YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bu dövlət hamımızındır və onu qorumaq da hamının borcudur

Müsahibimiz Milli Məclisin deputatı Elşən Musayev

- Elşən müəllim, hazırda gündəmin  əsas müzakirə mövzularından biri xaricdə mühacir adı ilə fəaliyyət göstərən dairələrin ölkəmizə qarşı apardıqları şər-böhtan kampaniyası ilə bağıdır. Sizcə, bu çirkin kampaniyanın əsasında hansı amillər dayanır?

- İlk amil, ilk səbəb odur ki, Azərbaycanın uğurları bir çox qüvvələri qane etmir və bu uğurları qəbul etmək istəməyən, onu həzm edə bilməyən həmin xəbis xislətli qüvvələr öz daimi fəaliyyətlərindədirlər. Bu proses həmişə olub və indi də estafet davam edir. Azərbaycan inkişaf etdikcə, uğurlarımız artdıqca məlum düşmənlərin, bizi sevməyən qüvvələrin yönləndirdiyi proseslər də artan dinamika üzrə inkişaf edəcək. Hazırda mühacir adı ilə aldığı qrantların miqdarını çoxaltmağa çalışan, ölkədəki radikal stimulvericilərinə daha böyük həcmdə pul-para, pay-pürüş  göndərməyə səy göstərən anti-milli üsnsür komandası formalaşıb. Təbii, haralardansa da himayə olunurlar və proqramlı fəaliyyət göstərirlər. Son dərəcə çirkin kampaniyadır, amma nə təəssüf ki, həmin kampaniya vicdanını, ləyaqətini, şərəfini itirən insanlar tərəfindən ardıcıl mərhələlər üzərindən davam edir. Kənardan görünə bilər ki, bu hakimiyyətə, iqtidara qarşıdır. Xeyr! Bu birmənalı şəkildə dövlətə, dövlətçiliyə, azərbaycançılığa, mentalitetə qarşıdır. Həmin kütlənin dərdi xalq və dövlət deyil. Bu gün şər və iftira fəaliyyətini davam etdirən ünsürlərin xalqa və dövlətə azacıq da olsa aidiyyəti yoxdur. Sadəcə şəxsiyyət vəsiqələrində və pasportlarında azərbaycanlı sözü yazılıb. Vəssalam. Vidadi kimi tərbiyəsiz milliyətçi, xalq fədaisi ola bilərmi? Bu psixoz, narkoman dövlətin bu gününü, sabahını düşünə bilərmi? Əsla və əsla! Nə avantürist, nə söyüş ritorikasına köklənən, nə əslindən, nəslindən, kökündən, şəcərəsindən xəbəri olmayan varsa əlinə bir “nootbuk” alıb, internetə qoşulub, kanal açıb ölkəyə, ölkənin ləyaqətli insanlarına qarşı kənardan hədyan yağdırır. Biri adını bloqqer qoyub, biri veriliş aparıcısı, biri mühacir, biri məzlum. Absurddur. Hər mənada. Ən böyük absurd isə bu yaramazların hələ də məsuliyyətə cəlb edilməmələri, rahat formada  dolanmaları, gəzmələridir.

 Azərbaycan dövlətində hansısa əcnəbi öz ölkəsinin istənilən vətəndaşına qarşı belə informasiya terroru, mənəvi terror edə bilərmi? Bu mümkündürmü?  Əsla mümkün deyil. Dərhal tədbir görülər. Və nəinki Azərbaycanda, özünə, qanunlarına hörmət qoyan istənilən ölkədə. Demək ki, bizə demokratiyadan dərs keçmək həvəsinə düşən bəzi ölkələr ilk öncə öz qanunlarının aliliyini qorumalı, ilk öncə beynəlxalq hüququn ana prinsiplərini gözardına almamalı, Konvensiya tələblərinə hörmətlə yanaşmalı, ondan sonra uca səslə, bərkdən hansısa məhkəmə qərarlarının icra faizi haqqında müzakirələrə qoşulmalıdırlar, məruzəçi təyin etməlidirlər, demokratiya söhbətləri aparmalıdırlar. Görünən budur ki, Azərbaycan özü hazırda hamıya demokratiyadan dərs keçər. Ən azından bizə demokratiya haqqında uzun uzadı nağıllar danışanlara. Daha doğrusu belə bir eşqə düşənlərə.

- Narahatlıq doğuran bir məqam da mühacir müxalifətin xaricdəki müəyyən dairələrin maraqlarına xidmət etməsidir. Bu fakt nə dərəcədə təhlükəlidir?

- Müxalifət, daha dəqiqi radikal müxalifət öz ampluasındadır. Dəyişən bir şey yoxdur. Əgər Əli Kərimli adında siyasətçi  Vidadi İsgəndərlinin hərəkətlərinə dolayı yolla da olsa haqq qazandırırsa, bu yolu dəstəkləyirsə, Qənimətin dili, Natiqin ifası ilə təhqirin, söyüşün,  şərin, böhtanın ən yüksək həddini özünə prioritet seçirsə, bundan sonra heç nəyə təəccüblənmək lazım deyil. Xislətləri və mahiyyətləri budur. Təbii, qorxulu tendensiyadır. Belə riyakarların əlində imkan olsa ölkənin taleyini hərraca qoyub, onu keçi qiymətinə satarlar. Çünki daim sata-sata gəliblər. Düzdür, bəzən alıcıları olmayıb, amma həmişə satmağa nələrisə olub. Öz liderini satan adamın sata bilməyəcəyi heç nə yoxdur. Bu aksiomdur! Əli Kərimli və onun tayları həmin kateqoriyadandır.

- Ölkəmizin daxilindəki “beşinci kolon”un nümayəndələri də mühacir müxalifəti ilə sinxron fəaliyyət göstərir. Bu fakt onların eyni mərkəzdən idarə olunduğunu göstərirmi?

- Onlar eyni komandadır. Nəinki sinxrondurlar, hətta bir can, bir qan, bir gendəndirlər. Üstəlik, ümumi maraqları üçün bütün mental dəyərlərdən, əsl həqiqətlərdən, gerçəklikdən uzaq durublar. Durmağa hazırdırlar! Təsəvvür edin, o gün Qənimətin verlişində Elçibəy açıq şəkildə təhqir olundu. Biz  Elçibəyin müdafiəsinə qalxdıq, amma Kərimli qalxmadı, Qənimət cınqırığını da çıxarmadı. Niyə? Bəs Elçibəy axı sizin atanız, müəlliminiz, rəhbəriniz idi? Deyim niyə. Çünki indiki mərhələdə Əli Kərimliyə  və onun silahdaşlarına hansısa başqa yaramaz ilə konflikt sərf eləmir. Bir daha qeyd edirəm: ümumi maraqlar var. Ona görə. Elə bir hala, vəziyyətə gəliblər ki, Leyla Yunus, Xədicə İsmayıl, Sevinc Osmanqızı bunların ideoloqlarına çevriliblər. “5-ci kolon”un nə ünsürü varsa onların beynindən, düşüncələrindən qidalanırlar. Hələ baxarsız, bir azdan internetdəki verilişlərinə Əlikramı-fılan da çıxaracaqlar. Bəli, bu millətə, dövlətə düşmən olan kim varsa bunların dostudur. Yəni, məlum qüvvənin dost qəbul etmə yaradıcılığında ana xətt budur. Baxmayaraq ki, hər gün ifşa olunurlar, həm də faktlarla ifşa olunurlar – yenə dayanmırlar. Çünki, yaramazlığın dayanacağı, durma yeri, əyləc basma nöqtəsi yoxdur, olmur. Çünki yaramazlıq abstrakt anlayışdır. Çünki yaramazın həyat kredosu, fəlsəfəsi tükənməyən və qəbrə qədər davam edən pisliklərin məcmusundan ibarətdir.

- Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyinə qarşı ölkəmizdəki siyasi partiyaların və vətəndaş cəmiyyətinin həmrəyliyi nə qədər vacibdir?

- Bu fəaliyyət labüddür və var. Amma söhbət aparılan insanlar elə sadəcə partiya sədridir deyə masaya dəvət olunmamalıdır. O gün dəyirmi masada müxalifət funksionerinin dilindən gördünüzmü hansı fikir səsləndi? Demə,“üsyan hüququ” varmış, amma bizim xəbərimiz yoxmuş. Belə adamlarla nə müzakirə, hansı müzakirə aparmaq olar? Təbii, radikal deyil, konstruktiv müxalifət qanadında bizimlə müəyyən məsələlərdə fərqli düşünən, fəqət millətçil, dövlətcil olan insanlar var. Qüdrət Həsənquliyev də müxalifətdir, düşüncəsini açıq şəkildə dilə gətirən adamdır, bir çox məsələlərdə iqtidarla eyni fəlsəfəni bölüşmür. Amma ləyaqəti, şərəfi, mənliyi həmişə üstündədir, əsl dövlət cəfakeşidir, əsl kişi obrazına sahibdir. Masada belə ləyaqətli müxalifətlə üzbəüz oturmaq lazımdır, polemika, müzakirə onlarla aparılmalıdır. Ayrıca, çox doğru buyurdunuz ki, vətəndaş cəmiyyətinin də bu istiqamətdə böyük hərəkətliliyinə ehtiyac var. Bu fikirlə iki əlli razıyam. Çünki hazırda siyasi kontingentlə bərabər ictimai yük daşiyan insanların da sayı olduqca çoxdur. Mən sizə tam səmimi deyim ki, sosial şəbəkələrdə, cəmiyyətdə öz sözünu, əsas da doğru sözü söyləyən insanların böyük əksəriyyəti məhz ictimai fəallardır. Onların içində vətənpərvər, millətini sevən insanların sayı yetərincədir. Yəni, sözümün canı budur ki, fərq etməz kim hansı cəbhədədir, dövlət marağını şəxsi maraqlardan üstün tutan hər kəsi mövzu ətrafında birləşdirmək və xaricdə ölkəmizə qarşı planlanan məkrli ssenarilərə qarşı səfərbər etmək  lazımdır. Bu dövlət hamımızındır. Onu qorumaq da hamının borcudur.