YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizdə aparılan islahatlar bütövlükdə iqtisadiyyatımızı dinamik, texnoloji və innovativ edəcək

Müsahibimiz Milli Məclisin deputatı Tahir Mirkişili

- Tahir müəllim, məlum olduğu kimi sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 250 manata çatdırılıb. Sizcə, bu artım əhalinin rifah halına necə təsir göstərəcək?

- Minimum əməkhaqqının səviyyəsinin çox ciddi iqtisadi və sosial funksiyası var. Minimum əməkhaqqının artırılması cəmiyyətdə davamlı olaraq maddi rifah halının yaxşılaşmasına, əməyə verilən qiymətin artmasına, əmək məhsuldarlığının yüksəlməsinə, işçilərin ixtisaslarına olan tələbin artmasına səbəb olur. Azərbaycanda 2019-cu ildə minimum əməkhaqqının 130 manatdan 250 manata qədər, yəni təqribən 2 dəfə artması çox ciddi iqtisadi və sosial hədəflərdən xəbər verir.

İlk öncə onu deyim ki, minimum əməkhaqqının bu dərəcədə kəskin artımı üçün iqtisadi potensial olmalıdır ki, bu artımı maliyyəşdirmək mümkün olsun. Digər tərəfdən, tənzimləmə mexanizmləri təkmil olmalıdır ki, artım kəskin inflyasiyaya səbəb olmasın. Prezident İlham Əliyev tərəfindən aparılan islahalatlar nəticəsində iqtisadiyyatın şəffaflaşması bu artımı artan büdcə gəlirləri hesabına maliyyəşdirməklə etibarlı maliyyə mənbəyi ilə təmin etdi. Digər tərəfdən, inflyasiyanın 2.5% olması artımın real dəyərinin qorununb saxlanmasının göstəricisidir. 2019-cu ilin 6 ayının iqtisadi yekunları, əhalinin gəlirlərini 6.6% artması bu prosesin davamlı olacağını deməyə əsas verir. Eyni zamanda, minimum əməkhaqqının artması orta aylıq əməkhaqqının da artmasına təsir görtərir ki, bu proses artıq başlayıb. Düşünürəm ki, 2019-cu ilin yekun göztəriciləri əhalinin real gəlirlərinin daha çox artmasını göstərəcək.

- Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu prosesin hazırki səviyyəsi haqqında nə deyə bilərsiniz?

- 2019-cu ilin 6 ayının iqtisadi göstəriciləri qeyri-neft sektorunda əhəmiyyətli kəmiyyət və keyfiyyət göstəricilərinin əldə edildiyini deməyə əsas verir. Həcm cəhətdən qeyri-neft sektorunun ümumi artımının Ümumi Daxili Məhsulun artımını üstələməsi, qeyri-neft sənayesinin 15.7%, kənd təsərrüfatı istehsalının isə rekord 13% artması bu sahələrdə görülən işlərin mühüm nəticələridir. Qeyri-neft ixracımızın da 15% artması bu prosesin kompleks hal aldığı və həm də miqyas effektindən qaynaqlandığı anlamına gəlir.

Digər tərəfdən, vergi yığımında qeyri-neft sektorunu payının 70%-ə çatması bu sektorun iqtisadi faəliyyətdə aparıcı rol oynaması deməkdir. Gəlirlərin bölgüsünün əsas güzgüsü olan vergi yığma sistemində qeyri-neft sektorunun aparıcı rolu bu sektorun həm də sosial sahələrin inkişafında artıq həlledici rolundan xəbər verir. Digər tərəfdən, ölkə iqtisadiyyatına investisiyaların da əsas hissəsinin qeyri-neft sektoruna qoyulması, insan kapitalının inkişafı və bu kapitalın da əsasən qeyri-neft sektorunun inkişafına yönəldilməsi bu sahənin inkişafına davamlı və sürətli etməkdədir.

- Qarşıda duran vəzifələrdən biri də ölkəmizin ixrac potensialının artırılmasıdır. Azərbaycan məhsullarının mövcud ixrac səviyyəsi və daha hansı sahələrdə ixrac potensialının artırılmasının mümkünlüyü haqqında fikirlərinizi bilmək istərdik...

- Azərbaycanın ixrac potensialının artırılması və ixracın reallaşması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bir tərəfdən ixrac potensialının artırılması üçün sənaye istehsalı artırılır, sənaye parkları artıq öz bəhrəsini verir, kənd təsərrüfatı istehsalı artır, emal sənayesi inkişaf etdirilir. Turizm xidmətlərinin inkişafı üçün regionlarda əhəmiyyətli tədbirlər həyata keçirilir. Bütün bu layihələr ixrac potensialını artırır və ixracetmə üçün məhsul yaradır. Digər tərəfdən, yeni ixrac bazarları əldə etmək və ənənəvi bazarları genişləndirmək üçün həm dövlət tərəfindən, həm də sahibkarların özləri tərəfindən müxtəlif səylər və tədbirlər həyata keçirilir. Məhz bu tədbirlərin nəticəsində 2019-cu ilin 6 ayı ərzində qeyri-neft ixracımız 15% artmışdır.

Ancaq ixrac bazarlarının genişləndirilməsi həm də ciddi rəqabətlə üzləşmək deməkdir. Dövlətin əsas dəstək funksiyası sahibkarlar üçün xarici bazarlarda inzibati maneələrin aradan qaldırılmasına nail olmaq və onlar üçün bazara daxil olmanı asanlaşdırmaq və marketinq fəaliyyətinə dəstək verməkdir. Amma xarici bazarlarda rəqabət aparmaq ixraçatçıların əsas funksiyası olmalıdır. Bunun üçün isə daxili istehsalda texnologiyaların və innovasiyaların tətbiqini genişləndirmək, əmək məhsuldarlığını artırmaq və pro aktiv marketinq fəaliyyəti aparmaq lazımdır. Düşünürəm ki, ölkəmizdə aparılan islahatlar bütövlükdə iqtisadiyyatımızı dinamik, texnoloji və innovativ edəcəkdir.