MÜSAHİBƏLƏR
Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı şəkildə dəstəkləyir
- Cavid müəllim, hazırda cəmiyyətimizdə əsas müzakirə mövzusu ölkəmizdə parlament islahatlarının aparılması ilə bağlıdır. Sizcə, bu islahatları zəruri edən səbəblər nədən ibarətdir?
- Əlbəttə ki, bu məsələnin çox ciddi əsasları var. Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sistemli, hərtərəfli islahatlar həyata keçirilir. İslahatlar 2019-cu ilin əvvəlindən daha geniş vüsət alıb və bir çox sahələri əhatə edir. Bu islahatlar ölkəmizin ümumi inkişafına yeni dinamizm gətirir.
Bütövlükdə, hakimiyyətin icra və məhkəmə qollarında uzun müddətdir islahatlar həyata keçirilir. Bunun nəticəsində də həm sosial-iqtisadi sahədə ciddi nailiyyətlər əldə olunub, həm də məhkəmə-hüquq sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Fikrimcə, bu islahatların hakimiyyətin qanunvericilik qolunda da islahatların aparılması Azərbaycanın ümumi inkişafına böyük töhfələr verəcək.
Bu baxımdan, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması haqqında təşəbbüsü və bunun əsasında Milli Məclisdə çoxluq təşkil edən partiyamızın deputatlarının müraciəti təbii qanunauyğunluqdur. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb, təşəbbüslər irəli sürüb. Azərbaycanın inkişafı baxımından öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarlarla dövlətimizin inkişafına mühüm töhfələr verib. Bu baxımdan, partiyamızın parlamentin buraxılması təşəbbüsü və bunun əsasında Milli Məclisin parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərarı tam yerində verilmiş qərardır. Bütövlükdə, islahatların yüksək nəticələrini həyatımızın ən müxtəlif sahələrində aydın şəkildə görürük. Bu mənada hesab edirəm ki, parlament islahatları da qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək, ölkəmizin inkişafı yolunda daha mükəmməl, səmərəli qanunlar qəbul olunacaq.
- Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdə cəmiyyətimiz üçün çox ciddi mesajlar verdi. Eyni zamanda, gənclərə dəyərləri tövsiyələr verdi. Bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Azərbaycanda dövlət tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsi də uğurla inkişaf edir. Ümumiyyətlə, gələcəyini düşünən hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də rasional gənclər siyasəti təşkil edir. Və bu baxımdan Azərbaycan öncül yerdə dayanır desək, heç də yanılmarıq.
Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədlərindən biri yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev gənclərə çox dəyərli tövsiyələr verdi. Azərbaycan gəncliyi bu tövsiyələri fəaliyyətlərində daim öndə tutmalıdır. Dövlətimizin çıxışının ana xətti ondan ibarətdir ki, Azərbaycan bundan sonrakı inkişafında da yalnız özünə güvənməlidir və bu prosesdə gənclərimiz aparıcı rol oynamalıdır. Gənclərimiz tariximizə sahib çıxmalı, milli adət-ənənələrimizə sadiq olmalıdır.
Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu söylədi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri tariximizi dərindən bilməli, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”-deyən dövlətimizin başçısı gənclərin qarşısında duran vəzifələrdən geniş bəhs etdi. Hesab edirəm ki, gənclər cənab Prezidentin dəyərli tövsiyələrini gələcək fəaliyyətlərinin əsas prinsipi kimi qəbul etməlidir.
- Bu gün radikal müxalifət ölkəmizdə həyata keçirilən islahatlarla bağlı ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır. Buna münasibətiniz necədir?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı həyata keçirilən səmərəli, məqsədyönlü daxili siyasətin və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Dövlətimizin başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bu məqamlara toxunaraq “...Xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir”, - deyə bildirib. Prezident İlham Əliyev əhalinin mütləq əksəriyyətinin iqtidara alternativ görmədiyini deyib. Həqiqətən də, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Bu gün özünü müxalifət adlandıran radikal, antimilli ünsürlər xalqın mənafeyinə, dövlətin maraqlarına zidd mövqedən çıxış edirlər, xəyanətkar və satqın “fəaliyyət”lə məşğuldurlar. Onlar 1990-ci illərin əvvəlində bir il hakimiyyətdə olublar, həmin bir il ərzində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də, xalq onları hakimiyyətdən qovdu. Belələrinin ölkəmizin inkişafı, islahatlar prosesinə kolgə salmaq cəhdləri əbəsdir. Bu gün Azərbaycan xalqı radikal müxalifəti rədd edir. Məhz bu səbəbdəndir ki, indi kiçik bir qrup halında qalıblar. Radikallar heç vaxt məqsədlərinə çata bilməyəcəklər.