MÜSAHİBƏLƏR
İnanıram ki, seçkidə aktiv iştirak etməklə sumqayıtlılar dövlət başçısının islahatlarına dəstəklərini bir daha nümayiş etdirəcəklər
- Tahir müəllim, bildiyimiz kimi fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. Siz ölkəmizdə seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?
- Parlament seçkilərinə ölkədə böyük maraq var. Həm namizədliyini irəli sürmüş vətəndaşlar, həm də seçici kimi seçkilərdə iştirak edəcək vətəndaşların bu seçkilərdə aktiv iştirak etmək niyyəti aydın müşahidə olunur. Deputatlığa namizədlərin həm yaş baxımdından, həm də siyasi baxış baxımından cəmiyyətin bütün təbəqələrini təmsil etməsi, insanların namizədlərlə görüşlərdə aktiv iştirakı, siyasi dialoq və vətəndaşa xidmət ab havasında keçən təbliğat-təşviqat kampaniyası ölkədə cənab İlham Əliyev tərəfindən aparılan islahatlara ölkə əhalisinin geniş dəstəyinin bariz nümunəsidir.
Bütün namizədlər üçün təbliğat aparmaq üçün bərabər imkanlar yaradılıb. Azərbaycanda internetin azad olması və ölkə əhalinin böyük əksəriyyətinin internetdən istifadə etməsi təbliğat kampaniyası üçün mühüm şərait yaratmışdır. Ümumilikdə, hesab edirəm ki, seçkilərin uğurlu keçməsi və Azərbaycan xalqınının iradəsini əks etdirməsi üçün bütün şərait yaradılmaqdadır.
- Parlament seçkilərinə qısa müddət qalıb. Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı nailiyyətlərlə gedir?
- Yeni Azərbaycan Partiyası malik olduğu böyük resurslarla seçkilərə qatılmışdır. Partiyanın əvvəlki bütün seçkilərdə qalib gəlməsi ona böyük təcrübə qazandırmışdır. Eyni zamanda, partiya namizədlərində gənclərə geniş yer verilməsi partiya namizədlərini cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanmağa imkan yaratmaqdadır. Eyni zamanda, partiyanın namizədlərinin əksəriyyətinin müasir seçki texnologiyalarından, xüsusilə də internet televiziya, sosial şəbəkələr, fərdi görüşlər və s. siyasi texnologiyalardan geniş istifadəsi onları digər rəqiblərindən fərqləndirir və bir addım önə çəkir. Seçki kampaniyasını izlədikcə Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qalib gələcəyini proqnozlaşdırmaq mümkündür.
- Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?
- Cənab İlham Əliyev tərəfindən aparılan islahatlar qısa müddət ərzində öz müsbət nəticələrini göstərməkdədir. Hər bir Azərbaycan vətəndaşı bu nəticəsini artıq öz həyatında hiss edir. Seçicilərlə görüşdə də vətəndaşlar bu məqamı xüsusi qeyd edirlər. Yeni parlamentin formalaşması bu islahatların daha əhatəli aparılmasına mühüm dəstək olacaqdır. Yeni, innovativ qanunların qəbul olunması islahatların nəticələrini daha dayanıqlı və inkluziv edəcəkdir. Bu baxımdan parlament qarşısında mühüm çağırışlar var və bu çağırışlara cavab vermək üçün düşünürəm ki, yeni seçiləcək parlament üzvlərinin üzərində mühüm məsuliyyət düşəcək.
- Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt seçicilərilə görüşlər keçirirsiniz. İnsanlarda seçki əhval-ruhiyyəsi necədir?
- Sumqayıt seçicilərində yüksək əhval-ruhiyyə var. Görüşlərdə insanların həvəslə və aktiv iştirakı, görüşlərin dialoq və səmimi şəraitdə keçməsi Sumqayıtda seçicilərin seçkilərdə də aktiv iştirak edəcəyini deməyə əsas verir. Sumqayıtdan parlament seçiləcək 4 deputat yerinə 60-a yaxın namizədin olması həm də, güclü rəqabətin gedəcəyi anlamına gəlir. Namizədlər üçün təbliğat aparmaq üçün bərabət şərait yaradılmışdır.
Sumqayıtlılar hər zaman ölkəmizdə dövlətçilik və dövlət siyasətinin icra olunmasında aktiv siyasi mövqe nümayiş etdiriblər. Bu dəfə də inanıram ki, həm seçki öncəsi mühitdə, həm də seçki günü aktiv iştirakla sumqayıtlılar dövlət başçısının islahatlarına dəstəklərini bir daha nümayiş etdirəcəklər.