YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

“Yay məktəbləri” Yeni Azərbaycan Partiyasının gənclər üçün ən uğurlu layihələrindən biridir

Müsahibimiz YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov

- Seymur müəllim, məlum olduğu kimi Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Gənc liderlərin yay məktəbləri” layihəsinə start verilib. Layihənin əhəmiyyəti nədən ibarətdir?

- Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumiyyətlə ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bildirib ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır. Bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Hər bir xalqın inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı məhz intellektual kadrların yetişdirilməsindən, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən asılıdır.

Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edib.

YAP-ın gənclərlə bağlı ən uğurlu layihələrindən olan və 2007-ci ildən başlayan yay məktəblərini xüsusi qeyd etmək olar. Bu layihənin əsas məqsədi gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Artıq bu gündən layihə başlayıb və yay məktəbləri Oğuz və Lerik rayonlarında təşkil olunub. Layihədə Bakı şəhəri ilə yanaşı bölgələrin də gəncləri iştirak edirlər. Layihədə iştirak edən gəncləri YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri  Siyavuş Novruzov qəbul edib, öz tövsiyyələrini verib. Qeyd edim ki, layihə mərhələlərlə davam edəcək.

 - Budəfəki “Yay məktəbləri” çərçivəsində hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?

- Yeni Azərbaycan Partiyasının “Gənc liderlərin yay məktəbləri” ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olan bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır.  Layihənin məqsədlərindən biri də  gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir. “Yay məktəbləri” gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Partiya gənc fəalların ictimai-siyasi aktivliyini artırmaq və gənclərin geniş fəaliyyətini təmin etmək üçün bütün imkanlardan istifadə edir, hər bir gəncin yaradıcı potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət ayırır.

YAP-ın üzvlərinin 40 faizini gənclərin təşkil etməsi onların bird aha siyasi və ictimai fəallığının göstəricisidir.  “Yay məktəbləri” bunun ən əyani təzahürlərindən biri olmaqla YAP-çı gənclərin cəmiyyətdə nə qədəd aktiv olduğunu göstərir.
Bu tədbirlər çərçivəsində müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil edilir. Layihə çərçivəsində gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Keçirilən seminarlarda, təlimlərdə gündəmə çıxarılan mövzular ətrafında çıxışlar, müzakirələr gənclərə daha dolğun məlumatlar əldə etmələrinə şərait yaradır. Layihə həm də, gənclərin keçirilən müzakirələr, diskussiyalar zamanı əsl liderliyi, idarəetməni, birliyi və yeniləşməni mənimsəməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Nəzərdə tutulmuş proqrama uyğun olaraq layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar veriləcək,  eləcə də, region gəncləri ilə görüşləri təşkil olunacaq, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər keçiriləcək. Bir sözlə, yay məktəbləri gənclərin ictimai fəallığının yüksəlməsində daha bir mühüm addım hesab oluna bilər.

- Ümumiyyətlə, ölkəmizdə gənclərin ictimai-siyasi proseslərdə rolunun artırılması ilə bağlı həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Gənclər Azərbaycanın gələcəyidir, onlar inkişafın və modernləşmənin önündə gedirlər. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütünları deməkdir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.

 Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Hər il olduğu kimi, ötən ildə də gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.