YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rol oynayır

Müsahibimiz Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə

-Əhməd müəllim, məlum olduğu kimi bu günlər ölkəmizdə 15 İyun - Milli Qurtuluş Günü qeyd olunur. Bu tarix Ümummilli Liderimiz Heydər Əliyevin respublikamızda hakimiyyətə qayıdaraq Azərbaycanı üzləşdiyi böyük təhlükələrdən xilas etməsi ilə səciyyələnir. Bu baxımdan, Ulu Öndərimizin respublikamızın meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətləri haqqında fikirlərinizi bilmək istərdik...  

-Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən fəaliyyətinin nəticəsidir. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük dahi şəxsiyyətdir. «Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik» sözlərini tarixə yazmış Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı olan elmi- tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi- texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın keçmiş İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial- iqtisadi həyatında yüksəlişə təkan vermişdir.

Ulu öndər Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən – Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlamışdır.

Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan «Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında» (1970-ci il), «Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında» (1975-ci il), «1976-1980-cı illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında» (1976-cı il) və «Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu qərarlar əsasında Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.

Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi idi. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə mərkəzi ittifaq hökümətinin müvafiq qərarları olmuşdur.

Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusi ilə də kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən böyük uzaqgörənliklə müəyyən edən dahi rəhbərimiz Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşınında bir vəzifə kimi qoydu.

Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.

Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənmişdir ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işləri aparılmış, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir.

Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 250 milyon kubmetr olan Araz su anbarı elektrik stansiyası ilə birlikdə, İran İslam Respublikası və Azərbaycan Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zaqolovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. obyektlər tikilib istismara verilmişdir.

-Görülən işlər, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və yeni suvarılan sahələrin istifadəyə verilməsi kənd təsərrüfatı istehsalının artırılmasına və məhsuldarlığın yüksəldilməsinə nə dərəcədə müsbət təsir göstərdi?

-1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.

Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı və magistral kanallar, Naxçıvançay çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli nasos stansiyası və digər obyektlər tikilib istifadəyə verildi. Kür çayı üzərində Şəmkir su anbarının, Şəki rayonunda Əyriçay su anbarının, Qazax rayonunda Coğazçay su anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və s.obyektlərin inşasına başlanıldı.

Ümummilli lider Heydər Əliyevin respubllikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur.

Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı yaxşılaşdırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkəsi, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilmiş, ümumi həcmi 3 milyard kubmetr olan su anbarları inşa edilmişdir.

Meliorasiya və su təsərrüfatı kompleksində əldə edilmiş nailiyyətlər Ulu öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və qayğısının nəticəsində əldə edilmişdir.

Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay su anbarının və Samur-Abşeron kanalının yenidən qurulması obyektlərinin açılışında Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı onun meliorasiya və su təsərrüfatına, bu sahənin inkişafına olan diqqət və qayğının əyani sübutudur.

1983-cü ildə kənd təsərrüfatında faktiki istifadə olunan suvarılan torpaqların sahəsi 1970-ci ildəkinə nisbətən 265,1 min hektar artmışdı, eyni zamanda istifadə olunmayan suvarılan torpaqların sahəsi 89,7 min hektara qədər azalmışdır.

-Azərbaycanda su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri haqqında nə deyə bilərsiniz?

-Azərbaycanda su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarlarından ibarət geniş və mürəkkəb su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu böyük meliorasiya potensialının əsas hissəsi Ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi əvvəlki dövrdə yaradılmışdır.

Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 32633 km kollektor-drenaj şəbəkəsi, 1048 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 7633 subartezian quyusu, 2000 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay və s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri və qurğuları vardır.

Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə köməkliyi ilə bu illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Füzuli və Beyləqan rayonlarının 19 min 600 hekatr suvarılan əkin sahələrinə xidmət edən Yuxarı Mil kanalı, Masallı rayonunun 11 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 46 milyon kubmetr olan Viləşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 80,6 milyon kubmetr olan Əyriçay su anbarı sol və sağ sahil magistral kanalları ilə birlikdə, Biləsuvar və Cəlilabad rayonlarında 32 min hektar sahəni suvara biləcək Cənubi Muğan kanalının maşın qolu, Şəmkir, Xanlar, Samux və Goranboy rayonlarında 100,9 min hektar sahəni su ilə təmin edən Şəmkir maşın kanalı, İmişli və Saatlı rayonlarının 17 min 500 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən Rəsul-arx kanalı, Beyləqan, Ağcabədi və Ağdam rayonlarında 57 min 300 hektar sahəni suvarma suyu ilə təmin edən Xan qızı kanalı, digər obyektlər tikilib istismara verilmişdir.

Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən Ulu öndərimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində görkəmli nailiyyətlər əldə olundu. Belə ki, 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara və quş 1,4, süd istehsalı 1,8 dəfə artmışdır.

1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmamazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdür. Tikinti işləri demək olar ki, dayandırılmışdır. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdir.

Yaranmış vəziyyətdən çıxmaq, su təsərrüfatını tədricən öz xərclərini ödəməyə keçirməklə sudan istifadənin səmərəliliyini yüksəltmək, meliorasiya və irriqasiya obyektləri üzərində mülkiyyət münasibətlərini təkmilləşdirmək və sahənin gələcək inkişafına xarici investisiyaların cəlb edilməsini təmin etmək məqsədilə müvafiq islahatların keçirilməsi olduqca vacib idi.

-Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra meliorasiya və su təsərrüfatının inkişafında hansı yeniliklər baş verdi?

-Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz Ulu öndər Heydər Əliyevin1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu,

mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı. Sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənib həyata keçirilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.

Məlumdur ki, 1993-1995-ci illərdən Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusi ilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.

Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı.

Bu sənədlərdən ən mühümü Ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanıdır.

Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılma qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin – Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara qəbul olundu.

Heydər Əliyevin yaxından köməkliyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanılmışdır.

Baş Mil-Muğan kollektorunun İstismara verilməsi 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və onun əhatə etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına şərait yaratmışdır.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

Hazırda bu sistem respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna və Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir. Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır. Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.

Sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu. İqtisadi səmərəlilik nöqteyi-nəzərindən bu layihə çox sərfəlidir. Təkçə suyun öz axını ilə Ceyranbatan gölünə ötürülməsi nəticəsində Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 167 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilməsi mümkün olmuşdur.

Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin 1995-ci ildən maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır.

Ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.

-Əhməd müəllim, hazırda Azərbaycanda Heydər Əliyev siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan, ölkənin meliorasiya və su təsərrüfatının mövcud durumunu necə səciyyələndirərdiniz?

-Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyev cənablarını xalqımıza bəxş etməsi olmuşdur.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, Ulu öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Azərbaycan son bir neçə il ərzində böyük və şərəfli bir inkişaf yolu keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Ölkəmizin beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Bu illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Həyata keçirdiyimiz bütün bu tədbirlər ölkə əhalisinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, suvarılan torpaqların genişləndirilməsinə, su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə, mövcud suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yaşayış məntəqələrinin, torpaqların və infrastruktur obyektlərin sel və daşqınlardan mühafizəsi kimi vacib məsələlərin həllinə xidmət edir.

Son nəticədə onu deyə bilərik ki, yerinə yetirilmiş işlər və gələcək onilliklərdə nəzərdə tutulan tədbirlər Ulu Öndər Heydər Əliyev yolunun dönməz davamçısı ölkə Prezidenti İlham Əliyevin meliorasiya sahəsinə diqqət və qayğısnın əyani təzahürüdür.Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev ideyaları daim yaşayır və yaşayacaqdır.