MÜSAHİBƏLƏR
Dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir
-Tahir müəllim, ölkəmizdə koronovirus pandemiyasının iqtisadiyyata və sosial sahəyə vurduğu zərərin qarşısının alınması ilə bağlı atılan addımları necə qiymətləndirirsiniz?
-Koronavirusun yayılmasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi vətəndaşlarımızın həyatının qorunması baxımından əlahiddə tədbirlərdir. Dövlət başçısı cənab İlham Əliyevin bütün bu tədbirləri şəxsən nəzarətdə saxlaması Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durmasının bariz nümunəsidir.
Koronavirusun Azərbaycanda kütləvi şəkildə yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Dünyada olduğu kimi Azərbaycanda da pandemiyanın yayılmasını məhdudlaşdırmaq məqsədilə turizm, ticarət, ictimai iaşə kimi sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və iş fəaliyyəti məhdudlaşdırılıb. Aparılan təhlillərə görə, həyata keçirilən bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığa təsir edə və təsirə məruz qalan sahələrdə sahibkarların itkilərlə üzləşməsinə, insanların iş yerlərini itirməsinə səbəb ola bilər.
Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamla dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Sərəncam 4 istiqamətdə xüsusi tədbirlərin görülməsini nəzərdə tutur: pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək; sahibkarlıq subyektlərinə dövlət dəstəyi; məşğulluq problemlərinin və sosial problemlərin həlli; makroiqtisadi sabitliyin qorunub saxlanması üçün tədbirlər planın hazırlanması. Göründüyü kimi, dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir. Artıq ilkin olaraq açıqlanan tədbirlər planının maliyyə tutumu 3 milyard manatı keçmişdir. Bu vəsaitin ÜDM-ə nisbəti göstəricisinə görə Azərbaycan regionda iqtisadiyyata və insanların sosial həyatına ən çox vəsait ayıran ölkədir.
- Hökumət tərəfindən verilən qərarlar sahibkarların maraqlarını nə dərəcədə qoruyur?
-İlk öncə məhdudlaşdırıcı tədbirlərdən təsirlənən sahələrin müəyyən edilməsi vəsaitin ədalətli və hədəfli bölgüsünə imkan yaradır. Digər tərəfdən, tədbirlər planının ani, orta və uzunmüddətli olması dəstək tədbirlərinin təsirinin daha uzunmüddətə hesablandığını deməyə əsas verir. Ani olaraq fərdi sahibkarlara və muzdlu işçilərə vəsaitin köçürülməsi fərdi saihbkarların müflis olmasının qarşısını alır, muzdlu işçiləri isə ixtisar olunmaqdan qoruyur. Orta müddətli dəstək - vergi güzəştləri, kredit dəstəyi, xərclərin bir hissəsinin dövlət tərəfindən ödənməsi sahibkarları indiki şəraitdə qorumağa və fəaliyyətlərini gələcəkda davam etdirmələrinə imkan verəcək.
Uzunmüddətli tədbirlər planında pandemiyadan sonrakı dövrdə iqtisadi aktivliyi artırmaq, sahibkarlar üçün ucuz maliyyə mənbələri yaratmaq və innovativ itqtisadi fəaliyyəti dəstəkləmək məqsədi daşıyır ki, bu da iqtisadiyyatımızın gələcəkdə daha sürətlə inkişaf etməsinə imkan yaratmağa hesablanıb.
- Tədbirlər planında əhalinin sosial müdafiəsinin qorunması məsələləri haqqında da fikirlərinizi bilmək istərdik…
- Əhalinin sosial müdafiəsi dövlət siyasətinin əsas tərkib hissəsidir. Belə şəraitdə əslində bütün proqramların son hədəfi insanların həyat şəraitinə dəstək verilməsdir. Əmək haqqlarının 50%-nin dövlət tərəfindən ödənməsi və fərdi sahibkarlara birbaşa ödəmələr də əslində həm də sosial dəstəkdir. Bundan başqa da ani dəstək proqramı çərçivəsində işsiz kimi qeydiyyata alınmış vətəndaşlara 2 ay ərzində hər ay 190 manat ödənməsi, 50 min ictimai iş yerlərinin yaradılması və onlara hər ay 300 manat ödəmənin nəzərdə tutulması, tələbələrin təhsil haqqlarının dövlət hesabına ödənməsi, ünvanlı sosial yardım alan vətəndaşların yardım alma hüquqlarının 2 ay uzadılması və s. kimi birbaşa yardımlar dövlətin bu çətin şəraitdə vətəndaşlara mühüm dəstəyidir. Bundan əlavə, dolayısı yolla tibbi xidmətlərə dövlətin ayırdığı vəsaitlər də insanlarımızın sosial həyatlarına müsbət təsir edəcəkdir.
- Tahir müəllim, yaranmış vəziyyət iqtisadi qanunvericilikdə də dəyişiklikləri zəruri edirmi?
- Milli Məcis yaranmış şəraitə uyğun olaraq onlayn iclaslar keçirməklə hökumətin həyata keçirdiyi tədbirlərə zəruri qanunvecirilik dəstəyinin verilməsi üçün fəaliyyətini davam etdirir. Pandemiyadan sonrakı dünyanın fərqli bir dünya olacağını bütün təhlilçilər söyləyir. İqtisadi münasibətlərdə yeni innovativ fəaliyyətlərin və milli tənzimləmələrin əsas hərəkətverici qüvvə olacağı proqnozlaşdırılır.
İqtisadi qanunvercilik qarşısında da əsas vəzifə pandemiyadan sonrakı iqtisadi aktivliyi artırmaq və yeni iqtisadi münasibətlərin qurulması yönümündə müvafiq hüquqi bazanın yaradılması, mövcud qanunlarının təftiş olunması və onların gələcək fəaliyyətə uyğunlaşdırılmasıdır. Dövlət başçısının apardığı iqtisadi islahatların öz hədəfinə daha tez çatması istiqamətində iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi bizim ən ümdə vəzifəmizdir.