MÜSAHİBƏLƏR
Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir
- Adil müəllim, məlum olduğu kimi hər il ölkəmizdə 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Sizcə, bütövlükdə ordu dövlət və cəmiyyət üçün nə deməkdir?
- Bəli , Ümummilli Lider Heydər Əliyev 22 may 1998-ci il sərəncamına əsasən əlahiddə Azərbaycan korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan olundu və bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur. Hər bir dövlət ilk öncə adıyla, bayrağıyla tanınır. Bir dövlətin var olma səbəbi yaşam tarixidir ordu. Bayrağının qürurla yüksəklərdə dalğalanmasının, bir millətin milllət , xalq olaraq mövcudluğu, güvənc yeri, özünün bütün dünyaya isbatıdır ordu... Ordun varsa, Yurdun var! Ordu dövlətin, cəmiyyətin keşikçisidir. Hər bir dövlətin müqəddəratı xalqın taleyi ordusundan asılıdır. Ordu öz dövlətini,xalqını qoruyan bir ana timsalıdır.
- Nəzərə alsaq ki, torpaqlarımızın böyük bir hissəsi işğal altındadır, onda Silahlı Qüvvələrimizin üzərinə böyük bir məsuliyyət düşür. Necə hesab edirsiniz, ordumuzun döyüş hazırlığı hansı səviyyədədir?
- Azərbaycan Silahlı Qüvvələri “Dünyanın ən güclü ordusu” reytinqində 58-ci yerdədir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu hər bir hava və hava hücumunda müdafiə, hərbi dəniz və quru qoşunlarından ibarətdir. Ordumuz potensial düşmənlə hər zaman mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələr sırasındadır.
- İşğalçı Ermənistan tərəfindən vaxtaşırı olaraq cəbhə xəttində təxribatlar törədilir. Və işğalçı ordunun rəhbərliyi bəzi iddialarla çıxış edirlər. Sizcə, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirə bilərmi?
- Stokholm beynəlxalq sülh araşdırmaları institutunun hesabatına görə 2012-ci ildə dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub. 2018-ci ildə dövlət büdcəsində müdafiə xərcləri ücün 2.739 milyard manat ayrılıb. Azərbaycan müdafiə xərcləri Ermənistandan təxminən 4 dəfə artıqdır. Azərbaycan ordusunun sayı 374500 nəfər vətəni uğrunda canından belə keçəcək vətənpərvər əsgərdən ibarətdir. Bu ordunun və malik olduğu texnikanın qarşısında erməni ordusu dura bilərmi?! Və gəlin unutmayaq ki işğalçı bir dövlətin ordusu nə qədər güclü olsa belə məğlubiyyətə duçardır. İşğalçı dövlətin havadarları güclü olsa da ordusu ruhən qorxaq olur.
- Ordumuzun NATO standartlarına uyğunlaşdırılması məsələsi də daim cəmiyyətin diqqət mərkəzində olub. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək olar?
- Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarna malikdir. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin göstərdiyi qayğı nəticəsində vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu gündən günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Azərbaycan beynəlxalq aləmdə NATO standartlarına uyğunlaşmış modern ordusu ilə diqqət çəkir. Azərbaycan hərbçiləri NATO-nun “SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma kurslarında içtirak edir. Azərbaycanın NATO ilə əlaqələri “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir. Bu ordu quruculuğumuzda növbəti nailiyyətimiz deməkdir.
- Adil müəllim, Milli Məclis tərəfindən hərbi qanunvericilik zərurət olduqca təkmilləşdirilir. Bu mənada bu sahədə qanunvericilik bazasını necə qiymətləndirirsiniz?
- Milli Məclis tərəfindən hərbi qanunvericilyin təkmilləşdirilməsi təqdir olunası haldır. Bildiyimiz kimi hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, digər normativ aktlardan və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bu gün ordumuzun sıralarında xidmət edən gənclər konstitusiyamızdan irəli gələn tələbləri yetirincə dərk edərək vətənimizə layiqincə xidmət edirlər. Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və onları vicdanla yerinə yetirməlidir. Bütövlükdə, Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir.