MÜSAHİBƏLƏR
Cəmiyyətimiz xaricdəki “mühacirlər”in əsl simasını görür
- Nəriman müəllim, ölkəmizdə davamlı olaraq həyata keçirilən islahatlar yeni inkişaf perspektivlərinə necə təsir edir?
- Ümumiyyətlə, Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Ölkəmizdə prioritet sahələrin üstün inkişafının təmin edilməsinə hesablanan islahatlar həyata keçirilərkən mütləq qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınır, eyni zamanda, mövcud daxili potensial və cəmiyyətin sosial sifarişləri əsas götürülür. Belə bir rasional vəhdətin təmin edilməsi öz növbəsində islahatların uğurla həyata keçirilməsini və bunun nəticəsi olaraq respublikamızın bütün istiqamətlərdə böyük uğurlara imza atmasını şərtləndirir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev son 16 ildə ölkəmizdə islahatlar kursunu daha da dərinləşdirib. 2003-cü ildən bəri Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin inkişafının ardıcıllığını təmin etmək, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini gücləndirmək məqsədilə yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir.
Bilirsiniz ki, hazırda Azərbaycan dünyada dinamik inkişaf edən və yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyata malikdir. Son 16 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox artıb ki, bu da dünya üzrə yüksək göstəricidir. Əlamətdar haldır ki, son illərdə milli iqtisadiyyatımızda neftdənkənar sektorun xüsusi çəkisi getdikcə artır. Hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb.
- Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr son vaxtlar yenə də fəallaşıblar. Bu qüvvələrin apardıqları qarayaxma kampaniyası hansı məqsədlərə xidmət edir?
- Qeyd etdiyim kimi, Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Bu il ərzində Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Yəni bütün bu tədbirlər uzunmüddətli islahatlar paketinin tərkib hissəsidir. Təbii ki, bu reallıqlar anti-Azərbaycan dairələri narahat edir və həmin qüvvələr ölkəmizə qarşı xaricdəki “mühacir müxalifəti”ndən və "beşinci kalon"dan istifadə edirlər. Onların məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, qarşıya qoyulan hədəflərə çatmağa imkan verən tədbirlərin, islahatların və müsbət reallıqların üzərinə kölgə salmaqdır. Onlar, həmçinin müxtəlif ideoloji təxribatlar vasitəsilə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına çalışırlar. Amma bütün bu cəhdlər faydasız və nəticəsizdir. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkədə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqlar rəğmən ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlət başçısına, Onun siyasətinə böyük inamını ifadə edirlər. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır.
- Ermənipərəst dairələrin sifarişlərini yerinə yetirən xaricdəki anti-milli ünsürlər Azərbaycan xalqına və dövlətinə qarşı təhqir kampaniyası aparırlar. Onların vasitəsilə maraqlı dairələr ölkəmizdəki siyasi proseslərə müdaxilə etməyə cəhd göstərirlər. Bununla bağlı fikirləriniz nədən ibərətdir?
- Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi ümumbəşəri və mütərəqqi ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə fərqlənir. Digər tərəfdən, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdəndir. Təəssüf ki, milli maraqlara zidd mövqe tutan, ermənilərin maraqlarının müdafiəçisinə çevrilmiş anti-milli ünsürlər Azərbaycan xalqını, onun milli-mənəvi dəyərlərini hədəfə alırlar, təhqir kampaniyası aparırlar. Onlar Azərbaycan xalqının milli xüsusiyyətlərinə qarşı təhqiramiz fikirlər səsləndirməklə əsl simalarını ortaya qoymuş olurlar. Şübhəsiz ki, anti-Azərbaycan dairələrin alətinə çevrilmiş bu ünsürlərin təhqir kampaniyası cəmiyyətdə böyük hiddət və narazılıqla qarşılanır. Cəmiyyət nümayəndələri bu cür kampaniyaların məhz ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirildiyini bilir, "sapı özümüzdən olan baltalar"ın çirkin əməllərinin yolverilməz olduğunu qətiyyətlə ifadə edir.
Əlbəttə ki, həmin “mühacirlər” xaricdəki dairələrdən maliyyə dəstəyi alır. Ona görə də, onların sifarişlərini yerinə yetirməyə məhkumdurlar. Cəmiyyətimiz bu adamların əsl simasını görür. Bu səbəbdən də, onların hər hansı təxribatçı çağırışları rədd edilir və bundan sonra da belə olmalıdır.