MÜSAHİBƏLƏR
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi Azərbaycanın növbəti mühüm diplomatik nailiyyətidir
- Siyavuş müəllim, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə uğurla ev sahibliyi etdi. Qoşulmama Hərəkatının müasir beynəlxalq münasibətlər sistemində yerinə və roluna, eləcə də XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsinin əhəmiyyətinə dair fikirlərinizi bilmək istərdik.
- Əvvəlcə qeyd edim ki, Azərbaycan mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir, ölkəmizdə regional və qlobal əhəmiyyətli məsələlər, geoiqtisadi və geosiyasi proseslər xüsusi müzakirə predmetinı çevrilir. Bu, hər şeydən əvvəl onu göstərir ki, Cənubi Qafqazın lidee dövləti olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Təbii ki, bütün bunlar təsadüfi xarakter daşımır. Respublikamızda nüfuzlu idman, mədəniyyət tədbirlərinin humanitar forumların, mühüm beynəlxalq görüşlərin keçirilməsini şərtləndirən bir sıra strateji faktorlar mövcuddur. Birincisi, Azərbaycan yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malikdir. Dünyada böyük etimad qazanan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. İkincisi, Azərbaycan regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin səmərəli geostrateji nəticələri bunun bariz nümunəsidir. Üçüncüsü, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi kimi, Azərbaycanda etibarlı təhlükəsizlik mühiti hökm sürür, ölkəmiz sabitlik adası kimi xarakterizə olunur.
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi də Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. Bilirsiniz ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Bəllidir ki, “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə, Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Bəhs olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Dövlət başçısı bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın siyasətinə verdiyi dəstək kimi qiymətləndirdi.
Əminliklə söyləmək olar ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddəti uğurlu olacaq. Bəhs olunan tədbirdə vurğulandığı kimi, ölkəmiz sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.
- Zirvə Görüşündə Ermənistanın işğalçı, terrorçu siyasətinin mahiyyəti və nəticələri, eləcə də Azərbaycan həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Eyni zamanda, Bakı Zirvə Görüşündə qəbul edilmiş yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə olundu. Bununla bağlı nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası çərçivəsində mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır, Ermənistanın işğalçılıq siyasəti, erməni yalanları, tarixi faktlar və bugünkü reallıqlar əsasında ifşa edilir. Dövlətimizin başçısı mötəbər beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdırır, ölkəmizin milli maraqlarını qətiyyətlə və cəsarətlə müdafiə edir. Bəhs olunan Zirvə Görüşündə də Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı və xalqımıza qarşı digər kütləvi qətliamlar törətməsi, ölkəmizin ərazi bütövlüyünün pozulması konkret faktlar əsasında nəzərə çatdırıldı. Əlbəttə, bu cür hallar informasiya müharibəsində Azərbaycanım Ermənistan üzərində aşkar üstünlüyünün daha da möhkəmlənməsinə, erməni lobbisinin təbliğat maşınının dezinformasıya siyasətinin neytrallaşdırılmasına xidmət edir.
Oktyabrın 26-da başa çatan Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olundu. Dünyada BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 tamhüquqlu üzv dövlət birləşən, özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizin növbəti mühüm diplomatik nailiyyətidir. Məlum olduğu kimi, bu zamana qədər İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Qoşulmama Hərəkatı da indiyə kimi qəbul olunmuş sənədlərində münaqişənin
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edib. Bütün bunlar, heç şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində apardığı ardıcıl və sistemli fəaliyyəti qanunauyğun nəticəsidir.
- Yeri gəlmişkən anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edən radikal müxalifət Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün əhəmiyyətini azaltmaq, bu mühüm beynəlxalq tədbirin üzərinə kölgə salmaq üçün həqiqətə uyğun olmayan fikirlər səsləndirir, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır...
- Antimilli və marginal qruplar növbəti dəfə Azərbaycan dövlətinin milli maraqlarına, xalqın mövqeyinə zidd mövqedən çıxış edirlər. Diqqət yetirsəniz, görərsiniz ki, işğalçı Ermənistan, erməni lobbisi və bir sıra anti-Azərbaycan dairələr bu tədbirlə əlaqədar qərəzli və neqativ məzmunlu informasiyalar dövriyyəyə buraxır, Azərbaycana qarşı "qara piar" kampaniyası aparırlar. Ölkəmizdəki "beşinci Kolon"un nümayəndələri də eyni tezisləri ifadə edir, bu isə bir daha radikal müxalifətin ermənipərəst qüvvələrlə sinxron hərəkət etdiyini göstərir.
Azərbaycanın beyməlxalq dialoq və əməkdaşlıq məkanı kimi mötəbər tədbirə ev sahibliyi etməsini, dünyanın diqqətinin Azərbaycanda olmasını, Ermənistanın işğalçılıq siyasətinin növbəti dəfə ifşa edilməsini, Zirvə Görüşündə ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunmasını tənqid obyektinə çevirməyin, bütün bu müsbət reallıqları neqativ məzmunda ictimai rəyə təqdim etməyin bir adı var: Azərbaycanın milli maraqlarına xəyanət və Ermənistanın mövqeyini müdafiə etmək. Bax budur radikal müxalifətin antimilli mahiyyəti!
Şübhəsiz ki, Azərbaycan xalqı dağıdıcı müxalifətin dövlətin maraqlarına, xalqın mənafeyinə zidd mövqeyini ciddi etirazla və hiddətlə qarşılayır.
Ümumiyyətlə, qanunsuz aksiya, mitinq çağırışları ilə ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa çalışan radikal düşərgənin məqsədi vətəndaşla dövlət arasında etimadsızlıq mühiti yaratmaq, Azərbaycanın müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaqdır. Lakin xalqdan dəstək almayan marginal qrupların bu cür əməlləri hər zaman iflasa məhkumdur, çünki Azərbaycan xalqı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir, ölkəmizin inkişafına və xalqımızın firavan gələcəyinə xidmət edən bu siyasətə alternativ görmür.