MÜSAHİBƏLƏR
Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir
- Tahir müəllim, mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı olan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki yeri və rolu nədən ibarətdir?
- Bildiyiniz kimi, hər il olduğu kimi bu ildə də xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, əbədi olaraq ümumxalq sevgisini qazanmış ulu öndər Heydər Əliyevin anadan olasının 96-cı ildönümü təntənə ilə qeyd edilir.
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.
Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-dən 1982-ci il noyabrın 22-də SovİKP Siyasi Büronun üzvü, həmin ayın 24-də SSRİ Nazirlər Soveti sədrinin I müavini seçilənə qədər, Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Məhz Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan bu illər ərzində sürətlə və hərtərəfli inkişaf edərək keçmiş İttifaqın öncül respublikalarından birinə çevrilmişdir. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində iqtisadi və sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir 2,5 dəfə artdı. Respublikamızda bütün sahələrin - sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı, elm tutumlu istehsal sahələrinin yaradılması məhz Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti ilə təmin olunmuş, intellektual, elmi-texniki və iqtisadi potensialı ciddi dərəcədə yüksəlmişdi. 60-cı illərə qədər sənaye malları asılılığı ilə üzləşən Azərbaycan artıq 70-ci illərdə dünyanın 65 ölkəsinə 350 adda müxtəlif növ məhsul ixrac edən ölkəyə çevrilmişdi. Azərbaycan həmin illərdə neft, qaz avadanlıqları istehsalına görə dünyada ABŞ-dan sonra ikinci ən güclü ölkə idi. Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə azərbaycanlı milli kadrların hazırlanması işinə də xüsusi diqqət yetirirdi. Məhz onun təşəbbüsünün nəticəsi idi ki, azərbaycanlı gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. Təkcə onu deyim ki, 1969-1982-ci illərdə 10 mindən çox azərbaycanlı gənc Rusiya, Ukrayna və digər ölkələrin tanınmış ali məktəblərində təhsil alaraq respublikaya qayıtmış, Azərbaycanın inkişafına xidmət göstərmişdi və bu gün də göstərirlər.
Bir sözlə Ümummilli lider sözün əsl mənasında Ən Böyük Azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.
- Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin etdi. Bu barədə fikirlərinizi bildirməyinizi xahiş edirik.
- Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Böyük idarəçilik təcrübəsinə malik ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib.
- Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Bu tarixi hadisə və partiyanın ötən müddət ərzində keçdiyi zəngin, şərəfli inkişaf yolu barədə nə deyə bilərsiniz?
Qəbul edilmiş təcrübə göstərir ki, tarixin olduqca vacib, həlledici məqamlarında ictimai-siyasi təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli mümkün deyildir. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi gerçəklikdən qaynaqlandı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan bəzi siyasətbazların səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir həlledici zamanda cəmiyyətin sağlam qüvvələrinin diqqəti Naxçıvana yönəlmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün zümrələrini əhatə edirdi. Xüsusilə ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu gözəl bilirdilər. Belə bir məqamda, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.
Bu gün mübaliğəsiz deyə bilərəm ki, 1993-cü ildən indiyədək YAP bütün seçkilərdə böyük qələbələr qazanıb. Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi məktəbinin ən əsas sütunudur və ən böyük təsirə malik olan siyasi qüvvədir. Partiyanın keçdiyi 27 ilə yaxın şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi və bu yola sadiqliyini hər bir fəaliyyəti ilə təsdiq etdi. Ötən illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlətimizin başçısı İlham Əliyevin növbəti seçkilərdə də parlaq qələbəsini təmin etdi. Hər bir vədini əməli işi ilə təsdiqləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını həyata keçirilən siyasətin önündə saxlayır. Uğurların davamlılığını təmin etmək üçün atılan biri-birindən əhəmiyyətli addımlar da bunu hər gün təsdiq edir.
- Müstəqilliyin ilk illərində xaos və anarxiya məkanına çevrilən Azərbaycanın xarici əlaqələri də arzuolunmaz vəziyyətdə idi. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycanda beynəlxalq müstəvidə söz və nüfuz sahibinə çevrildi, etibarlı tərəfdaş kimi tanınmağa başladı. Bu amilin Azərbaycanın inkişafında və beynəlxalq mövqeyinin möhkəmlənməsində əhəmiyyəti nədir?
İctimaiyyətə yaxşı məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyini bərpa edərək bazar iqtisadiyyatı istiqamətində ilk addımlarını atan Azərbaycan Respublikası böyük iqtisadi və siyasi çətinliklərlə rastlaşmışdır. 1989-cu ildən başlamış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşmişdir. Əgər 1989-1991-ci illərdə ümumi daxili məhsul istehsalı hər il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı üç il ərzində azalmanın sürəti 3,8 dəfə artmışdır. 1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə az sənaye və kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Ölkənin belə bir çətin vəziyyətdən çıxarılmasında və Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Yəni, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosial yönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başlamışdır.
Ölkənin sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı görülmüş ən əsas işlərdən biri və bu gün nəinki Azərbaycanda, eləcə də dünyada neft strategiyasının və siyasətinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. İlk dəfə 8 ölkəni əhatə edən bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru sürətlə inkişaf etdirilmiş, ölkəyə daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə nail olunmuşdur.
İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirilmişdir.
Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atılmışdır. Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edilmiş, qanunvericilik bazası yaradılmışdır. İqtisadi sferada dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi məqsədilə ciddi tədbirlər görülmüş, bu sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır.
1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan vermişdir. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.
“Əsrin müqaviləsi” üzrə müvəffəqiyyətlə həyata keçirilmiş işlərdən sonra 1997-ci ilin noyabrında “Çıraq” yatağının ilk quyusundan, sonrakı illərdə “Mərkəzi Azəri” yatağından neft, “Şahdəniz” və “Günəşli” yataqlarından qaz hasil olunmuş, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməri istismara verilmiş və ölkəmiz neftlə yanaşı, qazın da ixracatçısına çevrilmişdir. Bunlarla yanaşı, elektroenergetika sahəsinin də inkişafı ilə bağlı icra olunmuş nəhəng layihələr nəticəsində Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı tərəfdaşa çevrilmişdir.
Məhz görülmüş tədbirlər nəticəsində iqtisadi inkişafın ümumiləşdirici göstəricisi olan Ümumi Daxili Məhsul istehsalında yüksəlişə nail olunmuşdur. Artıq bu günün reallıqları sübut edir ki, ulu öndər Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir, bəhərini qədirbilən xalqımız daim yüksək qiymətlənirir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər biri-birinə təkan verməklə, vahid bir prosesə çevrilir.
- Əminliklə söyləmək olar ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi islahatlar konsepsiyası yeni mərhələdə Azərbaycanın inkişafını şərtləndirən əsas faktordur. Bununla bağlı fikirləriniz nədən ibarətdir?
Heydər Əliyev həyatı böyu qurucusu olduğu Azərbaycanın tarixi məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin ictimai həyatında və dövlət quruculuğu sahəsində xalıqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü islahatlar nəticəsində dövlətimiz beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrilmişdir.
Ulu Öndər Azərbaycan Respublikasının gələcək inkişafını demokratik və dünyəvi dəyərlərə söykənən sistemlər üzərində qurmuşdur. Müdrik rəhbərimiz müstəqilliyin ilk illərində respublikamızın milli iqtisadiyyatını səmərəli iqtisadi sistem əsasında, habelə xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabət prinsipləri üzərində qərarlaşdırmaq və inkişaf etdirmək üçün strateji xəttini müəyyən etdi. Buna nail olmaq üçün isə hökumətdən ardıcıl və sistemli iqtisadi islahatlar proqramlarını işləyib hazırlamaq tələb olunurdu. İqtisadi islahat proqramlarının işlənməsi və həyata keçirilməsi prosesində nəzərə alınmalı ən vacib cəhət ondan ibarət idi ki, Azərbaycan vahid mərkəzləşdirilmiş iqtisadiyyatın tərkib hissəsi olan qapalı iqtisadi sistemdən tamamilə müstəqil və suveren dövlətin iqtisadiyyatına - milli iqtisadiyyata keçidi təmin etməli idi. Eyni zamanda, bu mərhələdə iqtisadiyyatın idarə olunması sahəsində hökm sürən inzibati-amirlik metodlarından öz-özünü tənzimləyən sərbəst bazar münasibətlərinə keçid məsələsi həll olunmalı idi.
Göründüyü kimi, Heydər Əliyevin strateji inkişaf kursunun real bəhrələrini hər bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi rifah halının günbəgün yaxşılaşmasında görür və ölkəmizin daha da inkişaf edəcəyinə qətiyyən şübhə etmir. Çünki bunun üçün möhkəm iqtisadi bazanı ümummilli liderimiz artıq yaradıb və davamlı sosial-iqtisadi inkişaf kursunun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə nikbinliklə baxmağa əsas verir. Azərbaycan xalqının dahi oğlunun pak əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyyətləri həmişə yaşayacaqdır.
- Dünyada güclü və nüfuzlu dövlət kimi tanınan, yüksək nüfuza və müsbət beynəlxalq reputasiyaya malik olan müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanır, yeni zirvələr fəth edir. Bugünkü reallıqları və perspektivi necə dəyərləndirirsiniz?
Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol və nüfuzunu artırır. Xalqımız bu siyasəti yüksək dəyərləndirir. Ölkəmizdə 11 aprel 2018-ci ildə keçirilən prezident seçkiləri dövlət-xalq birliyini, respublika əhalisinin böyük əksəriyyətinin Prezident İlham Əliyevə dərin inam və məhəbbət bəslədiyini bir daha təsdiq etdi. Xalqımız qətiyyətlə inanır və görür ki, ölkəmizin sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə bağlıdır. İqtidarla xalq arasında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib. Bütün bu uğurların əldə olunmasında Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin də xüsusi payı var. Azərbaycanın Birinci xanımı milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.
- Tahir müəllim, son olaraq YAP Siyasi Şurasının üzvü kimi gənc partiya üzvlərinə arzularınız, tövsiyələriniz?
- Əvvəla bildirim ki, gənclər bir millətin yaşaması, dövlətin inkişafı üçün təməl daşını təşkil edir. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdəndir. Yeni Azərbaycan Partiyasının və onun Gənclər Birliyinin - Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatındakı misilsiz rolu göz qabağındadır. Onu deyim ki, hər bir ölkədə dövlətçiliyin, süverenliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin daha etibarlı təminatı sağlam və intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsindən olduqca asılıdır. Bu baxımdan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf strategiyası öz bəhrəsini vermiş və bu strategiya nəticəsində dövlətimizin üçrəngli bayrağı bütün sahələr üzrə dünyanın ən ali beynəlxalq qurumlarında dalğalanır. Dünya miqyaslı siyasətçi Heydər Əliyevin məkəmməl dövləti fəaliyyəti və mənalı həyatı hər birimiz üçün müdriklik məbədidir. Arzu edirəm ki, partiyamızın gənc üzvləri və müasir gənclik dahi şəxsiyyətin zəngin irsindən və bəşəri ideyalarından bəhrələnib, müstəqil Azərbaycanın gələcəyi naminə Heydər Əliyev yoluna daim sadiq olsunlar.