YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Unutmamalıyıq ki, bizim bir Vətənimiz, güclü müstəqil dövlətimiz var, o da Azərbaycandır!

Müsahibimiz MM-in deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev

Son günlərdə respublikamızın ictimai-siyasi həyatında gedən pozitiv işlər, həyata keçirilən kadr və struktur islahatları, cəmiyyətdə formalaşan sağlam xalq-iqtidar birliyi, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik istər ölkə daxilində, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.

Bununla belə, ölkəmizdə özünü müxalifət adlandıran bəzi “siyasətçilər”, yalnız iqtidar partiyasına deyil, eyni zamanda müstəqil dövlətçiliyimizə, xalqımıza qarşı dağıdıcı radikalizm və qeyri-konstruktiv anti-Azərbaycan, antimilli qüvvələrin davranışı, eləcə də son dövrlərdə bir qədər də “fəallaşması” Azərbaycan cəmiyyətində birmənalı olaraq bəyənilmir və pislənilir. Bu məsələlərlə bağlı Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyevin fikirlərini öyrəndik.

- Şəmsəddin müəllim, respublikamızdakı mövcud ictimai-siyasi vəziyyəti, cəmiyyət həyatında gedən proseslərlə bağlı hazırki situasiyanı necə qiymətləndirirsiniz? Müxalifətin son bir ayda müşahidə etdiyimiz “fəallığının” hər hansıbir  sosial-iqtisadi səbəbi varmı?

- Təbii ki, heç bir zəmini yoxdur. 2018-ci ildən başlayaraq ölkəmiz tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub, cəmiyyətdə əsaslı keyfiyyət dəyişiklikləri baş verir. Bu mənada postneft dövrünün yeni iqtisadiyyatının qurulması və şaxələndirilməsi, idarəetmədə rəqəmsallaşmanın, şəffaflığın yüksəldilməsi, ictimai nəzarətin gücləndirilməsi, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, məmur özbaşınalığına son qoyulması, əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində effektiv sosial islahatlar paketinin reallaşdırılması, institusional islahatların dərinləşdirilməsi, dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi mühüm addımlardır. Həmçinin əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində effektiv sosial islahatlar paketi reallaşdırılır, sistemli struktur və kadr islahatları həyata keçirilir, gənc kadrlara, savadlı mütəxəssislərə geniş meydan təqdim olunur. Möhtərəm Prezidentimizin son kadr islahatları bütün ictimaiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir. Ölkəmizdə hər bir vətəndaşın öz sözünü və fikirlərini sərbəst şəkildə ifadə edə bilməsi üçün hətta dünyanın əksər ölkələrinə nümunə ola biləcək səviyyədə bütün şərait mövcuddur. Bir sözlə, müstəqilliyimizin xüsusilə son 16 ilində əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş və sivil vətəndaş cəmiyyətinin inkişafı üçün hər cürə şərait yaranmışdır. Belə olan təqdirdə, özünü Millli Şura adlandıran müxalifət qüvvələrinin icazəsiz mitinqlər keçirmək niyyətləri və cəhdləri heç bir sağlam düşüncəyə sığmır. Dəfələrlə bu destruktiv müxaliflərin mitinq keçirmələrinə razılıq verilməsinə baxmayaraq, onlar müəyyən bəhanələrlə, əslində isə kifayət qədər ictimai dəstək, tərəfdar toplaya biləcək gücdə olmadıqlarından həm imtina edirlər, həm də şəhərin mərkəzi küçə və meydanlarında, nəqliyyatın və əhalinin gediş-gəlişinin intensiv olduğu yerlərdə, hətta metronun xüsusi mühafizə zonalarında yerləşən məkanlarda icazəsiz mitinqlər, yürüşlər keçirməyə və beləliklə ictimai asayişi kobud şəkildə pozmağa cəhd göstərirlər. Mütəmadi olaraq icazəsiz mitinqlərə cəhd edən radikalların bu cür canfəşanlıqlarının nədən qaynaqlandığı cəmiyyətdə müəyyən müzakirələrə səbəb olan bəzi məqamlara aydınlıq gətirilməsinə zərurət yaradır. Hesab edirəm ki, nəinki partiya funksionerləri, vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bu məsələlərə öz münasibətini bildirməlidir. Çünki, müxalifətin qeyd olunan davranışı anti-Azərbaycan, anti-milli qüvvələr tərəfindən müstəqil dövlətçiliyimiz və xalqımızın əleyhinə yönəlmiş təxribatlardır. Unutmamalıyıq ki, bizim bir Vətənimiz, güclü müstəqil dövlətimiz var, o da Azərbaycandır!

- Məlum həqiqətdir ki, hazırda müxalifətin cəmiyyətdə elektoratı, sosial dəstəyi çox zəifdir və reytinqləri də getdikcə aşağı düşməyə meyllidir. Bu qüvvələrin sosial şəbəkələrdə dağıdıcı destruktiv təbliğatı, insanları mitinqlərə çağırışları və s. fəaliyyətlərinin məqsədi də əsasən bəllidir. Sizin bu məsələlərə münasibətinizi bilmək maraqlı olardı.

- Çox düzgün və haqlı sualdır, özlərini müxalifət adlandıran bu radikal qüvvələrin məqsədi nədir? Cavab isə aydındır: ölkədə gedən pozitiv işlərə kölgə salmaq, ictimai-siyasi sabitliyi, asayişi və əmin-amanlığı pozmaq, vətəndaş-polis qarşıdurması yaratmaq, qəsdən özlərinə xəsarət yetirmək və ya polisi buna təhrik edərək sanki hakimiyyət tərəfindən onlara qarşı zor tətbiq edilirmiş kimi görüntülər yaratmaq, bununla da Azərbaycanın günü-gündən yüksəlməkdə olan beynəlxalq imicinə və nüfuzuna xələl gətirmək, ölkəmizdə guya demokratiyanın, insan haqları və azadlıqlarının pozulduğu haqqında xarici mətbuatda, xüsusilə sosial şəbəkələrdə, internet TV kanallarında səsləndirdikləri əsassız, sərsəm, tərbiyəsiz, şər-böhtan və qarayaxmalarla dolu bəyanatlarını sübut etməyə çalışmaq, ən başlıcası isə maliyyələşdirildikləri mənfur, Azərbaycanın uğurlarını gözü götürməyən, ölkəmizi xaos, anarxiya, vətəndaş qarşıdurması və itaətsizliyi ocağına çevirmək arzusunda olan xarici dairələrin məmnunluğunu qazanmaq, eləcə də onlardan aldıqları hər cür dəstəyi itirməməkdir.

Son günlərdə biz müxalifətin daha bir siyasi fiaskosunun şahidi olduq. 2 noyabr icazəsiz mitinqinə hazırlıq və təyin olunan vaxta bir gün qalmış mitinqin müxalifət tərəfindən müxtəlif bəhanlərlə təxirə salınması özünə müxalifət deyən qüvvələrin əsl simasını, daha doğrusu simasızlığını və məqsədlərini bir daha nümayiş etdirdi. Müxalifətin birdən-birə öz mövqeyini 180 dərəcə dəyişdirməsi onların gücsüzlüyünün, cəmiyyətdə ictimai dəstəyinin yox dərəcədə olmasının bariz nümunəsidir. Azərbaycan cəmiyyəti bir daha şahid oldu ki, müxalifət olan-qalan elektoratını da itirmək ərəfəsindədir və xaricdən onlara verilən dəstəklə hərəkət etdiklərinə görə artıq xalqın, ictimaiyyətin haqlı qınağına çevrilmişlər.

- Bildiyimiz kimi, müxalifətin mövcudluğu demokratik vətəndaş cəmiyyətinin zəruri tərkib elementidir. Bu tezisi oxucularımız üçün biraz açıqlaya bilərsinizmi? 

- Əgər qısa desək, bu sualın cavabını belə ifadə etmək olar: vətəndaşların etimadını, rəğbətini qazanaraq seçkilərdə üstünlük əldə etməklə sivil və demokratik yolla hakimiyyətə gəlmək. Bu baxımdan müxalifətin məhz seçki ərəfəsində fəallığının daha da artması başadüşüləndir və qanunlarımız da nəinki buna mane olmur, hətta geniş imkanlar yaradır. Ölkəmizdə bir sıra müxalifət partiyaları mövcuddur ki, onlar yaradılmış bu imkanlardan və demokratik mühitdən yararlanaraq öz sağlam siyasi mübarizəsini davam etdirirlər. Misal olaraq göstərmək olar ki, bu gün Milli Məclisdə rəsmi qeydiyyatdan keçmiş on iki partiyanın nümayəndələri təmsil olunur  və seçilmiş deputatların 41%-ə qədəri bitərəf və qeyri-iqtidar partiyasının üzvləridir. Bütün bunlara rəğmən, məlum dağıdıcı müxalifət qüvvələri hər dəfə seçki öncəsi proseslərdə xoşagəlməz, qanunazidd və iyrənc hərəkətləri ilə yadda qalır, həlledici məqamda – seçkilərdə iştirak etmir, hər vəchlə seçkiləri boykot etməyə çalışır, hətta səsverməyə gəlməyərək öz vətəndaşlıq borclarını belə yerinə yetirmirlər, seçici fəallığını azaltmaq və seçkilərin baş tutmaması üçün bütün qanunsuz yollara əl atırlar, hakimiyyətə çevriliş, dağıdıcılıq, hərc-mərclik, anarxiya yolu ilə gəlmək istəyirlər. Bu dəfəki cəhdləri ilə onların hələ də öz ənənəvi qaragüruhçu əməllərindən əl çəkmədiklərini, köhnəfikirli və uğursuz liderlərindən hələ də təmizlənmədiklərini, çox az sayda olsa da gənc üzvlərindən öz çirkin mənafelərinə uyğun istifadə edərək onların siyasi karyeralarının önünə sədd çəkdiklərini və əvvəlcədən uğursuzluğa məhkum olduqlarını bir daha nümayiş etdirdilər.

Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsində olmasına baxmayaraq, dırnaqarası müxalifətçilər hələ də anlamırlar ki, bu Prezident və ya parlament seçkiləri deyil, bir kəlmə də olsun bələdiyyə seçkilərindən danışmırlar, namizədlərini irəli sürmürlər, bütün seçkilərdə olduğu kimi konstruktiv platforma ilə deyil, özlərinə xas eyni şablon şüarlarla, əsassız və cəfəng fikirlərlə çıxış edirlər. Lakin dərk etmirlər ki, nə bugünkü müstəqil, azad, demokratik və qüdrətli Azərbaycan dövləti doxsanıncı illərin Azərbaycanıdır, nə də o illərdə hakimiyyəti zorla ələ keçirən Xalq Cəbhəsi-Müsavat cütlüyünün səriştəsiz, rüsvayçı və xəyanətkar fəaliyyəti nəticəsində böyük bəlalara və vətəndaş qarşıdurmalarına düçar olmuş xalqımız, həmin xalqdır. Azərbaycan xalqı müdrük xalq olaraq hər zaman yaxşını pisdən, ağı qaradan çox gözəl seçmək qabiliyyətinə malikdir. Son dövrdə aparılan sosial sorğular təsdiq edir ki, Azərbaycan xalqı bu qüvvələrə qətiyyən etimad etmir, ölkə başçımız, partiyamızın Lideri cənab İlham Əliyevin reytinqi cəmiyyətdə 93%-dən də yüksəkdir.

- Qeyd etdiyiniz kimi, müxalifət hazırda bələdiyyə seçkiləri haqqında danışmır. Onlar əsasən dövlət əleyhinə çağırışlar edir, ayrı-ayrı məmurların ünvanına qarayaxmalar və şər-böhtanlarla məşğuldurlar, hətta hakimiyyətin istefasını tələb edirlər. Bu nə ilə bağlıdır?

- Mən bu suala yuxarıda qismən cavab verdim. Amma əlavə etmək istəyirəm ki, bələdiyyə seçkilərində maraqlı olmayan dağıdıcı müxalifətin son dövrdə belə “fəallaşmasının”, hər həftə piket, mitinq keçirilməsi üçün dəridən-qabıqdan çıxmasının məqsədi ölkəmizdə ictimai-siyasi sabitliyi və asayişi pozmaqdır. Bu tələblərin arxasında başqa məqamlar dayanır və müxalifətin bu kimi davranışının səbəbləri gün kimi aydındır. Azərbaycan son 16 ildə möhtəşəm uğurlara imza atıb, dinamik, dayanıqlı və davamlı surətdə inkişaf edir, müstəqil xarici siyasət yürüdür, iqtisadiyyatı yüksək artım templəri ilə böyüyür, şaxələnir, günü-gündən neftdən asılılığını azaldır, ÜDM-də qeyri-neft sektorunun payını ilbəil yüksədir, xarici borc göstəricilərinə görə dünya ölkələri arasında ən əlverişli mövqelərdə yer alır, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılmasına nail olub, dünyanın çox güclü ordularından birinə sahibdir, əhalinin sosial vəziyyəti xeyli dərəcədə yaxşılaşıb, xüsusilə cari ilin əvvəlindən başlayaraq iki mərhələdə inqilabi sosial islahatlar paketinin reallaşdırılması nəticəsində 4,2 milyondan çox əhalinin rifahı yüksəlib, bu məqsədlə hər il 3,9 milyard manatdan çox əlavə vəsait nəzərdə tutulub və bütün bunların ardıcıl olaraq davam etdirilməsi üçün real zəminlər formalaşdırılmışdır. Ölkə başçısının güclü siyasi iradəsi və apardığı cəsarətli, müstəqil, praqmatik siyasəti sayəsində qısa müddətdə ictimai həyatımızın istisnasız olaraq bütün sahələrində əldə olunan nəticələr Azərbaycanın beynəlxalq nüfuzunu ildən-ilə yüksəldir, beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə irəlilədir, dünyada və regionda söz sahibinə çevirir, beynəlxalq təşkilatlarda ölkəmizin maraq və mövqeyinə olan dəstəyi getdikcə artırır. Şübhəsizdir ki, bütün bunlar həm bizim təbii düşmənlərimizi, həm də onları dəstəkləyən bəzi bəlli qüvvələri narahat edir, buna görə də onlar hər vasitə ilə ölkəmizin güclənməsinin və qüdrətlənməsinin qarşısını almağa, pozitiv işlərə kölgə salmağa çalışırlar. Belə vasitələrdən biri də iradəsiz, əqidəsiz, xəyanətkar, şəxsi maraqlarını milli maraqlardan üstün tutan daxili “qüvvələri” ələ almaq və onlardan oyuncaq kimi istifadə etməklə öz çirkin niyyətlərinə nail olmaqdır. Məsələyə yalnız bu prizmadan yanaşdıqda, bilərəkdən və ya bilməyərəkdən fəaliyyətlərində xarici qüvvələrin tapşırıqlarını rəhbər tutan radikal müxalifətin dağıdıcı hərəkətlərinin əsas motivlərini başa düşmək o qədər də çətin deyildir.

- Bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ problemidir. Ölkə rəhbərimizin son beynəlxalq tədbirlərdə bu məsələni dünya ictimaiyyətinin, dövlət başçılarının diqqətinə çatdırmasının sizcə ciddi nəticələri olacaqmı? Müxalifətin bu məsələ ilə bağlı münasibətini necə qiymətləndirirsiniz?

- Yaxşı sualdır. İlk öncə qeyd edim ki, möhtərəm Prezidentimizin son beynəlxalq tədbirlərdəki çıxışları sözün əsl mənasında tarixi və cəsarətli bəyanatlardır. Bu çıxışlar hər bir azərbaycanlının qəlbində böyük qürur, fərəh və problemin həlli ilə bağlı ümid hisslərini gücləndirdi. Əminliklə deyə bilərik ki, ölkə başçısının bu bəyanatlarından sonra Dağlıq Qarabağ məsələsinin həll olunması istiqamətində yeni bir pozitiv siyasi mərhələ başlayır. Yuxarıda qeyd etdiklərimizə məntiqi ardıcıllıqla yanaşsaq son iki ay ərzində ölkəmizdəki radikalların daha çox “fəallaşma”sının digər səbəbləri də üzə çıxır. Qeyd olunduğu kimi, cənab Prezident Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, bundan iki ay öncə Paşinyanın Xankəndində dediyi “Qarabağ Ermənistandır və nöqtə” sərsəm ifadəsinə tutarlı cavab olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi”, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında “MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, “erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir”, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə “dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz” kimi ən ali tribunalardan səsləndirdiyi çağırışları ilə diplomatiya tariximizdə müdafiə taktikasından hücum taktikasına keçidin parlaq təzahürü olaraq Paşinyanı sözün əsl mənasında siyasi “nokaut” vəziyyətinə saldı və Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsində prinsipial mövqeyindən heç bir zaman geri çəkilməyəcəyini, Ermənistanın faşizmi dəstəkləyən neofaşist və dinimizə qarşı vandallıq edən islamofob xislətini bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa etdi.

- Bir neçə gün əvvəl isə Bakı növbəti qlobal miqyaslı bir tədbirə – 120 dövlətin üzv, 17 dövlət və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda təmsil olunduğu və BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat hesab olunan Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısına evsahibliyi etdi. Ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilmək üçün olduqca geniş təsirlərə malik olan bu mötəbər qlobal platformada cənab Prezident İlham Əliyev öz çıxışında Ermənistanın işğalçılıq siyasətini, ölkəmizə qarşı törədiyi soyqırım və hərbi cinayətləri, işğal etdiyi ərazilərdə talançı və qanunsuz iqtisadi fəaliyyətləri haqqında məsələlərə geniş yer ayıraraq bir daha Ermənistanın dünyada sülhə, tərəqqiyə, sabitliyə və təhlükəsizliyə əngəl olan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsiz və saymazlıqla yanaşan dövlət kimi həqiqi simasını üzə çıxardı. Bütün bu hadisələrin fonunda nə edəcəyini bilməyən Ermənistan rəhbərliyi hələ də təşviş və qorxu içərisindədir və Paşinyanın təcili olaraq Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmasını da məhz bu təşvişin əlamətlərindən hesab etmək olar. Çünki işğalçı Ermənistanın rəhbərliyi artıq dərk edir ki, Azərbaycan müharibə qərarı qəbul etsə, çox qısa müddətdə nəinki işğal altında olan əraziləri azad edəcək, hətta ordumuz tarixi torpaqlarımız olan Göyçə, Zəngəzur və İrəvana kimi gedib çıxacaq. Ona görə də heç bir şübhə yoxdur ki, erməni lobbisi və ölkəmizi sevməyən digər qüvvələr bu səbəblərlə Azərbaycan iqtidarının diqqətini Dağlıq Qarabağ probleminin həllindən yayındıraraq yalnız daxili məsələlərlə məşğul olmağa cəlb etmək üçün Əli Kərimli və onun kimi digər müxalifət dairələrindən ölkəmizdə ictimai-siyasi asayişi pozaraq qarşıdurma yaratmaq üçün çox məharətlə istifadə edirlər.

Lakin erməni lobbisi və onların dəyirmanına su tökən dağıdıcı küçə müxalifəti bilməlidir ki, Azərbaycan bir qarış da olsa torpağını düşmən tapdağı altında qoymayacaq, müstəqil Azərbaycan dövlətinin bu gün istər xarici, istərsə də daxili düşmənlərinə layiqincə cavab verməyə qadir olan həm hərbi-siyasi, həm inzibati, həm də iqtisadi gücü və iradəsi vardır. Bu gücün bünövrəsində sarsılmaz xalq-iqtidar birliyi və güclü lider faktoru dayanır. Digər tərəfdən isə təhlükəsizliyimizin və ictimai asayişimizin keşiyində şərəflə dayanan hüquq-mühafizə orqanlarının ayıq-sayıq, çevik və təmkinli fəaliyyəti ilə fərqlənən təqdirəlayiq əməkdaşları. Azərbaycan polisi vətəndaşlarımızı bu dağıdıcı və gözü dönmüş radikallardan çox məharətlə qoruyaraq hətta, Avropa polisinə də örnək göstərdi. Avropada təşkil olunan etiraz aksiyalarında şahidi olduğumuz qeyri-insani davranışlara yol vermədən asayişi pozanları qanunlarımıza hörmətlə yanaşmağa və riayət etməyə çağırdılar, müvafiq xəbərdarlıqlara məhəl qoymayanları isə müvafiq qaydada tənbeh etdilər və cəzalandırdılar. Bu belə də olmalıdır, çünki qanuna tabe olmamağın adekvat cəzası olmalıdır. Bu hadisələrdən hamılıqla bir daha dərs almalıyıq, müstəqil dövlətçiliyimizi bütün təxribatlardan göz bəbəyimiz kimi qorumalıyıq, dağıdıcı qüvvələrə heç bir şans verməməliyik, unutmamalıyıq ki, dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır, hakimiyyətə gəlməyin yeganə yolu isə demokratik və azad seçkilərdir.

Mən müxalifət düşərgəsində olan və Vətəninə, dövlətinə, millətinə sadiq olan gənclərə səslənirəm: Bu gün Azərbaycanın yeganə problemi düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsidir. Dövlət idarəçiliyindən tamamilə bixəbər olan köhnəfikirli və xəyanətkar qüvvələri öz sıralarınızdan süpürün atın. Müstəqil Azərbaycan dövlətinə, xalqımıza, milli-mənəvi dəyərlərimizə xidmət edin. Bizim xalq olaraq milli varlığımız müstəqil dövlətçiliyimizin olmasındadır. Bizim bir Vətənimiz var, o da Azərbaycandır!