdan bir ay sonra Azərbaycan KP MK-nın avqust plenumunda məruzə ilə çıxış etmişdi. Məruzədə respublika iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyət böyük prinsipiallıqla dərindən və hərtərəfli təhlil olunmuşdu. Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan KP MK-nın plenumlarında, fəallar yığıncaqlarında, toplantılarda və digər tədbirlərdə etdiyi məruzə və çıxışlarında problemləri ardıcıl şəkildə təhlil edir, yeni vəzifələr müəyyənləşdirirdi. Təsadüfi deyil ki, həmin vəzifələrdən irəli gələrək görülən işlər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsinin əsasını qoydu. Başqa sözlə desək, Azərbaycanın sovet dövrü tarixində 1969-cu ildən başlayaraq tənəzzüldən inkişafa doğru dönüş mərhələsinin təməli qoyuldu.
Məhz Heydər Əliyevin qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində Azərbaycanda 1969–1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində qısa müddətdə vüsətli dəyişikliklər baş verdi. Bu dövrdə Azərbaycanda milli gəlirin ümumi həcmi 2,5 dəfə, xalq istehlakı mallarının istehsalı 3 dəfə, sənaye istehsalı isə 2,7 dəfə artdı. Əgər XX əsrdə 1969-cu ilədək Azərbaycanda 735 sənaye müəssisəsi yaradılmışdısa, Heydər Əliyevin rəhbərlik etdiyi 13 il ərzində onların sayı 1048-ə çatdırıldı. Elektron maşınqayırması, radio sənayesi kimi mütərəqqi sənaye sahələri də məhz həmin dövrdə yaradıldı. Azərbaycanda istehsal olunan 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edilirdi. Bu məhsulların bir çoxu nəinki Azərbaycanda, eləcə də bütün ittifaq miqyasında ilk dəfə istehsal edilən məhsullar idi.
Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 1969-cu ilin göstəriciləri ilə müqayisədə bir neçə dəfə artmış, 5 min meqavat gücündə elektrik enerjisi istehsal potensialına malik energetika sistemi formalaşdırılmış, avtomobil yollarının ümumi uzunluğu isə 1,2 dəfə yüksəlmişdi. Eyni zamanda, neft sənayesində yeni inkişaf mərhələsinin əsası qoyulmuşdu. Bütün bunların nəticəsində Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən ardıcıl sosial-iqtisadi siyasət Azərbaycanı keçmiş SSRİ məkanında qabaqcıl respublikalardan birinə çevirmiş, respublika Rusiya və Ukrayna ilə birlikdə öz daxili iqtisadi imkanları hesabına dayanıqlı inkişafını təmin edə bilən üç müttəfiq respublikadan biri kimi tanınmışdı.
Belə bir deyim var ki, bütün müqayisələr qüsurludur, amma əsl həqiqət həmişə müqayisədə üzə çıxır. Ulu Öndərin ilk rəhbərlik dövrünün uğurlarını da məhz bu müqayisələr aydın şəkildə ortaya qoyur. Bu rəqəmlərin mahiyyətində yalnız statistik göstəricilər deyil, ondan daha artıq Ulu Öndərin fədakarlığı və Azərbaycan naminə həyata keçirdiyi şərəfli missiya öz əksini tapır.
Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda "Hansı müttəfiq respublika Sovet İttifaqından ayrıldıqdan sonra iqtisadi cəhətdən müstəqil yaşamağa qadirdir?" sualına cavab axtarılarkən həmin respublikalar sırasında Azərbaycanın adı ilk yerlərdə çəkilirdi. Heydər Əliyevin yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi və psixoloji baza sonrakı dövrdə, müstəqillik illərində Azərbaycan xalqı üçün həqiqətən də çox böyük əhəmiyyət kəsb etdi.
Heydər Əliyev Azərbaycanın yüksəlişində yalnız sosial-iqtisadi amillərlə kifayətlənmirdi. Ulu Öndər bu məsələyə kompleks yanaşaraq təhsilin səviyyəsinin yüksəldilməsi, elmin inkişafı və idarəçilikdə azərbaycanlı kadrların sayının artırılması üçün bütün imkanları səfərbər edirdi. Əgər ötən əsrin 50–60-cı illərində Azərbaycanda dövlət idarəçiliyində çalışan kadrların böyük əksəriyyəti digər millətlərin nümayəndələrindən ibarət idisə, Heydər Əliyevin rəhbərliyi dövründə kadr siyasətində azərbaycanlıların üstünlük təşkil etməsinə xüsusi diqqət yetirildi.
Bu baxımdan Heydər Əliyevin sovet illərində xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən, ən çox ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına şərait yaratması idi. Heydər Əliyev həmin mütəxəssisləri "Azərbaycanın milli sərvəti" kimi qiymətləndirirdi.
Bu gün də Azərbaycanın hərbi təhsil sistemində böyük rol oynayan Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması məhz Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinin nümunələrindən biridir. Ciddi maneələrə baxmayaraq, bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə milli hərbi kadrların yetişdirilməsi məqsədilə yaradıldı. Ulu Öndər Heydər Əliyev bu məktəbin əhəmiyyəti barədə sonralar belə deyirdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdü”.
Ulu Öndərimiz həmin dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Bütün bunlar respublika rəhbərinin Azərbaycan gəncliyinə göstərdiyi böyük qayğının təzahürü idi.
O illərdə Heydər Əliyevin fəaliyyəti respublikamızı iqtisadi və sosial göstəricilərə görə keçmiş ittifaq üzvləri arasında qabaqcıllar sırasına yüksəltməklə bərabər, xalqımızın milli oyanışına da yol açmışdı. Bu mənada Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrünün xüsusi göstəricilərindən biri də milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi qayğı idi. Bildiyimiz kimi, sovet ideologiyası xalqların milli dəyərlərinin təbliğinə qarşı idi və ona görə bu cür addımların atılması riskli idi. Lakin Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək xalqımızın mənəvi dəyərlərinin itməməsi üçün əlindən gələni etdirdi. Çünki Ulu Öndər vətənpərvər idi, öz xalqının dəyərlərinə bağlıydı. Xalqımızın milli mənlik şüurunun inkişafına güclü təkan verən tədbirlərin həyata keçirilməsi Azərbaycan dilinin Heydər Əliyevin milli təəssübkeşliyindən, vətəninə və xalqına sonsuz məhəbbətindən irəli gəlirdi. Heydər Əliyevin yaradıcılığında Azərbaycanın milli-mənəvi dəyərlərini, zəngin tarixini tərənnüm edən şair və yazıçıları sovet təqibindən cəsarətlə qoruyurdu. Məhz Heydər Əliyevin sayəsində ictimai şüurdakı qorxu aradan qalxdı. O cümlədən , Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada dövlət kimi təsbit edilməsinə nail olmuşdu. O zaman Azərbaycan dilinin Konstitusiyada dövlət kimi təsbit edilməsi azərbaycançılığın hüquqi statusunun təmin olunmasına xidmət edən mühüm tarixi hadisə idi.
O dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyevin məfkurənin inkişafına xidmət edən siyasətinin nəticəsi idi. Əlbəttə ki, bütün bunlar həm də milli özünüdərkin və özünəqayıdışın baş verməsində böyük rol oynayırdı. Görülən işlər özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. Bu baxımdan sovet dövründə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış və milli oyanış da Heydər Əliyevin adı ilə bağlı idi. Azərbaycanın müstəqilliyi ideyası da o illərdən formalaşmağa başlamışdı.
Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi.
Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən demişdir: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".
O illərdə həyata keçirilən iqtisadi və sosial siyasət, bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının, dövlət idarəçiliyinin və ictimai-siyasi həyatın dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi. Elə bu uzaqgörənliyinə və dərin siyasi baxışlarına görə Heydər Əliyev 1982-ci ildə Kremldə məsul vəzifəyə təyin edilmişdi. Moskvada çalışarkən də Heydər Əliyev Azərbaycanın inkişafını diqqət mərkəzində saxlamış, ölkəmizin sosial-iqtisadi tərəqqisinə dair müxtəlif proqramlarn qəbuluna nail olmuşdur.
Qeyd etdiyimiz bütün bu məsələlər göstərir ki, Azərbaycan tarixində 1969-cu ilin iyulu təkcə rəhbər dəyişikliyi ilə deyil, dövlət idarəçiliyində yeni düşüncə tərzinin, strateji baxışın və milli maraqlara əsaslanan inkişaf modelinin formalaşması ilə yadda qalıb. Odur ki, Azərbaycanda Heydər Əliyev siyasətinin başlandığı 1969-cu ilin 14 iyul tarixi xalqımızın dövlətçilik və respublikamızın inkişaf salnaməsində Böyük Dönüş mərhələsi kimi xüsusi yer tutur.
- Şübhəsiz ki, Heydər Əliyevin ali dövlət rəhbərliyində təmsil olunmadığı illər Azərbaycanın ən ağır və taleyüklü dövrü kimi yadda qalıb. Lakin Ulu Öndər həmin dönəmdə də ölkənin taleyinə biganə qalmayaraq xalqın yanında olub. Həmin mürəkkəb mərhələni necə səciyyələndirirsiz?
- Azərbaycanın müasir tarixini təhlil edərkən görürük ki, xalqımızın məruz qaldığı faciələr, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına başlamaları Heydər Əliyevin ali siyasi rəhbərlikdə təmsil olunmadığı illərə təsadüf edir.
Heydər Əliyev sovet illərində ali rəhbərlikdə çalışdığı bütün mərhələlərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, separatçı planlarının qarşısını qətiyyətlə almışdı. Heydər Əliyevin vaxtında ermənilər ölkəmizə qarşı ərazi iddiası ilə çıxış edə bilmədilər. Ulu Öndərin Kremldə yüksək vəzifə tutması da ermənilərin Azərbaycanla bağlı məkrli planlarının həyata keçməsinə mane olurdu. Belə ki, 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna müraciət edərək, qondarma “erməni soyqırımı”nın tanınmasını, yəni, 24 aprelin “anım günü” elan olunmasını təklif etmişdi. Siyasi Büronun iclasını aparan Qorbaçov bu təkliflə razılaşsa da, Heydər Əliyevin sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdı.
Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifəsində çalışması Mixail Qorbaçovun və ermənilərin maraqları ilə uzlaşmırdı. Bu səbəbdən onun ittifaq rəhbərliyindən uzaqlaşdırılması əsas məqsədlərdən birinə çevrilmişdi. Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun, eləcə də SSRİ rəhbərliyinin həyata keçirdiyi siyasi kursla razılaşmadığını bildirərək 1987-ci il oktyabrın 21-də tutduğu vəzifədən istefa verdi. Bundan sonra erməni millətçi dairələri Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını daha açıq şəkildə irəli sürməyə və separatçı fəaliyyətlərini genişləndirməyə başladılar. İstefadan qısa müddət sonra Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A. Aqanbekyan Parisdə yerləşən “İnterkontinental” hotelində verdiyi müsahibədə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinin iqtisadi baxımdan məqsədəuyğun olduğunu bildirdi və bu istiqamətdə xüsusi komissiyanın fəaliyyət göstərdiyini açıqladı. Həmin açıqlama erməni separatizminə siyasi stimul verdi, elə həmin ilin oktyabrında İrəvanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə kütləvi mitinq keçirildi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin dövrü təhlil edib səciyyələndirərkən demişdir: “Heydər Əliyevin istefasından sonra Azərbaycanın problemləri başladı. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı. Əfsuslar olsun ki, ovaxtkı sovet rəhbərliyi həmin separatçıların fəaliyyətinə heç bir məhdudiyyət qoymadı, heç bir reaksiya vermədi və nəticə etibarilə bu meyillər Sovet İttifaqının dağılmasına gətirib çıxardı”.
Təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın o vaxtkı rəhbərliyi Heydər Əliyevin respublikamızın maraqlarını rəhbər tutan qətiyyətli siyasətini davam etdirə bilmədilər. Onlar Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına və erməni separatizminin baş qaldırmasına müdaxilə etmək əvəzinə, Kremldən gələn əmrlər əsasında hərəkət etdilər və xalqın taleyinə biganə yanaşmağa üstünlük verdilər. Bundan sonra baş verənlər məlumdur. 1988-ci ildə Sumqayıtda Azərbaycana qarşı böyük təxribat törədildi, tarixin Azərbaycan ərazilərində yaradılan indiki Ermənistanda yaşayan 250 mindən artıq azərbaycanlı deportasiya edildi.
Həmin dövrü təhlil edərkən görürük ki, məruz qaldığımız bütün faciələrin əsas səbəblərindən biri Azərbaycanın o dövrkü rəhbərliyinin mütiliyi olmuşdur. Elə bu mütiliyin nəticəsidir ki, 1990-cı ilin yanvar ayında sovet ordusu tərəfindən xalqımıza qarşı qətliam törədildi. 20 Yanvar faciəsindən sonra o zaman Azərbaycana başçılıq edən Əbdürrəhman Vəzirov respublikanı tərk edib, Moskvaya getmişdi. Respublika rəhbərliyinin digər təmsilçiləri isə susqunluq nümayiş etdirir, xalqımıza qarşı törədilmiş faciəyə etirazlarını bildirə bilmirdilər. Bakıda 20 yanvar faciəsinin törədilməsi o dövrkü Azərbaycan rəhbərliyinin öz millətinə qarşı xəyanətinin nəticəsi idi.
Həmin vaxt 20 Yanvar faciəsinə ilk olaraq etiraz səsini qaldıran məhz Heydər Əliyev oldu. SSRİ rəhbərliyinin ciddi təzyiq və nəzarəti altında olmasına, həm özünün, həm də ailəsinin təhlükəsizliyi risk altında olmasına baxmayaraq, faciədən dərhal sonra – yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələri qətiyyətlə pislədi. O, çıxışında SSRİ və Azərbaycan rəhbərliyinin məsuliyyət daşıdığını açıq şəkildə bəyan etdi və baş verənlərə siyasi-hüquqi qiymət verilməsini tələb etdi. Elə həmin gün Azərbaycan rəhbərliyinə və xalqına ünvanladığı teleqramda isə 20 Yanvar hadisələrini SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi antidemokratik, qanunazidd və əvvəlcədən planlaşdırılmış siyasi aksiya kimi səciyyələndirdi.
1990-cı il iyulunda Heydər Əliyevin Moskvadan Vətənə dönməsi və Naxçıvana getməsi Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsinə çevrildi. Ulu Öndərin Naxçıvana gəlişi yerli əhali tərəfindən böyük sevinc və yüksək ehtiramla qarşılandı. Həmin ilin sonlarında həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə deputat seçilməsi isə cəmiyyətin Heydər Əliyevə bəslədiyi dərin etimadın və siyasi lider kimi ona göstərdiyi geniş xalq dəstəyinin bariz ifadəsi idi.
Heydər Əliyevin Naxçıvana qayıdışı təkcə muxtar respublikanın ictimai-siyasi həyatında deyil, bütövlükdə Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəsində yeni mərhələnin başlanğıcı oldu. Onun rəhbərliyi ilə Naxçıvan milli dövlətçilik ideyalarının həyata keçirildiyi, müstəqillik istiqamətində prinsipial qərarların qəbul edildiyi əsas siyasi mərkəzə çevrildi. Həmin dövrdə qəbul olunan qərarlar sonradan ümumrespublika miqyasında həyata keçirilən dövlət quruculuğu prosesinin ideoloji və siyasi əsaslarını formalaşdırdı. Məhz Heydər Əliyevin təşəbbüsü və qətiyyətli mövqeyi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi qəbul edildi, muxtar respublikanın adından sovet ideologiyasını əks etdirən ifadələr çıxarıldı, ali qanunverici orqan Ali Məclis adlandırıldı, SSRİ-nin saxlanılmasına dair referendum Naxçıvan ərazisində keçirilmədi, 1990-cı ilin 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verildi, Kommunist Partiyasının yerli strukturlarının fəaliyyəti dayandırıldı. Bu addımlar o dövrün mürəkkəb siyasi şəraitində böyük iradə, uzaqgörənlik və milli məsuliyyət nümunəsi idi. Naxçıvanda həyata keçirilən bu qərarlar sonradan ümumrespublika səviyyəsində də öz əksini tapdı. 1991-ci ildə Azərbaycanın rəsmi adı "Azərbaycan Respublikası" olaraq təsbit edildi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı isə ölkənin dövlət bayrağı statusunu aldı.
Bu gün keçilmiş inkişaf yolunu dəyərləndirdikdə və tarixi hadisələri obyektiv şəkildə təhlil etdikdə aydın görünür ki, Azərbaycanın taleyüklü mərhələlərində Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti və yüksək dövlətçilik təfəkkürü həlledici rol oynayıb. Müstəqil dövlətimizin möhkəm təməllərinin yaradılması, milli maraqların qorunması və dövlətçilik ənənələrinin gücləndirilməsi ilə bağlı əldə olunan uğurlar məhz həmin uzaqgörən siyasətin nəticəsi kimi tariximizdə özünəməxsus yer tutur.
Heydər Əliyevin 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycanda müstəqilliyi uğrunda gedən prosesləri yeni keyfiyyət mərhələsinə yüksəltdi. Bununla yanaşı Ulu Öndər xilaskarlıq missiyasına məhz Naxçıvandan başladı. Elə buna görə də müstəqilliyimizin ilk illərində yaranmış böhranlı şəraitdə hər kəs inanırdı, respublikanı bu vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər.
1992-ci ilin noyabr ayında Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması da ölkə ictimaiyyətinin Heydər Əliyevə olan inamının təzahürü idi. Xalqın təkidli çağırışı və istəyi ilə 1993-cü ilin iyun ayında respublikada hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyimizi qorudu, dövlətçiliyimizi itirilməkdən xilas etdi. Azərbaycanın müstəqilliyi bir sıra siyasi mərkəzlər tərəfindən qısqanclıqla qarşılanırdı. Heydər Əliyev siyasi təcrübəsi ilə həmin siyasi mərkəzlərin respublikamızla bağlı həyata keçirməyə çalışdıqları bütün mənfur planları iflasa uğratdı.
Beləliklə, əgər Heydər Əliyev birinci rəhbərliyi dövründə Azərbaycanı keçmiş SSRİ-yə üzv rspublikalar arasında qabaqcıllar sırasına çıxarmışdısa, ikinci rəhbərliyi dövründə müstəqilliyimizi və dövlətçiliyimizi qorudu, müasir Azərbaycan dövlətini yaratdı. Heydər Əliyev müstəqil dövlətçiliyimizin etibarlı və sarsılmaz təməllərini formalaşdırdı. Ulu Öndərin müəyyən etdiyi . Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət və Demokratik ənənələrin inkişafı prinsipləri bu təməllərin əsasında dayandı. Bu ideoloji prinsiplərə söykənərək Azərbaycan inkişaf yoluna qədəm qoydu, dünya birliyində özünə layiqli yer tutdu.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycanın bütün problemlərdən xilas olaraq hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyması həm də belə bir həqiqət təsdiq etdi ki, heç bir siyasi proqram Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa alternativ ola bilməz. Başqa cür desək, ölkə ictimaiyyəti Heydər Əliyev siyasətinə heç bir alternativi qəbul etmir və bu, 2003-cü ildən sonra keçirilən bütün prezident seçkilərində, xalqımızın Ulu Öndərin layiiqli siyasi davamsçısı olan cənab İlham Əliyevin ətrafında sıx ətrafında səfərbər olmasında özünün aydın ifadəsini tapır.
- Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsi kimi xarakterizə olunur. Bu dövrdə müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması istiqamətində mühüm nəticələr əldə edilib, ölkənin ərazi bütövlüyünün və mütləq suverenliyinin bərpasına nail olunub. Bu strateji nailiyyətlər fonunda Azərbaycanın inkişaf perspektivlərini necə qiymətləndirmək olar?
- Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycan tarixində hərtərəfli inkişaf, dövlət quruculuğunun daha da möhkəmləndirilməsi və milli maraqlara əsaslanan strateji hədəflərin ardıcıl şəkildə reallaşdırılması mərhələsi kimi səciyyələndirilə bilər. Bu dövrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə mühüm uğurlar qazanaraq regionun aparıcı dövlətinə çevrilmişdir.
İlk növbədə qeyd edilməlidir ki, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli dövlətçilik ənənələrinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən biri olmuşdur. Dövlət institutlarının təkmilləşdirilməsi, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, milli təhlükəsizliyin gücləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın sabit və dayanıqlı inkişafı üçün möhkəm zəmin formalaşdırmışdır. Məhz siyasi sabitlik ölkədə bütün digər islahatların uğurla həyata keçirilməsinə imkan vermişdir.
İqtisadi sahədə əldə olunan nailiyyətlər də xüsusi qeyd edilməlidir. Son illərdə Azərbaycanın iqtisadi potensialı əhəmiyyətli dərəcədə artmış, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi, sənayeləşmə siyasətinin genişləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin bütün bölgələrinin inkişafına güclü təkan vermiş, yeni müəssisələr yaradılmış, minlərlə iş yeri açılmış, müasir yol, enerji, su və sosial infrastruktur layihələri reallaşdırılmışdır. Bu siyasət Azərbaycanın iqtisadi dayanıqlığını artırmaqla yanaşı, qlobal iqtisadi böhranların təsirini minimuma endirməyə imkan vermişdir.
Azərbaycanın beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi mövqeyini daha da gücləndirməsi də Prezident İlham Əliyevin uzaqgörən siyasətinin mühüm nəticələrindəndir. Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi strateji enerji layihələri, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırmışdır. Bu layihələr Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu möhkəmləndirmiş, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir.
Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi dövrünün ən böyük tarixi nailiyyəti Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. Uzun illər davam edən işğal siyasətinə son qoyulması, 2020-ci ildə qazanılan tarixi Zəfər, bunun ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun tam təmin edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisələri sırasında yer alır. Antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatizmə son qoyuldu və Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam bərpa edildi. Beləliklə, ölkəmiz uzun illər davam edən münaqişə səhifəsini bağlayaraq yeni inkişaf və quruculuq mərhələsinə qədəm qoydu. Bu nailiyyətlər yalnız hərbi uğurun deyil, həm də uzunmüddətli siyasi, diplomatik, iqtisadi və hərbi strategiyanın, güclü dövlət quruculuğunun və xalq-iqtidar birliyinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramları da yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən biridir. Müasir şəhərsalma prinsiplərinə uyğun olaraq "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin icrası, yeni yolların, hava limanlarının, elektrik stansiyalarının, sosial obyektlərin tikintisi həmin ərazilərin qısa müddətdə ölkənin iqtisadi həyatına inteqrasiyasını təmin edir. Eyni zamanda, keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı tarixi ədalətin bərpasının ən mühüm göstəricilərindən biridir.
Son illərdə həyata keçirilən rəqəmsal transformasiya, innovasiya siyasəti və dövlət xidmətlərinin elektronlaşdırılması da Azərbaycanın inkişaf modelinin müasir çağırışlara uyğun qurulduğunu göstərir. İnformasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya ekosisteminin inkişafı gələcək iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri kimi müəyyənləşdirilmişdir. Bu istiqamətdə atılan addımlar ölkənin qlobal rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
Bu strateji uğurların Azərbaycanın gələcək inkişafına təsiri olduqca geniş və çoxşaxəlidir. Ərazi bütövlüyünün tam təmin olunması ölkə qarşısında yeni iqtisadi imkanlar açır, azad edilmiş ərazilərin zəngin təbii və iqtisadi potensialının dövriyyəyə cəlb olunmasına şərait yaradır. Güclü iqtisadi baza, müasir infrastruktur, enerji və nəqliyyat imkanları, əlverişli investisiya mühiti Azərbaycanın regional liderliyini daha da möhkəmləndirəcək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Azərbaycanın keçdiyi tarixi dönüşdən möhtəşəm Zəfərə uzanan inkişaf yolu Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurlu davamının parlaq nəticəsidir. Odur ki, xalqımız Heydər Əliyev yolunun, İlham Əliyev siyasətinin ətrafında sıx səfərbərdir. Bir neçə gün əvvəl Medianın İnkişafı Agentliyinin keçirdiyi ictimai rəy sorğusu da bunu bir daha təsdiqləmiş oldu. Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87,7 faiz təşkil edib. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun dövlətimizin başçısına etimad göstərdiyini nümayiş etdirir. Respondentlərin 93,6 faizinin Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirməsi, 81,9 faizinin dövlət başçısını alternativsiz siyasi lider kimi qəbul etməsi Azərbaycan xalqının həm də Heydər Əliyev yoluna sədaqətinin təcəssümüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə daha da zənginləşdirilərək ölkəmizi yeni geosiyasi reallıqlar yaradan, milli maraqlarını qətiyyətlə təmin edən, iqtisadi, siyasi və hərbi cəhətdən qüdrətli dövlətə çevirmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Heydər Əliyev siyasətinin ardıcıl və uğurlu davamının məntiqi nəticəsi olmaqla yanaşı, yalnız bugünkü inkişafın göstəricisi deyil, eyni zamanda Azərbaycanın qarşıdakı onilliklərdə dayanıqlı iqtisadi yüksəlişini, sosial rifahını və beynəlxalq nüfuzunun daha da artmasını təmin edəcək möhkəm strateji təməl kimi çıxış edir.
