YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi mühüm hadisədir

Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva

- Jalə xanım, iyunun 30-da Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işinə başlayıb. Sizcə, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?

- Bildiyiniz kimi, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.

Bilirsiniz ki, sessiyanın açılış mərasimində respublikamızın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyeva iştirak edib. Mötəbər tədbirdə çıxış edən Mehriban xanım Əliyeva ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu deyib və ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını söyləyib. Mehriban xanım diqqətə çatdırıb ki, son 5 ildə ölkəmizdə 40 tarixi abidə bərpa edilib və yenidən qurulub. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmiləri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənətinin də bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub.

- Ümumiyyətlə, Azərbaycan-UNESKO əməkdaşlığının hazırki səviyyəsi  haqqında nə deyə bilərsiniz?

-Təbii ki, beynəlxalq təşkilatlarla əlaqələr hər bir ölkə, o cümlədən Azərbaycan  üçün çox əhəmiyyətlidir. Müasir dövrdə  dövlətlərarası əlaqələr o dərəcədə inkişaf edib ki, fəaliyyətin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan,  mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq ayrıca əhəmiyyət daşıyır. Bu səbəbdəndir ki, müxtəlif müstəqil dövlətlər BMT-nin ixtisaslaşmış qurumlarından biri olan UNESKO ilə əlaqələrə xüsusi önəm verirlər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan-UNESKO əlaqələri tamamilə yeni dinamika aldı. Tərəflər arasında əməkdaşlıq UNESKO-nun himayə etdiyi bütün istiqamətlər üzrə sürətlə inkişaf etdi. Bu siyasəti hazırda Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Eyni zamanda, bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolu var.

Ümumiyyətlə, ölkəmiz BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatı olan UNESKO ilə əlaqələrə xüsusi önəm verir. Təşkilat  üzv ölkələrə bir sıra sahələr üzrə yardımlardan bəhrələnmək imkanı verir. O cümlədən, bu təşkilat təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsində, maddi-mədəni irsin qorunmasında əhəmiyyətli rol oynayır.

Lakin burada bir incə məqam da vardır. UNESKO fəal üzvlərlə əməkdaşlıqdan daha çox faydalana bilir. Yəni məsələ yalnız BMT-nin bu ixtisaslaşmış qurumunun yerinə yetirdiyi missiyada deyil. Başlıca şərt üzv dövlətin fəal iştirakı və xoşməramlı mövqe tutması ilə bağlıdır. Bu aspektdə heç də bütün üzvlər eyni qiymətləndirilmir. Azərbaycan isə bu istiqamətdə də digərlərindən müsbət mənada fərqlənir.

Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Bu Fondun dəstəyi ilə milli mədəniyyətimizin qorunması və təbliği sahəsində böyük layihələr həyata keçirilib. Bunlara muğam müsabiqələri, uşaq musiqi festivalları, caz festivalı və digər mədəni tədbirlər aiddir. Yəni Mehriban xanım Əliyeva Azərbaycan-UNESKO əlaqələrini düşünülmüş kurs üzrə, ardıcıl və davamlı olaraq inkişaf etdirib. Bu proses indi də uğurla davam edir və ölkəmiz bundan böyük faydalar götürür. Mədəniyyətimiz dünyanın bütün ölkələrində artıq tanınır.

2004-cü ildə yaradılan Heydər Əliyev Fondu da illərdir ki, çoxşaxəli və geniş fəaliyyəti ilə dünyada böyük maraq doğurur. Mütəmadi olaraq Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası ilə bağlı layihələr reallaşdıran Fond dövlətçiliyin möhkəmlənməsi və mədəniyyətin təbliği sahəsində olduqca əhəmiyyətli missiya yerinə yetirir. Heydər Əliyev Fondu məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının, elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində də kifayət qədər fəaldır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıdan proqramların reallaşdırılması UNESKO ilə əməkdaşlığın çox mühüm aspektini təşkil etməkdədir.

Mehriban xanım Əliyeva  mədəniyyətlərarası əlaqələrin inkişafında, ölkəmizin zəngin mədəniyyətinin qorunması, müxtəlif mədəniyyət nümunələrinin öyrənilməsi sahəsində göstərdiyi xidmətlərinə görə 2004-cü il avqustun 13-də UNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu hadisə sadəcə böyük xidmətləri olan bir şəxsiyyətin layiq olduğu qiyməti alması deyildi, həm də Azərbaycan-UNESKO əlaqələrində inkişafın yeni mərhələsinin təsdiqi idi. Çünki Mehriban xanım Əliyeva sistemli, konseptual və düşünülmüş fəaliyyəti ilə Azərbaycanla UNESKO-nun əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldə bildi.

Bütövlükdə, tərəflər arasında əməkdaşlıq daha sistemli olmaqla yanaşı, əhatə dairəsi də genişlənir. Artıq Azərbaycan dünyanın istənilən regionunda təşkil edilə biləcək tədbirlərin təşəbbüskarı ola bilir. Bu mənada UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının da ölkəmizdə keçirilməsi mühüm hadisədir.

- Azərbaycanın bir çox mədəni irs nümunələri işğalçı Ermənistan tərəfindən dağıdılıb. Bu məsələ ilə bağlı Azərbaycan UNESKO çərçivəsində hansı addımları atır?

- Ermənistan işğal olunmuş ərazilərimzidə yerləşən tarixi-mədəni abidələrimizə qarşı vandalizm həyata keçirib. Əlbəttə ki, Azərbaycan dövləti bu faktın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparır. Bu baxımdan, UNESKO mühüm beynəlxalq tribunadır.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının  açılış mərasimində də Mehriban xanım Əliyeva çıxışı zamanı Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını vurğulayıb.

Ölkəmiz təşkilat qarşısında hər zaman bu məsələni qaldırır və lazımı faktları təqdim edir. Lakin Ermənistan həmin əraizlərdə UNESKO-nun hər hansı monitorinqinin aparılmasını əngəlləyir. Bu da işğalçı dövlətin mahiyyətini bir daha ortaya qoyur. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti bundan sonra da işğalçı Ermənistanın əsl mahiyyətini dünyada ifşa etmək istiqamətində siyasətini davam etdirəcək.