MÜSAHİBƏLƏR
Dövlətimizin düşünülmüş siyasəti və milli birliyimiz bu çətin sınaqdan uğurla çıxmağımızda başlıca amillərdən biri olacaq
- Sevinc xanım, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, hazırda dünya ölkələri bütün səylərini gözəgörünməz düşmən olan yeni növ koronavirus infeksiyası (COVİD-19) ilə mübarizəyə yönəldib. COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb. Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 2020-ci il 14 mart tarixindən sosial izolyasiya qaydaları tətbiq olunub, 2020-ci il 4 may tarixinədək isə xüsusi karantin rejimi elan edilib.
COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyektləri karantin məqsədilə ayrılıb. Bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə modul tipli yeni xəstəxanaların tikintisinə başlanılıb, mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulub.
Azərbaycan Prezidentinin 2020-ci il 18 mart tarixli Sərəncamı ilə COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Əhali və ayrı-ayrı təşkilatlar bu təşəbbüs ətrafında səfərbər olaraq həmrəylik nümayiş etdirib və koronavirusla mübarizə istiqamətindəki işlərə öz vətəndaş töhfəsini verib.
Önəmli məqamlardan biri budur ki, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmət göstərilməsi və müvafiq yardım edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağlanıb, Azərbaycan tərəfindən ayrılmış çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlarımız karantin zonalarında yerləşdirilir, xaricdən xəstəliyin idxalının qarşısı alınır. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altına alınıb, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunub.
Ümumiyyətlə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir.
Fərəhləndirici haldır ki, pandemiya şəraitində Azərbaycan dünyada az itki verən azsaylı ölkələr sırasındadır. Bu da ölkəmizin həyata keçirdiyi sistemli tədbirlərin nəticəsində mümkün olub. Bu günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın bu prosesdə rolunu yüksək qiymətləndirdilər. Bu fakt göstərir ki, Azərbaycanın koronavirusla mübarizə tədbirləri digər ölkələr üçün də nümunədir.
- Hazırda ən önəmli məsələlərdən biri hazırkı şəraitdə əhalinin sosial müdafiəsi gücləndirilməsi tədbirləridir. Bu barədə nə deyə bilərsiniz?
- Sosialyönümlü siyasət həyata keçirən dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bunu cənab Prezident dəfələrlə vurğulayıb. Bu çətin günlərdə, yəni pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi sosial sferanı əhatə edir. Belə ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq insanların sağlamlığını, sosial müdafiəsini təmin etmək, iş yerlərini, əməkhaqlarını qorumaq məqsədilə operativ tədbirlər görülür. Bu məqsədlə 2.5 milyard manat həcmində sosial paket həyata keçirilir.
Ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan sosial məzmunlu tədbirlərin miqyası kifayət qədər genişdir. Dövlət bu məqsədlə böyük həcmlərdə maliyyə vəsaiti ayırır. Prezident İlham Əliyev bəyan edib ki, bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Dövlət başçısı bugünlərdə bir daha qeyd etdi ki, heç bir sosial proqram, sosial layihə təxirə salınmayacaq.
Hazırda pandemiya şəraitində biz sosial proqramların daha da genişləndirilməsinin şahidiyik. Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir və qayğıya ehtiyacı olan bütün insanlar müvafiq dəstək proqramlarından bəhrələnirlər. Prezident İlham Əliyev ölkədə pandemiya şəraitində həssas qruplardan olan insanların sosial müdafiəsini ən mühüm məsələlərdən biri kimi qarşıya qoyub. Dövlət başçısı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə söylədiyi nitqində bununla bağlı qəti mövqeyini bildirərək deyib: “Həssas təbəqənin qorunması, hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik”. Respublikamızda pandemiya şəraitində digər istiqamətlərdə olduğu kimi, əhalinin həssas qruplarının sosial müdafiəsinin təmin edilməsi məqsədilə reallaşdırılan tədbirlərin də əhatə dairəsi kifayət qədər genişdir. Bu barədə rəsmi məlumatlar ictimaiyyətə mütəmadi olaraq çatdırılır.
Əsas məqam odur ki, bu məsələdə vətəndaşlarımız birlik və həmrəylik nümayiş etdirir, cənab Prezidentin diqqət və qayğısını yüksək dəyərləndirirlər. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanların cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çoxsaylı minnətdarlıq məktubları da bunu təsdiqləyir. Bütün bu faktlar göstərir ki, hazırkı şəraitdə dövlətimizin düşünülmüş siyasəti və milli birliyimiz bu çətin sınaqdan uğurla çıxmağımızda başlıca amillərdən biri olacaq.
- Ölkəmizdə koronavirusla mübarizə ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirildiyi halda radikal müxalifət, “5-ci kolon”un təmsilçiləri yenə də pozuculuqla məşğul olurlar. Buna münasibətiniz necədir?
- Təəssüflər olsun ki, cəmiyyətimizdə çox kiçik sayda da olsa belə ünsürlər var. Onlar hər vəchlə dövlətin, iqtidarın siyasətinə kölgə salmağa cəhd edirlər. Yuxarıda qeyd etdiyim kimi, koronavirusla mübarizə şəraitində mili birlik və həmrəylik olduqca vacib amildir. Sevindirici haldır ki, bu baxımdan cəmiyyətimizdə heç bir problem yoxdur.
Cənab Prezidentin siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə siyasi mühit yeniləşir. Bu ağır pandemiya günlərində siyasi baxışlarından asılı olmayaraq siyasi qüvvələrin mütləq əksəriyyəti iqtidarın apardığı siyasəti dəstəkləyir, ölkədə yaranmış vətəndaş həmrəyliyinə öz töhfələrini verirlər. Ancaq əfsuslar olsun ki, anti-milli, ermənipərəst qüvvələrlə bir sırada dayanan “5-ci kolon” yenə də çirkin əməllərindən əl çəkmir. Mənəvi və siyasi deqradasiyaya uğramış bu dairələr qarayaxmaları ilə şərəfsiz missiyalarını uzatmağa çalışırlar.
Belə bir deyim var: pis günə hər zaman düşmən sevinər. “5-ci kolon” təmsilçiləri isə koronavirusun yaratdığı çətinliklərdən divident qazanmağa çalışırlar. Məlum məsələdir ki, Vətənini sevən əsl vətəndaş, əsl vətənpərvər insan hər zaman vətəninin inkişafını, xalqının rifahını arzulayır, onun uğurları ilə qürurlanır və sevinir. Ancaq bu dairələr hər zaman hər bir şeydə pislik axtarır və pis hallara sevinirlər. Pandemiya dövrü də bunu göstərdi.
Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Bəşər insanı II Dünya müharibəsindən sonra ikinci dəfədir ki, belə ağır vəziyyətə düşür. Burada düşmən gözəgörünməzdir. Bəşəriyyətin bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri birlik və həmrəylikdir. Hətta BMT müstəvisində qaldırılan məsələlərdən biri odur ki, belə bir şəraitdə müharibələr dayandırılsın. Buna baxmayaraq “5-ci kolon”, radikallar ölkəmizdə həmrəyliyi pozamağa cəhd göstərirlər.
Amma onlar qarşılarına qoyduqları pozucu məqsədlərinə nail ola bilməyəcəklər. Çünki xalq onları çoxdan siyasi səhnədən silib atıb. Bu cür ünsürlər ölkəmizdəki sabitliyi, xalqla hakimiyyət arasında olan birliyi heç zaman poza bilməzlər!